Elm Tarixi İnstitutunun Baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Zaur Məmmədovun “Qanun” jurnalının "Avqust № 08 (298) 2019" sayında məqaləsi dərc olunub

11.10.2019 12:38
img

                        HÜQUQ ELMİNİN NÖVLƏRİ

“XX əsrin 80-90-cu illəri ilə müqayisədə XXI əsrin lap başlanğıcından hüquq elminin sahələri əhəmiyyətli dərəcədə çoxalmış, hüququn bir sıra sahələri (xüsusilə də bəzi hüquq institutları) yeni elmi-nəzəri və praktiki müddəalarının meydana çıxması nəticəsində daxil olduğu müvafiq hüquq elmi çərçivəsindən çıxaraq tam müstəqil hüquq elmi sahəsinə çevrilmişdir. Bütün bunlar və hüquq elminin bütövlükdə son nailiyyətləri bu elmin təsnifatına yenidən yanaşmanı zəruri etmişdir.

Müasir hüquq elminin yeni təsnifatının verilməsini şərtləşdirən digər mühüm amillərdən biri dünya ölkələri arasında istər nəzəri, istərsə də praktiki istiqamətdə elmi mübadilələrin dairəsinin genişləndirilməsidir. Məsələn, belə mübadilələr sayəsində hazırda dünyanın bir çox ölkələrinin universitetlərinin hüquq fakültələrində ayrıca tədris fənni kimi “Avropa hüququ” kursu tədris edilir. Qeyd etmək lazımdır ki, Avropa hüququ əvvəllər ümumi beynəlxalq hüquq fənni tərkibində tədris olunurdu. İndiki mərhələ Avropa Şurasının üzvü olan dövlətlərin sayının tədricən çoxalması və Avropa İttifaqı kimi qurumun təşəkkül tapması, belə bir müstəqil hüquq sahəsinin nəinki formalaşmasına, eyni zamanda da onun intensiv inkişafına təkan vermişdir.

Hüquq elminin müstəqil sahələrinin durmadan artması həm insanın, vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə, belə müdafiyəyə dünya birliyinin birgə səyləri ilə təminat verilməsi güclü təsir göstərmişdir. Ümumi beynəlxalq hüquq elmində bununla əlaqədar xüsusi bölmənin olmasına baxmayaraq, bu sahədə daha bir xüsusi bilik sahəsi – “Beynəlxalq humanitar hüquq” elmi sahəsi təşəkkül tapmışdır. Hazırda bu elm sahəsi insan hüquq və azadlıqlarının müdafiəsi, mühafizəsi və təminatları ilə bağlı tədqiqatlarla məşğul olmaqla yanaşı, həm də yeni nəzəri və praktiki müddəaların işlənib hazırlanmasına böyük üstünlük verir.

Hüquq elminin sahələrinin genişlənməsinin daha bir amili son onilliklərdə beynəlxalq miqyasda inteqrasiya ilə bağlı problemlərin həllinin ön plana keçməsidir. Göstərmək lazımdır ki, qarşılıqlı inteqrasiya dünya ölkələri arasında sosial-iqtisadi, siyasi-mədəni, elmi sahələri əhatə etməklə yanaşı, hüquq elmlərinin də bu istiqamətdə rolunu və yerini dürüst müəyyənləşdirmişdir. Müasir dövrün beynəlxalq münasibətləri təcrübəsi şəhadət verir ki, belə münasibətlərdə ilkin yer, birincilik məhz hüquq elmlərinə məxsusdur. Bunun nəticəsidir ki, hazırda bəzi xarici ölkələrin ali məktəblərinin hüquq fakültələrində Beynəlxalq inteqrasiya münasibətləri fənni tədris edilməyə başlamışdır. Çünki beynəlxalq inteqrasiya münasibətləri elmin inkişafına xidmət etməklə yanaşı, dünyanın müxtəlif xalqlarını və millətlərini bir-birinə daha da yaxınlaşdırır, mədəniyyətlərin qovuşması baş verir, beləliklə də, mültikulturalizmin və tolerantlığın tərəqqisi üçün əlverişli şərait təmin olunur.

Beynəlxalq əlaqələrin müasir inkişaf surəti, şübhəsiz, bundan sonra da hüquq elmi sahələrinin daha da artmasına imkan verəcəkdir. Digər tərəfdən, ictimai münasibətlərin sürətli inkişafı da hüquq elmi sahələrinin çoxalmasını şərtləşdirir və zəruri edir. Məlumdur ki, ictimai münasibətlərin başlıca tənzimləyicisi məhz hüquqdur. Əgər ictimai münasibətlər fasiləsiz inkişaf edərsə, deməli, yəni yaranan münasibətlər özünün tənzimləyicisinə böyük ehtiyac hiss edir. Həmin ehtiyacın birinci ödəyicisi qismində məhz hüquq və hüquq elmi çıxış edir.

Elmi ədəbiyyatda haqlı olaraq qeyd edilir ki, hüquq elmlərinin dairəsinin genişlənməsi və belə genişlənmənin getdikcə daha da intensiv sürət götürməsi ilk növbədə əsrin tələbatları ilə bağlıdır. Əsrimiz isə, məlum olduğu kimi, informasiya, yəni texnologiyalar əsridir. İnformasiya kommunikasiyaları mexanizmlərinin hərəkətverici qüvvələrinin ən qabaqcılı isə hüquq elmidir.”

Məqalənin ardını bu linkə daxil olmaqla izləyə bilərsiniz. https://www.qanun.az/category/qanun-jurnali