
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim,
jurnalist, yazıçı, publisist, alim, diplomat, dövlət adamı Əhməd bəy Ağaoğlunun
150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının
ictimai-siyasi xadimi" adlı elmi seminar keçirib.
Seminarı
giriş sözü ilə Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, dosent
Məryəm Seyidbəyli açıb. M.Seyidbəyli Əhməd bəy Ağaoğlunun coxcəhətli
fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə
edərək Azərbaycan ictimai-fikir tarixində onun özünəməxsus imza atdığını qeyd
edib.
AMEA İctimai
Elmlər bölməsinin akademik-katibi akademik Nərgiz Axundova dövlət başçısının
göstərişi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində
keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli
şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin
dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından çox faydalıdır.
Sonra
İnstitutun əməkdaşları - elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Zaur Əliyev “Əhməd bəy Ağaoğlu – Difai fədaisi”, ETİ Tarixşünaslıq və
mənbəşünaslıq şöbəsinin müdir tarix üzrə
fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Əhməd bəy Ağaoğlu və Atatürk
münasibətləri”, ETİ Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir
əvəzedicisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov “Əhməd bəy
Ağaoğluna görə islahat zərurəti”, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev
“Əhməd bəy Ağaoğlunun əsərlərində İran/Persiya məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda
Ə.Ağaoğlunun həyat və fəaliyyətinə, elmi baxışlarına, siyasi görüşlərinə
aydınlıq gətirilib. Onun başdan-başa milli məfkurəylə yoğrulmuş böyük mücadilə
adamı olmaqla yanaşı, həm də böyük islahatçı, maarifçi, alim, diplomat və
dövlət adamı olduğu vurğulanıb. Məruzələrdə onun Atatürklə yaxın münasibəti, Türkiyə
Cümhuriyyətinin qurulmasında ideoloji-siyasi rolu, maarif naziri olması,
Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsi,
eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı özünəməxsus rolu, əsrin
əvvəlində Azərbaycan türklərini soyqırıma məruz qoyan erməni daşnaklara qarşı yaratdığı
“Difai” hərəkatındakı misilsiz xidmətləri və həmişə sadiq qaldığı türkçü-turançı
fikirləri, islahatçı mövqeyi tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.
Tədbir mövzu
ətrafında müzakirələrlə davam edib.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35




