HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

08.05.2019 11:14
img

Aybəniz Osmanova

AMEA Elm Tarixi İnstitutunun elmi işçisi

 

 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan elminin inkişafında  misilsiz xidmətləri olan: Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar.” - sözlərinin müəllifi olan  HEYDƏR ƏLİYEV milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. Ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir.

Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr məhz bu  görkəmli şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir.

Heydər Əliyevin Azərbaycanda hakimiyyət illərini şərti olaraq iki dövrə bölmək olar.

I dövr Heydər Əliyevin Azərbaycan SSR-nın kommunist partiyasına rəhbərlik etdiyi 1969 – 1981-ci illəri əhatə edir.

Bu dövrdə Azərbaycanın bütün sahələrində sürətli inkişaf müşahidə edilmişdir. Bu tendensiyanı həmçinin Elmlər Akademiyasına aid etmək olar. 

Məlumdur ki, Azərbaycan Sovet İttifaqının tərkibinə daxil edilən 15 res­publikadan biri idi. SSRİ rəhbərliyi Azərbaycana xammal mənbəyi kimi baxdığı üçün burada hər hansı inkişafa, o cümlədən elmin tərəqqisinə çox da maraqlı deyildi. Ona görə respublikamızda ümumi inkişafa vaxtaşırı müəyyən manelələr yaradılırdı. Törədilən bütün maneələrə baxmayaraq, Heydər Əliyev elmin inkişafında nəhəng nailiyyətlər əldə edə bildi. Onun respublikaya rəhbərlik etdiyi illəridə Azərbaycanda elmi müəssisələrin sayı artır, alimlərin hazırlanmasına xüsusi diqqət yetirilirdi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutlarında, digər layihə müəssisələri və problem laboratoriyala­rında 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzvü, 329 elmlər doktoru və 3000 elmlər namizədi fəaliyyət göstərirdisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı isə 7594 nəfərə çatmışdı. Təkcə 1970–1980-ci illərdə respublikamızda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. 123 elmi idarə və 17 ali məktəbin kafedralarında 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı.

1982-ci ilin noyabrında Heydər Əliyev SSRİ Nazirlər Şurasının sədr müavini təyin edildi və fəaliyyətini Moskvada davam etdirməli oldu.  Azərbaycandan uzaqda olmasına baxmayaraq, ümummilli liderimizin xalqımıza və respublikamıza olan diqqətinin bir daha şahidi olduq: həmin illərdə Heydər Əliyev tutdugu vəzifənin geniş imkanlarından istifadə edərək, hər addımda Azərbaycanın gələ­cəyini düşünərək ziyalılarımızın, mədəniyyət və elm xadimlərimizin cəmiyyətdəki hörmətini daha da yüksəltmək, xalqımızın həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınması üçün əlindən gələni etmişdir. Bütün bunlar H.Əliyevin  milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsi idi.

 1985-ci ilin martında SSRİ Kommunist Partiaysının baş katibi seçilən Mixail Qorbaçov yeni yenidənqurma siyasətinin başlandığını elan etdi.

Tezliklə Qorbaçov və onun yaxın ətrafı SSRİ-nin görkəmli siyasi xadimlərinə qarşı iftira kampaniyasına başladı. Heydər Əliyev və bir sıra dögər dövlət xadimləri tutduğu vəzifələrdən azad edildilər.

 Ulu öndər tərfəfindən yetişdirilən kadrlar təqiblərə məruz qaldılar. Qorbaçov və onun ətrafı Qarabağ məsələsində erməni millətçilərini dəstəklədi.  

1991-ci ilin avqust ayında SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətə gələn dırnaqarası siyasi xadimlərin səriştəsizliyi respublikada dərin siyasi və iqtisadi böhran yaratdı. Həmin dövrdə hər kəs Azərbaycanı düşdüyü bu iqtisadi və siyasi böhrandan yalnız böyük təcrübəyə malik olan Heydər Əliyevin çıxara biləcəyinə əmin idi. Xalqın istək və tələbi ilə 1993-cü ildə Heydər Əliyev II dəfə respublikanın, bu dəfə artıq müstəqil Azərbaycanın rəhbərliyinə gəldi.

Cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görən Heydər Əliyev Azərbaycanın elmi potensialını elmin inkişafının bərpasına və inkişafına yönəltdi.

