Elm Tarixi İnstitutunda “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr olunub

28.11.2019 16:59
img

Elm Tarixi İnstitutunda “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” adlı monoqrafiya nəşrə təqdim olunub.

Həmmüəllif işi olan monoqrafiya Elm Tarixi İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub. Monoqrafiyanın müəllifləri – İnstitutun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli və əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Monoqrafiyanın elmi redaktoru AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.

Azərbaycan elm tarixində bir ilk olan monoqrafiya qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqların və tarixşünaslığın araşdırmasıdır. Tədqiqat obyekti olmuş problem bundan əvvəl demək olar ki, geniş formada tədqiq edilməmişdir. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.

Kitab hazırlanarkən, əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilib. Monoqrafiyanın bir çox elmi yenilikləri mövcuddur. Belə ki, ilk dəfədir ki, hər hansı bir elm sahəsinin spesifik formada qaynaqları və mənbəşünaslığına ayrıca tədqiqat əsəri həsr olunmuş, tibb tarixinin qaynaqları və tarixşünaslığı təsnif olunmuş, təsnifat haqqında ayrıca məlumat verilmiş, “Avesta” kitabı tam şəkildə nəzərdən keçirilərək onun içərisindən bütün tibbi biliklər çıxarılmış, bir çox ingilisdilli ədəbiyyatdan istifadə olunmuş, Azərbaycan mətbuatında təbabətə dair mövcud olan məlumatlar müxtəlif istiqamətlərdə araşdırılmış və ilk dəfə olaraq AMEA, M. Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmalardan istifadə olunmuşdur.

Monoqrafiya tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35