BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib

05.08.2019 17:27
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən “Bakı Dövlət Universitetinin tarixi” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsərində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Bakıda universitet yaradılması ilə bağlı parlamentdə aparılan gərgin müzakirələr, parlamentin universitetlə bağlı çıxardığı qanun layihəsi oxuculara təqdim olunur. Bundan başqa, universitetin 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, bu ali təhsil ocağı ilə bağlı verilmiş dekretlər, fakültə quruculuğu, tələbə və müəllim heyətinin formalaşdırılması, eləcə də universitetin adının 1922-ci ildə dəyişdirilməsi, 1930-cu ildə fəaliyyətinin dayandırılması, 1934-cü ildə yenidən açılması, 1939-cu ildə ali məktəbə S.M.Kirovun adının verilməsi arxiv sənədləri əsasında araşdırılır.
Nəşrdə universitetin 1990-cı ildən sonrakı fəaliyyəti haqqında da məlumat verilir.
“Bakı Dövlət Universitetinin tarixi” kitabının müəllifləri Ziyad Əmrahov və Samir İsmayılov, redaktoru Elm Tarixi institutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.
Kitaba BDU-nun rektoru Elçin Babayev “Ön söz” yazıb.