HAQQIMIZDA

Yaranma tarixi

Azərbaycan Milli Elmlər Akademiyasında aparılan islahatlar çərçivəsində, elm sahəsində əldə edilən uğurların daha da artırılması, Azərbaycan elminin dünya elminə inteqrasiyasının genişlənməsi və elmlərarası əməkdaşlığın güclənməsi məqsədi ilə 27 fevral 2014-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin №8/19 saylı qərarı ilə AMEA İctimai Elmlər Bölməsinin tərkibində Elm Tarixi İnstitututunun yaradılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli 363 nömrəli “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarına müvafiq olaraq AMEA-nın strukturunda Elm Tarixi İnstitutu yaradılmış, 25 may 2016-cı il tarixli 8/3 saylı qərarı ilə isə AMEA-nın Elm Tarixi İnstitutunun strukturu təsdiq edilmişdir.

Əsas fəaliyyət istiqamətləri

  • Təbiət və dəqiqi elmlər tarixi
  • AMEA və elmi müəssisələrin tarixi
  • Elmin cəmiyyətdə təkamülü
  • Elmşünaslıq
  • Elm və texnikanın mənbəşünaslığı və tarixşünaslığı
  • Elm və texnikanın öyrənilməsinin yeni metodlarının inkişafı
  • Elmin populyarlaşdırılması

Əsas elmi nəticələr

Fəaliyyəti dövründə Elm Tarixi İnstitutunda həyata keçirilmiş böyük işlər və qazanılan elmi nailiyyətlər müəssisənin real elmi potensiala malik olduğunu təsdiqləyir. Belə ki, institutda iki respublika, bir beynəlxalq səviyyəli elmi konfrans, iki beynəlxalq və bir respublika səviyyəli elmi seminar keçirilmişdir. Öz növbəsində, institut əməkdaşları 30-dan çox beynəlxalq və lokal konfranslarda iştirak etmişlər. AMEA-nın Prezidenti akademik Akif Əlizadənin rəhbərlik etdiyi layihə çərçivəsində coğrafiya, kimya, fizika, biologiya və astronomiya elmi biliklərinin genezisinə və müasir durumuna həsr olunmuş oçerklərdən ibarət 5 kitab nəşr edilmiş, bundan başqa elm tarixinin müxtəlif məsələlərinə dair daha 25 kitab işıq üzü görmüşdür. AAK jurnallarında, SciVerse Scopus və Thomson Reuters biblioqrafik və referativ məlumatlar bazasına aid olan nəşrlərdə məqalələr, bundan başqa, “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda keçirilən I Beynəlxalq Elmi Konfransın tezisləri və elmi məqalələr toplusu dərc edilmişdir.