İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Elm Tarixi İnstitutunun qonağı olub

İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Elm Tarixi İnstitutunun qonağı olub

04 May 2022, 11:22 / Qonaqlar
İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) qonağı olub.
 
Görüşdə Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən ölkədə bir sıra silsilə tədbirlərin həyata keçirildiyini bildirib.
İnstitut direktoru Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və “Zəfər Qurultayı” adlanan tədbir haqqında, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə “Şuşa İli”nə töhfə olaraq Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı yeni kitab layihəsi barədə qonağa məlumat verib.
 
M.Seyidbəyli qeyd edib ki, nadir mənbələr, əlyazmalar və arxiv sənədləri əsasında tərtib olunan kitabda 1752-1920 və 1920-1991-ci illərə qədər Şuşada anadan olmuş, təhsil almış və fərqli səbəblərdən mühacirət etmiş görkəmli şəxslər haqqında məlumatlar əks olunub. Professor bildirib ki, Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Sovetlər Birliyinin dağılmasına qədər zaman aralığını əhatə edən kitab dövr haqqında özünəməxsus xarakterik xüsusiyyətləri əhatə edir.
 
Sonra İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Xuraman Ağasoy çıxış edərək Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətinin əhəmiyyətindən danışıb. Türkiyədə Azərbaycan diasporunun fəaliyyəti və perspektivləri barədə məlumat verən dərnək rəhbəri Şuşaya aparan "Zəfər yolu" boyunca keçirdiyi hisləri və düşüncələri bölüşüb və qısa zaman kəsiyində xeyli iş görüldüyünü deyib.
 
İstanbulda fəaliyyət göstərən Azərbaycan Dostluq Dərnəyinin orada yaşayan azərbaycanlıların bir qismini əhatə etdiyini qeyd edən X.Ağasoy həmvətənlərimizin müharibədən sonra Qarabağın, Şuşanın bərpası, insanların mənəvi reabilitasiyası ilə bağlı bütün tədbirləri diqqətlə izlədiyini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün öz səylərini əsirgəmədiyini bildirib.
 
Daha sonra İnstitutun əməkdaşları akademik Validə Əlizadə, elmi katib, dosent Zaur Əliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, dosent Ziyad Əmrahov, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və digərləri çıxış edərək Elm Tarixi İnstitutunda görülmüş işlər haqqında danışıblar.
 
Sonda qonağa tarixçi alim Ziyad Əmrahovun yenicə nəşr olunmuş “İrəvan quberniyasının tarixi” kitabı hədiyyə edilib.
 
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35