ETİ-nin elmi işçisi Novruz Nuriyevin “Həsənəli xan Qaradaği” və “Həsən bəy Zərdabi” mövzusunda müsahibələri dərc olunub

ETİ-nin elmi işçisi Novruz Nuriyevin “Həsənəli xan Qaradaği” və “Həsən bəy Zərdabi” mövzusunda müsahibələri dərc olunub

07 Sentyabr 2022, 16:31 / Müsahibələr, çıxışlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmin nəzəri və metodoloji problemləri şöbəsinin elmi işçisi Novruz Nuriyevin “Бакинский рабочий” qəzetində “Həsənəli xan Qaradaği” və “Həsən bəy Zərdabi” mövzusunda müsahibələri dərc olunub.

 

Birinci mövzu üzrə Qarabağ torpağının görkəmli ziyalılarından Həsənəli xan Qaradağinin həyat və yaradıcılığı haqqında ümumi məlumat verən Novruz Nuriyev onun Azərbaycan tarixşünaslığında özünəməxsus yeri olduğuna xüsusi diqqət çəkib.

 

Müsahibədə Qarabağın tarixi haqqında XIX əsrdə qələmə alınan əsərlərdən birinin müəllifi olan Həsənəli xanın əsərdə Qarabağın sərhədləri və coğrafi mövqeyi, həmçinin, toponimikası haqqında unikal məlumatlar qeyd etdiyi vurğulanıb, həmçinin, görkəmli ziyalının “Vətən dili” dərsliyinin həmmüəlliflərindən biri kimi pedaqoji fəaliyyəti, xəttatlıq və folklor nümunələri ilə bağlı tədqiqatları haqda maraqlı məlumatlar da oxucuların diqqətinə çatdırılıb.

 

İkinci müsahibədə də isə Azərbaycan mətbuatının banisi, görkəmli ziyalı Həsən bəy Zərdabinin təbiətşünaslıq elmi ilə bağlı yaradıcılığından bəhs olunub və Həsən bəyin “Torpaq, su və hava” adlı əsərinin Azərbaycan təbiətşünaslıq tarixində yeri və rolu xüsusi qeyd edilib.

 

Əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində müxtəlif təbiət hadisələri və coğrafi biliklərin yer alması, həmin biliklərin əhəmiyyəti və unikallığı oxucuların diqqətinə çatdırılıb. Həsən bəyin ixtisasca təbiətşünas olması və Bakı Real Məktəbində bu elm üzrə tədris aparması ilə bağlı tarixi faktlara toxunulub. Həmçinin, həmin dövrdə dəqiq və təbiət elmləri ilə bağlı əsərlər qələmə alan bir sıra Azərbaycan ziyalıları haqqında da ümumi məlumat verilib.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35