Elmşünaslıq nəyi öyrənir?

06.05.2019 15:12
img

Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi elmi tərəqqi ilə sıx bağlıdır. Yaradıcı fəaliyyət olan elm müasir dövrdə heç zaman olmadığı inkişaf səviyyəsinə çatıb. Xüsusilə də XX əsrin sonu və XXI əsrin başlanğıcı elmi inqilablar dövrü kimi xarakterizə edilə bilər. Əgər XIX əsrdə əldə edilən elmi yeniliklər yayılma sürətinə və tətbiq sahəsinə görə müəyyən məhdudiyyətlərlə üzləşirdisə, XX–XXI əsrlərdə elmi kəşflərin kəmiyyəti və tətbiqi imkanları inanılmaz dərəcədə genişlənib.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Elmşünaslıq nəyi öyrənir?” məqaləsini təqdim edir.

Müasir Azərbaycan dilində istifadə edilən “elm” sözü ərəb dilindən götürülüb, mənası “bilmək, məlumatlı olmaq”dır.

Azərbaycan dilinin izahlı lüğətində elm - təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi və bu biliklərin ayrıca sahəsi kimi tərif olunur. Oksford lüğətində isə elm - müşahidə və eksperimentlər vasitəsilə maddi dünyanın və təbiətin strukturunun sistemli tədqiqini əhatə edən intellektual və praktik fəaliyyət kimi izah edilir.

Elmin və elmlə məşğul olan insanların sosial və tarixi inkişaf imkanları, istiqamətləri elmşünaslıq tərəfindən araşdırılır.

Elmmetriya və fəlsəfə elmşünaslığın aparıcı istiqamətləri kimi əsaslandırıla bilər. Elmmetriya ayrı-ayrı elm sahələrinin, elm adamlarının, elmi kəşflərin və nailiyyətlərin rəqəmli yaxud statistik göstəricilərini öyrənir. Fəlsəfə isə elmşünaslığın nəzəri və metodoloji əsaslarının inkişafına yönəlib.

Ümumi götürdükdə, elmşünaslığın obyekti diferensiasiya olunmamış, sosial konsepsiya olan elm, predmeti isə onun inkişaf qanunauyğunluqları ilə bağlıdır. Göründüyü kimi, bu obyekt çərçivəsində öz obyekti və predmeti ilə seçilən digər elmlər də fəaliyyət göstərir.

Obyekt və predmet elmin yeganə xassələri deyil. Hər bir elmin öz dili var. Hazırda alimlər müxtəlif nəzəriyyələri öz milli dillərində inkişaf etdirirlər, tədqiqatlar aparırlar. İnkişafının ilk mərhələlərində elmin dili latın dili hesab edilirdi. Kopernik, Qaliley, Nyuton, Kepler kimi dahi alimlər öz tədqiqatlarını öz dillərində yazsalar da, kəşflərinin əsas hissəsini latın dilində nəşr etdirmişdilər. Bu, onu göstərirdi ki, elm xüsusi bir dilin olmasına ehtiyac hiss edirdi və hazırda da biologiya, tibb və bir sıra başqa elmlər həmin ənənələri saxlayaraq latın dilində olan terminlərdən istifadə edirlər.

Hər bir elm tədqiq etdiyi hadisə və prosesləri öz dilində, özünəməxsus anlayışlar bazası ilə ifadə etməyə çalışır. Bununla belə, hər bir elm öz kateqoriyaları ilə yanaşı, ümumi elmə xas olan nəzəriyyələr, hipotezlər, faktlar, qanunlar, problemlər, aksiomlar istifadə edir.

Anlayış və kateqoriyalar hər bir elmin özünəməxsus dilinin formalaşmasına gətirir. Adətən anlayışlar hər hansı bir elmə məxsus daha konkret məfhumları ifadə edir. Kateqoriya isə daha ümumi anlayışlardır.

Onu da qeyd etmək olar ki, müəyyən anlayış müxtəlif elmlərdə fərqli tərəflərdən izah və qəbul edilə bilər. Məsələn, “tələbə” sosiologiyada təhsil alan insan, ixtisasa yiyələnən şəxs, ali təhsil alan şəxs və s. kimi izah edilə bilər. “Demoqrafiya” isə tələbənin aldığı ixtisas istiqamətləri üzrə cinsi, yaşı, təhsil müəssisəsini və s. öyrənir.

Elmlərin inkişafında hipotez və nəzəriyyənin xüsusi yeri var. Hər hansı bir hadisə və prosesin inkişafı ilə bağlı irəli sürülən hipotezin yoxlanılması istiqamətində aparılan tədqiqat nəticəsində müəyyən nəzəriyyə formulə edilir.

Elmi fakt elmi biliyin çox zəruri tərkib hissəsidir. Elmdə fakt təzahürün təsviri ilə bağlıdır. Təbiət elmlərində fakt hadisənin statistik təsviri ilə bağlıdır. Humanitar elmlərdə isə heç zaman və heç bir yerdə təkrarlanmayan hadisəni ifadə edir.

Elmin digər anlayışlarından biri də elmi problemdir. Elmi problem müəyyən struktura malik və izaha ehtiyac duyulan hadisə və proses olur. Elmi biliyin struktur yaradıcı elementlərindən biri elmi qanundur.

Elmin üç əsas konsepsiyası mövcuddur: elm bilik kimi, elm fəaliyyət kimi, elm sosial institut kimi. Tomson və Hiki bilik formalarını təcrübə, mədəni dəyərlər, inanclar, nüfuz və elm kimi beş qrupa bölürlər.

Bernalın yazdığı kimi, “Müasir elm ikili mənşəyə malikdir: Bir tərəfdən o, maqların, kahinlərin, filosofların fərziyyələrindən, digər tərəfdən sənətkarların ənənəvi təcrübi fəaliyyətlərindən bəhrələnir. Birinciyə indiyə qədər daha çox diqqət yetirilir. Nəzəri və təcrübi fəaliyyətin qarşılıqlı əlaqəsi insana elm tarixini dərk etməyə imkan verir”.

Əvvəlki dövrlərdən fərqli olaraq, müasir elm hər an bəşər cəmiyyətinin birmənalı olmayan dəyişilməsinə səbəb ola bilər. Beləliklə, təbiət və cəmiyyətin qanunauyğun inkişafı haqqında biliklər toplusu olan elm müasir dövrdə cəmiyyətin və təbiətin mövcud olmasının əsaslarına çevrilib.