Elm Tarixi İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan  tədbir keçirib

Elm Tarixi İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirib

10 May 2022, 15:05 / Tədbirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir keçirib.

 

Elm Tarixi İnstitutun Baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli qeyd edib ki, Heydər Əliyev bir dövlət başçısı kimi çox unikal bir şəxsiyyət olub, onun anandangəlmə istedadı və bacarığı siyasətdə lider kimi formalaşmasında böyük rol oynayıb.

 

Ümummilli liderin ikinci dəfə xalq tərəfindən respublika rəhbərliyinə dəvət edilməsi ərəfəsində baş  vermiş ictimai-siyasi prosesləri xarakterizə edən İnstitut direktoru bildirib ki, ölkə onun peşəkar idarəçiliyi sayəsində xaosdan qurtularaq müstəqil və sabit inkişaf yoluna qədəm qoyub. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə, nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirib, eləcə də bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoyub.

 

Ümummilli liderin Azərbaycan diasporasının yaradılmasındakı müstəsna xidmətlərindən danışan M.Seyidbəyli qeyd edib ki, məhz ilk dəfə 2001-ci il noyabrın 9-da Prezident Heydər Əliyevin xüsusi təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Məhz, onun dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolundakı xüsusi xidmətləri ilə Azərbaycan Diasporasının təşkilatlandırılmasının əsası qoyulub.

 

 

Azərbaycançılıq ideologiyasının dövlət tərəfindən dəstəklənməsi siyasətinin ulu öndərin adı ilə bağlı olduğunu qeyd edən alim bildirib ki, 1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan xalqının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid dövlətçilik ətrafında birləşdirilməsi nəticəsində ölkəmizdə ümummilli birlik təmin olunub və azərbaycançılıq müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilib.

 

Heydər Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti və bu siyasətin əsasında dayanan azərbaycançılıq ideyasının bu gün də cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayan M.Seyidbəyli, “gündən-günə inkişaf edən və modernləşən Azərbaycan Respublikası ulu öndərin əziz xatirəsinə ən böyük töhfədir”, – deyə fikrini tamamlayıb.

 

Sonra İnstitutun digər əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, Baş elmi işçi, hüquq üzrə elmlər doktoru, dosent Zaur Məmmədov və başqaları çıxış edərək ümummilli liderin çoxtərəfli fəaliyyəti barədə danışıblar.


Çıxışlarda ümummilli lider Heydər Əliyevin bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, incəsənətə, elmə yüksək qiymət və əhəmiyyət verdiyi, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınmasındakı mühüm rolu, Azərbaycan diasporasının təşkil edilməsi və inkişafı, Azərbaycan Xalq Cümhuriyyəti və onun irsinin araşdırılması, öyrənilməsi, eləcə də dövlət qayğısının göstərilməsindəki xüsusi əməyi və Azərbaycan tarixinin yenidən yazılmasındakı böyük xidmətləri və digər sahələrdə əldə edilən nailiyyətlər tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.

 

Qeyd olunub ki, Azərbaycanın bu gün yolunu istiqlal içərisində davam etdirməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə anılacaq.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35