Məryəm Seyidbəyli: “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabı tarixşünaslığımıza yeni töhfədir

09.10.2019 15:17
img

Azərbaycançılıq ideologiyası çox mürəkkəb və aktual mövzudur. Bizdən qabaq bu mövzu üzərində görkəmli alimlər, ziyalılar, ictimai xadimlər çalışıb, çox qiymətli əsərlər ərsəyə gətiriblər. “Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik” kitabı da bu istiqamətdə milli ideologiyamızın təbliğinə yeni töhfədir.

Bu sözləri kitabın təqdimat mərasimində AZƏRTAC-a müsahibəsində AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli deyib. O bildirib ki, milli dövlətçilik məfkurəsinin tarixi və nəzəriyyəsi sahəsində tədqiqat aparan mütəxəssislər və bu məsələlərlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda azərbaycançılıq ideologiyasının tarixi köklərinin öyrənilməsinə mühüm yer ayrılıb. Həmçinin Azərbaycan xalqının siyasi və mənəvi birliyinin, milli dövlətçiliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının mənəvi-mədəni köklərini araşdırmağa, əsas təkamül mərhələlərini nəzərdən keçirməyə çalışmışıq. Bunları nəzərə alaraq deyə bilərik ki, ərsəyə gətirdiyimiz kitab tarixşünaslığımızda belə səpkidə ilk təqdimatlardan biridir.