Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının nəsrlə annotasiyası

18.05.2019 10:14
img

Nizami Gəncəvi 1180-cı ildə “Xosrov və Şirin” poemasını yazmağa başlamış, 1188-ci ildə isə poemanı bitirmişdir. O “Xosrov və Şirin” poemasında öz fəlsəfi və etik baxışlarını şərh edir. Nizami Gəncəvinin həyat yoldaşı Afaq xanım 1178-ci və ya 1179-cu ildə vəfat edir. Onun vəfatı şairin qəlbinə dərin yara vurur. “Xosrov və Şirin” poemasında o həm də baş qadın qəhrəmanının ölümünü təsvir edərkən, qadını yüksəklərə qaldıraraq, sanki öz həyat yoldaşı haqqında böyük ürək ağrısı ilə danışır. Burada Nizami gəncəvinin “Xosrov və Şirin” poemasını nəzm üslubundan çıxarıb, nəsrlə qısa və yığcam formada vermişik. Onun təcəssüm etdiyi “personajlar” şəxsiyyət olmaları ilə yanaşı həm də qəhrəmandır. O, bu poemada daha çox insanın daxili aləmini bütün mürəkkəbliyi ilə açmaq və insanın ağlının hökmü ilə onun qəlbinin istəklərinin necə toqquşduğunu təsvir edir. O, həqiqətəndə eşq zəhəri ilə zəhərlənənlərin hamısı üçün ehtirası şirin məlhəmlə yoğurmuş və bu işin öhdəsindən çox məharətlə gəlmişdir. “Xosrov və Şirin” poemasında insana artıq hadisə və qəzavü-qədər hökm etmir, onu boğmur, əksinə, hadisələri dəyişən və onların gedişatına təsir göstərə bilən insana, öz arzusu hökm edir. Əsərin baş qəhrəmanı gözəl Şirin, şahzadə (sonra isə şah) Xosrov və mahir tişə ustası, daşyonan Fərhaddır. Hadisələrin baş verdiyi yer paytaxtı Mədain olan qədim İran və paytaxtı Bərdə olan Arrandır. “Xosrov və Şirin” poemasına yazdığı girişdə şair türklər arasında xüsusi bir təbəqəni “torkane-qələm”i, yəni “qələm türkləri”ni; Türk şairlərini, “yazıçı türkləri” xüsusilə seçir. Aydındır ki, Nizaminin özü də yazaraq yaradan türklərin ən dahilərindən biri idi və onun ecazkar qələmi dünya aləminə ölməz bədii söz abidələri bəxş etmişdir.


https://www.researchgate.net/publication/333134560_Nizami_Gncvinin_Xosrov_v_Sirin_poemasinin_nsrl_annotasiyasiAnnotation_of_Nizami_Ganjavi's_poem_Khosrov_and_Shirin?fbclid=IwAR0AYFlFCu1MEIOhPuVH4ZQBpv1PzhqAVwVtmTYBi7XRy2mhVcFXoAcbD9s