Elm Tarixi İnstitutu “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabının təqdimatını keçirib

07.10.2019 15:29
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi Institutu 04 oktyabr 2019-cu il tarixdə Mərkəzi Elmi Kitabxanada  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitabın təqdimatını keçirib. 
Layihənin rəhbəri AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir. Kitaba AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Ön söz" yazıb. 
Tədbiri AMEA vitse-prezidenti İsa Həbibbəyli açaraq bu gün ölkəmizdə uğurla həyata keçirilən müstəqil dövlətçilik siyasətinin konseptual əsaslarını ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan azərbaycançılıq ideologiyasının təşkil etdiyini deyib. Qeyd edib ki, azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqları və dövlətçilik mənafeyi əks olunub. Akademik azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan digər etnik qrupları da öz ətrafında birləşdirdiyini və bu səbəbdən mühüm tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. 
Hazırda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin qarşısında mühüm vəzifələrin dayandığını deyən alim kitabın nəşrini yüksək qiymətləndirib. Akademik qeyd edib ki, azərbaycançılıq ideologiyasının ilk dəfə geniş şəkildə tədqiqata cəlb olunduğu, yeni faktlarla zəngin olan kitab günün çağırışlarına tam cavab verir və kitabda məsələyə elmi və konseptual baxış öz əksini tapıb. O, azərbaycançılıq ideologiyasının tarixi, fəlsəfi, estetik baxımdan öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb. 
Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli kitabda azərbaycançılıq ideologiyasının tarixi köklərinin öyrənilməsinə mühüm yer ayrıldığını bildirib. M.Seyidbəyli qeyd edib ki, Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının mənəvi-mədəni köklərini araşdırmağa, əsas təkamül mərhələlərini nəzərdən keçirməyə çalışmışıq və bunları nəzərə alaraq deyə bilərik ki, ərsəyə gətirdiyimiz kitab tarixşünaslığımızda belə səpkidə ilk təqdimatlardan biridir. İnstitut direktoru kitabda ulu öndərin azərbaycançılıq ideologiyasının nəzəri və əməli inkişafındakı rolunun, həmçinin Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində azərbaycançılığın inkişafı və digər məsələlərin öz əksini tapdığını vurğulayıb. 
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova kitabın əhəmiyyətindən bəhs edib. O bildirib ki, kitab Azərbaycan ictimaiyyəti üçün çox vacibdir və Azərbaycan müstəqil dövlət olandan sonra azərbaycançılıq ideologiyası mərhum Prezidentimiz Heydər Əliyev və hazırkı Prezident İlham Əliyev tərəfindən təbliğ olunur.  
Tədbirdə Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, Tarix İnstitunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, kitabın müəlliflərindən tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılıov və başqaları çıxış edərək azərbaycançılığın tarixi, siyasi əhəmiyyətindən danışıb nəşri yüksək qiymətləndiriblər.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35