Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il may ayının 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur.

18.05.2019 18:16
img

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il may ayının 18-i bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. 
AMEA Elm Tarixi İnstitutu əməkdaşları elmi araşdırmalarında ölkəmizin, həmçinin dünyanın bir sıra muzeylərindəki tarixi eksponat və sənədlərin tədqiqinə də böyük önəm verirlər. Bu baxımdan Elm Tarixi İnstitutununun 2017-ci ildə dünyanın ən məşhur muzeylərindən olan İtaliyadakı Qalileo Qaliley Elm Tarixi Muzeyi ilə birlikdə imzaladığı memorandum müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli 10-17 may 2017-ci il tarixlərində İtaliyada elmi ezamiyyətdə olmuş, Qalileo Qaliley Elm Tarixi Muzeyinin direktoru Paolo Qalluzi ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin qurulmasına dair əməkdaşlıq memorandumu imzalanmışdır.

Muzeylər zamanın məkana çevrildiyi yerlərdir

Röya Mirzəbəyova
AMEA Elm Tarixi İnstitutunun elmi işçisi


Bəşəriyyətin keçdiyi çoxəsrlik inkişaf yolunu günümüzədək gəlib çatmış mənbə və materiallar əsasında öyrənirik. Milli kimliyi, mədəniyyəti əks etdirən və keçmiş haqqında düşüncəmizə işıq salaraq onu formalaşdıran həmin materiallar dünyanın müxtəlif kitabxanalarında, əlyazma fondlarında və eyni zamanda muzeylərdə saxlanılır. Elmi, dini və tarixi əhəmiyyətli materiallar vasitəsilə fərdlərin mədəni səviyyəsini, estetik-vizual duyumunu inkişaf etdirən muzeylər millətin mədəni zəngin irsini gələcək nəsillərə ötürür. İncəsənət, tarix, elm, texnologiya kimi müxtəlif profilli muzeylər mövcuddur. Elm və texnologiya muzeyləri elmi və texnoloji keçmişi əks etdirərək bir xalqın elmi irsinin daha aydın başa düşülməsinə kömək edir. 
Elmin və texnikanın tarixini əks etdirən dünyaca məşhur muzeylərdən biri də İtaliyanın Florensiya şəhərində yerləşən Elm Tarixi İnstitutu və Muzeyidir (Istituto e Museo di Storia della Scienza). Muzey 1930-cu ildə tibb tarixçisi Andrea Corsini tərəfindən yaradılmışdır. 1929-cu ildə İtaliyanın Florensiya şəhərində ilk Elm Tarixi Sərgisinin keçirilməsi muzeyin yaradılma təşəbbüsünü sürətləndirmişdir. Qalileo Qalileyin kainatın bəşər konsepsiyasında inqilab yaradan və müasir elm haqqında ilk əsər hesab olunan “Sidereus Nuncius” (“Ulduzlara dair xəbərlər”) əsəri yazıldıqdan 400 il sonra İnstitut “Qalileo Muzeyi” (Museo Galileo) adı altında yenidən açılmışdır.
Baxanları bu gündən orta əsrlərə elmi səyahətə aparan bu Muzeyin əsas məqsədləri elmi irsin toplanması üçün digər elmi muzeylər və elmi kolleksiyalar olan yerlərlə əlaqələr qurmaq və elm və texnikanın tarixi təkamülünü mədəni fəaliyyətin ayrılmaz hissəsi kimi təqdim edərək onu incəsənət, ədəbiyyat, musiqi, fəlsəfə və dinlə vəhdət halında öyrənməkdir.
Qalileo Muzeyi Mediçi ailəsi və Lotaringiya hersoqluğunun elmin inkişafındakı rolunu sübut edən ən zəngin elmi avadanlıqlar kolleksiyasından ibarətdir. Muzeydə 1200-ü daimi nümayiş olunmaqla 6000-dən çox elmi qiymətli materiallar, eksponatlar, teleskop, termometr, göy və yer cisimlərini öyrənən qlobuslar və s. mövcuddur. Muzeyin I mərtəbəsi-Mediçi kolleksiyası XV-XVIII əsrlərə aid olan qurğuları əhatə edir və Qalileo Qalileyin ixtiraları (unikal artifaktlar, teleskoplar, böyüdücü linzalar, insanın ürək döyüntülərini ölçən rəqqas və s.), Antoni Santuccinin riyazi və həndəsi alətlər kataloqu, İqnazio Dantinin astronomik cihazları, Mediçi məhkəməsində olan hüquqi sənədlər, coğrafi xəritələr, Akademiya del Çimentonun ("Təcrübə akademiyası") üzvləri tərəfindən istifadə olunan termometrlər, qlobuslar və s. elmi-texniki əhəmiyyətli cihazlar yer alır. Muzeyin II mərtəbəsi – Lotaringiya Kolleksiyası isə XIII-XIX əsrlərə aid eksperimental qurğular, məişət cihazları və elektromaqnit şualarının qəbuledici cihaz və qurğularından ibarətdir. Lotaringiya Kolleksiyasında “Elmin Nümayişi”, “Elmin tədrisi və populyarlaşdırılması: Mexanika”, “Atmosfer və İşıq”, “Elektrik və Elektromaqnetizm”, “Kimya və Elmin sosial səmərəliliyi”, “Məişət fəzasında Elm” kimi mərkəzləri vardır.
Qalileo Muzeyi yarandığından bəri elm və texnikanın tarixinə dair bir sıra tədqiqat işləri aparır. Tədqiqat işlərinin ana xəttini Qalileo Qalileyin həyat və yaradıcılığı, elmi fəaliyyəti, tədqiqatları, ixtiraları təşkil edir. 2014-cü ildən İnstitut tədqiqat işlərini genişləndirmiş, təkcə Qalileyin həyat və yaradıcılığı deyil, eyni zamanda İntibah dövründə İtaliyada elmin və texnikanın inkişaf tarixi öyrənilmişdir. 
Eyni zamanda, muzeyin kitabxanası və elmi laboratoriyası mövcuddur. Muzeyin kitabxanasında son 5 əsrdən qalan təbiət elmlərinə dair təxminən 150000 qiymətli əsərlər yer alır. Muzey onlayn interaktiv tətbiqlər, elmi və tarixi tədqiqat üçün rəqəmsal arxivdən ibarət multimedia laboratoriyasını da yaratmışdır.