Ulu öndərin Elmlər Akademiyasına münasibəti öz əksini onun söylədiyi bu fikirlərdə tapmışdır:

"Akademiya Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub-saxlamalıyıq".

...“Milli sərvət statuslu akademiyanı həm də ona görə qoruyub-saxlamalıyıq ki, müasir dövrdə bu mənəvi sərvətin intellektual-mənəvi dividendi hesabına strateji oriyentrləri dəqiq müəyyənləşdir­məyi bacaraq, necə deyərlər, hardan gəldiyimizi bilməklə yanaşı, hara yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək”.

1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının rəhbərliyini və aparıcı alimlər qrupunu qəbul etmiş, elm sahəsində islahatların aparılmasının vacibliyini vurğulayaraq, Azərbaycanda elmin inkişaf strategiyasının hazırlanması barədə tapşırıq vermişdir. Elmlər Akademiyasının Rəyasət Heyəti Ulu öndərin tövsiyələrini rəhbər tutaraq akademi­yada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair mühüm qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, "Elmin strateji inkişafı və Azərbaycanın Elmlər Akademi­yasında islahatlar" konsepsiyası hazırlandı.

Müasir Azərbaycan dövlətinin banisi elmin müxtəlif sahələrinə eyni dərəcədə diqqət göstərirdi. Onun akademiya işçiləri ilə görüşü zamanı dediyi: "Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən, mədəniyyəti­mizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır" - sözləri hər bir alimin fəaliyyət prinsipinə çevrilmişdir.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elmə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərmişdi. O, ölkəni idarə edən səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizliklərdən irəli gələn narahatlıqlara son qoymuş, cəsarətlə onları  ifşa edərək demişdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki. Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir".

Heydər Əliyevin elm və təhsil sahəsində atdığı vacib addımlardan biri də 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdi.

Ulu öndərimizin Akademiyanın cəmiyyətdə yeri və rolundan bəhs edən bu sözləri də hafizələrdə silinməz iz buraxmışdır: “Elmlər Akademiyasına keçmiş illərdə də və son illərdə də mənim hörmətim və diqqətim, qayğım olmuşdur. Ancaq, hesab edirəm ki, bizim elmimizə, xüsusən Elmlər Akademiyasına qayğı, diqqət daha da artıq olmalıdır. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri ölkəmizdə elmin, təhsilin sürətlə inkişaf etməsidir. Biz bununla fəxr edirik. Bir şeyi bilməlisiniz ki, bu mənim fikrimdir - Azərbaycan Elmlər Akademiyası respublikamızın ən yüksək elmi müəssisəsidir. Azərbaycan dövlətinin ən yüksək elmi müəssisəsi Elmlər Akademiyasıdır. Bu akademiyanın işi və orada işləyənlərin səviyyəsi, şübhəsiz ki, başqalarından yüksəkdir, yüksək də olacaq. Biz akademiyanın hörmətini həmişə qoruyub saxlamalıyıq, heç vaxt imkan vermək olmaz ki, akademiyamız, yüksək səviyyəli elmi-tədqiqat institutlarımız cürbəcür özəl elmi müəssisələr arasında ərisin, itsin. Buna yol vermək olmaz. Azərbaycan Elmlər Akademiyası dövlətin akademiyasıdır. Prezidentin birbaşa himayəsi altındadır, tabeliyindədir və Prezidentin qarşısında cavabdehdir. Bir daha bunu deməyə məcburam ki, Azərbaycan Respublikasının müstəqil Elmlər Akademiyası Azərbaycanın ən yüksək elmi müəssisəsi, elmi təşkilatıdır...”

2002-ci ildə dövlət başçısı Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq, AMEA-nın Naxçıvan bölməsinin yaradılması haqqında tarixi sərəncam, həmçinin, AMEA-nın respublikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq 2003-cü il yanvarın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyən edən fərman imzaladı. Və bunların hamısı da elmimizə, elm xadimlərimizə olan xüsusi qayğı və diqqətin təcəssümüdür.

Ulu öndər Heydər Əliyevin siyasəti bu gün də  prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün də elm sahəsinə olan dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir.

Tanınmış alimlərimiz bu müqəddəs elm məbədimizi bizə  əmanət edərək əbədiyyətə qovuşublar. Hesab edirəm ki, H.Əliyevin bizə tövsiyyə etdiyi bu məbədi qoruyub saxlamalı, Azərbaycana və dünyaya buradan yayılan elm nurunu sönməyə qoymamalıyıq.