ETİ AMEA-nın nailiyyət sərgisində yeni layihələrini təqdim edib

ETİ AMEA-nın nailiyyət sərgisində yeni layihələrini təqdim edib

29 Aprel 2022, 11:38 / Tədbirlər
Aprelin 27-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. 2021-ci Hesabat ilinin yekun nəticələrinə həsr olunan iclasda AMEA İnstitutlarının illik fəaliyyətini əks etdirən ənənəvi sərgi də təşkil olunub.
 
Elm Tarixi İnstitutu (ETİ) da sərgidə 2021-ci ildə nəşr olunmuş yeni kitab layihələri və digər elmi nəticələri ilə iştirak edib. Sərgidə Elm Tarixi İnstitutunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci il Şuşa ili” sərəncamına əsasən hazırlanan “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri”, İnstututun direktoru professor Məryəm Seyidbəylinin müəllifi olduğu “Azərbaycanlı alim Nəsirəddin Tusinin əlyazma irsi”, “Akademiya-sənədlər külliyyatı: qərarlar, protokollar, yazışmalar (1920-1991-ci illər)” adlı 2 cildli nəşri, “Qarabağ tarixinin aktual problemləri” məqalələr toplusu, “Elm tarixi və elmşünaslıq” jurnalının “Nizami Gəncəvi ili” nə həsr olunmuş xüsusi buraxılışı, "Qondarma erməni soyqırımı ABŞ-Türkiyə münasibətlərində", “Qarabağ Zəfəri - Şuşa”, “İrəvan quberniyasının tarixi”, “Türk Söz ilə Kültür Varlığının İzində”, “XIII-XIV əsrlər Azərbaycanda elm və mədəniyyət (farsdilli mənbələr əsasında)”, “Hüquq elminin təşəkkülü, formalaşmasi və inkişafinin xüsusiyyətləri (tarix və müasirlik)” və ilə aid digər layihələri nümayiş etdirilib.
 
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak ediblər.
 
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35