Elm Tarixi İnstitutunda Şuşaya həsr olunmuş tədbir keçirilib

08.05.2019 10:20
img

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda Şuşanın işğalının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin Gənc Alimlər Şurasının təşkil etdiyi tədbirdə Qarabağ qazisi, ehtiyatda olan hərbçi Nazim Bayramov qonaq.

Əvvəlcə şuranın sədri Röya Mirzəbəyli Azərbaycan musiqisinin və mədəniyyətinin beşiyi sayılan Şuşanın tarixi barədə qısa məlumat verib.

İxtisası tarixçi olan peşəkar hərbiçi Nazim Bayramov Qarabağ müharibəsi, o cümlədən Şuşanın işğalı barədə bəzi məqamlara tarixşünaslıq aspektindən toxunub. O, Şuşanın işğalını həmin dövrdə respublikada aparılan hakimiyyət davasının, eyni zamanda, səriştəsiz rəhbərliyin nəticəsində baş vermiş dəhşətli fəsadlardan biri kimi dəyərləndirib. Nazim Bayramov ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Şuşanın və Qarabağın işğaldan azad ediləcəyinə ümidvar olduğunu bildirib. Düşmən naqisliyi ucbatından sülhün baş tutmayacağı təqdirdə Vətən torpaqlarını hərb yolu ilə azad etmək üçün Azərbaycan Ordusunun kifayət qədər gücə malik olduğunu vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə institutun əməkdaşı Solmaz Namazova Şuşanın mədəniyyət tarixi barədə məruzə edib.