Elm Tarixi İnstitutunda 27 sentyabr – Anım Günü münasibəti ilə tədbir keçirilib

Elm Tarixi İnstitutunda 27 sentyabr – Anım Günü münasibəti ilə tədbir keçirilib

27 Sentyabr 2022, 14:51 / Tədbirlər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 2020-ci il 27 sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirib. Əvvəlcə bütün  vətən  şəhidlərinin ölməz ruhu sayğıduruşu ilə yad edilib.

 

Elm Tarixi İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor  Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

 

Professor bildirib ki, 30 ildir Azərbaycan işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə, münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistanın aqressiv siyasəti buna imkan vermirdi. ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyini və yaxud həll etmək istəmədiyini vurğulayan İnstitut direktoru ermənilərin bu fürsətdən istifadə edərək daha yeni torpaqlar işğal etməyə çalışdığını və Azərbaycanın məcburiyyət qarşısında qalaraq hərbi yolu seçdiyini bildirib. Azərbaycanın müzəffər ordusunun bütün dünyaya öz yenilməzliyini və qəhrəmanlığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini deyən M.Seyidbəyli 27 sentyabrdan başlayan uğurlu hərbi əməliyyatlardan sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixdə sülh müqaviləsinin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, cəbhədəki uğurlarla yanaşı, Ali Baş komandan İlham Əliyevin diplomatik müstəvidə də yüksək peşəkarlıq və qətiyyət göstərməsi dünya ictimaiyyətini Azərbaycanın bu mübarizədə haqlı olduğu faktı qarşısında qoydu.

 

ETİ-nin elmi katibi, dosent Zaur Əliyev çıxış edərək müharibə dövründə cəbhə bölgələrinə səfərləri ilə bağlı təəssüratlarını bölüşüb. O, qeyd edib ki, ölkəmiz üçün çətin və şanlı bir dövrdə istər Azərbaycan əsgər və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik, həmrəylik və vətən sevgisi hər bir vətəndaşımızın milli qürur və iftixar hissini daha da gücləndirmişdi. Z.Əliyev bildirib ki, Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, indiki məqamda da orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edirik və bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik. Z.Əliyev bildirib ki, hazırda Azərbaycan Ordusu özünün tarixən malik olduğu qüdrətli dövrləri ilə müqayisə ediləcək gücünü yaşayır.

 

ETİ Həmkarlar Komitəsinin sədri və Tərcümə və İnformasiya şöbəsinin müdiri Aynur Nəzərova qazanılan böyük zəfərdə Şəhidlərimizin əvəzedilməz rolundan danışıb. A.Nəzərova bildirib ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər öz adlarını xalqın tarixi yaddaşına əbədi həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

   

ETİ-nin Elmin nəzəri və metodoloji problemləri şöbəsinin elmi işçisi Novruz Nuriyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünya hərb sənətində ilk nümunə kimi tətbiq olunacaq qəhrəmanlıqlar sərgilədi. Qarabağda aparılan quruculuq işlərindən, bölgəyə səfərləri ilə bağlı təəssüratlarından danışan gənc alim bildirib ki, bu günün Şuşası ilə 2021-ci ilin dekabrında olduğu və müşahidə etdiyi şəhər arasında çox böyük fərq var.

 

Sonra Elmin nəzəri və metodoloji problemləri şöbəsinin elmi işçisi Solmaz Namazova və digərləri çıxış edərək bildiriblər ki, təəssüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edilib və xalqımız vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini həmişə qürurla yad edəcək.

 

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35