Elm Tarixi İnstitutu "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib

18.10.2019 12:07
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) "Bakı Dövlət Universitetinin tarixi" kitabının təqdimatını keçirib.

Kitab Elm Tarixi İnstitutunun elmi şurasının qərarına əsasən çap olunub. Kitabın müəllifləri – tarix üzrə fəlsəfə doktorları Ziyad Əmrahov və Samir İsmayılıovdur. Kitabın redaktoru və "Ön söz" ün müəllifi AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

Tədbiri Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli açaraq Azərbaycanda Avropa tipli ilk ali təhsil ocağının – Bakı Dövlət Universitetinin şərəfli tarixinə nəzər salıb. Universitetin yaranmasını Azərbaycan Xalq Cümhuriyyətinin şanlı ilklərindən biri kimi səciyyələndirən M.Seyidbəyli kitabın AXC-nin və BDU-nun 100-cü ildönümünə layiqli töhfə olduğunu vurğulayıb. Nəşrdə arxiv materiallarına geniş yer verildiyini bildirən M.Seyidbəyli qeyd edib ki, yeni faktlarla zəngin, BDU-nun tarixini tam əks etdirən araşdırma Elm Tarixi İnstitutunun fəaliyyətində təqdirəlayiq işlərdən biridir.

Sonra kitabın müəlliflərindən tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov çıxış edərək, kitabın yazılma zərurəti və tədqiqat prosesi haqqında məlumat verib. Müəllif kitabda BDU-nun keçdiyi inkişaf mərhələləri: Universitetin yaradılması ilə bağlı AXC hökumətinin atdığı addımlar, təhsil ocağının 1920-ci il aprel işğalından sonrakı fəaliyyəti, pedaqoji kadr hazırlığı, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə ali məktəbin tələbə və müəllim kollektivinin iştirakı, 1989-cu ildə Azərbaycan ziyalılarının tələbi ilə qurumun tarixi adının bərpa olunması və digər məsələlərin, eləcə də 1990-cı ildən müasir dövrə kimi BDU-nun fəaliyyətinin ilk dəfə arxiv sənədləri əsasında araşdırılaraq oxuculara təqdim olunduğunu bildirib.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli Elm Tarixi İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində gerçəkləşdirdiyi önəmli layihələrdən danışaraq, "Bakı Dövlət Universitetinin tarixi" kitabını İnstitutun növbəti uğurlarından və “ilk” lərindən biri kimi xarakterizə edib. Kitabın xüsusi həssaslıqla qələmə alındığını, dolğun xronologiya əsasında tərtib edildiyini vurğulayan D.Əzimli BDU-nun keşməkeşli tarixinə ayna tutan əsərin möhtəşəm bir araşdırma olduğunu diqqətə çatdırıb.

Tədbirdə Bakıda səfərdə olan, Cümhuriyyət dövrünün araşdırıcısı, ABŞ-ın Binqhamton Universitetinin professoru xanım De Haan, BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova, Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, elmi işçi Hikmət Dayıyev çıxış edərək kitabı hər kəsə doğma olan BDU-nun, o cümlədən Cümhuriyyətin 100 illiyinə dəyərli töhfə kimi qiymətləndirib, gərgin və məsuliyyətli əməyin nəticəsi olan, çoxsaylı arxiv materiallarının cəlb olunduğu orijinal tədqiqat işinə görə müəllifləri təbrik ediblər.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35