Elm Tarixi İnstitutu  “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirib

Elm Tarixi İnstitutu “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirib

08 İyun 2022, 18:25 / Konfranslar, İclaslar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi Institutu (ETI) “Kulturologiya və insan kapitalı” mövzusunda elmi seminar keçirib.

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, akademik Validə Əlizadə, Akademiyanın Memarlıq və İncəsənət, Şərqşünaslıq İnstitutlarının, Azərbaycan Respublikası Təhsil İnstitutu, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları, Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət və İslam Universitetlərinin müəllim və tələbə heyəti, mədəniyyət işçiləri, müxtəlif Qeyri Hökümət Təşkilatı mənsubları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Elm Tarixi İnstitutunun Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq seminar mövzusunun aktuallığını qeyd edib Elm Tarixi İnstitutunda aparılmış tədqiqatların kulturologiya ilə bağlı aspektlərinə toxunan elmi müəssisə rəhbəri sahənin elm tarixinin profil istiqamətləri ilə nəzəri yaxınlığı haqda danışıb.

 

Sonra seminarın məruzəçisi “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı, tarix üzrə elmlər doktoru, professor Fuad Məmmədov “Kamilliyə aparan yol” mövzusunda çıxışını təqdim edib.

 

Çıxışında kulturologiyanın metodologiyası, tədqiqat obyektləri və yanaşma üsulları barədə ümumi məlumat verən professor qeyd edib ki, dünya sivilizasiya tarixinin müasir mərhələsində şəxsiyyət, cəmiyyət və dövlətin həyatında kulturologiyanın əhəmiyyəti dönmədən artır.

 

Alim, bildirib ki, insanın həyat fəaliyyətinin təkmilləşməsi, qloballaşmadan yaranan yeni tələblər, dövlət və cəmiyyətin inkişafı, yeni texnologiyalardan düzgün istifadə, şəxsiyyət və liderlərin hazırlanmasına olan ehtiyac siyasi, sosial-iqtisadi və beynəlxalq proseslərin sistemli kulturoloji təhlilinə xüsusi ehtiyac yaradıb. Kulturoloji tədqiqat, təhsil və maarifçilik olmadan balanslaşdırılmış siyasət və effektli dövlət idarəçiliyi, rəqabətli iqtisadiyyat və yüksək sosial etika, beynəlxalq münasibətlər və dünyada mədəniyyətin bərqərar olmasını təsəvvür etmək mümkün deyil, – deyə natiq fikirlərini tamamlayıb.

 

Maraqlı yanaşmalarla yadda qalan tədbir, iştirakçıların alimə ünvanladığı fərqli suallarla müzakirə formatında davam edib.

 

Sonda professor Məryəm Seyidbəyli maraqlı və əhatəli çıxışa görə Fuad Məmmədova Elm Tarixi İnstitutu adından xüsusi təşəkkürünü bildirib və alimə İnstitunun yeni nəşri olan “Azərbaycan tibb elminin tarixi” kitabını hədiyyə edib.

 

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,

elmtarixi.pr@gmail.com,

(012) 539 51 35,

051 446 44 76