Elm Tarixi İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri, elmi işçi Aynur Xubanovanın “Heydər Əliyev və qadın siyasəti” mövzusunda məqaləsi yayımlanıb

10.05.2020
img


Heydər Əliyev və qadın siyasəti

 

“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. (Heydər Əliyev)

 

Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İbtidai icma cəmiyyəti adlı ictimai-iqtisadi formasiyadan ta ki, XXI əsrin bugününə kimi qadınların həyatda və sonrakı dönəmlərdə cəmiyyətdə yerləri fərqli olmuşdur. Ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Və beləliklə, 1918-20-ci illərdə Xalq Cümhuriyyəti tərəfindən qoyulan və sonralar II respublika - Azərbaycan SSR (1920-1991-ci illər) dövründə davam və inkişaf etdirilən qadın siyasəti nəticəsində bu gün ölkəmizdə qadınların hərtərəfli inkişafı üçün geniş imkanlar yaranmışdır.

Qadın siyasəti mədəniyyətlərin bir-birinə yaxınlaşdığı, qloballaşan dünyada ən aktual məsələlərdən biridir. Indiki qlobal inkişaf zəminində dünyanın gender balansı çox böyük əhəmiyyət daşıyır və gender siyasətinə kreativ yanaşma zamanın tələbidir. Bu baxımdan qadın siyasəti mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan müstəqil Azərbaycan Respublikasının da əsas prioritet sahələrindəndir. Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər qadın hərəkatının inkişafına güclü stimul vermiş, qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədi ilə əməli addımlar atmışdı. Hələ 1970-1980-ci illərdə sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması, onların təhsili, məşğulluğu, vəzifə pillələrində irəliləyişi üçün mühüm addımlar atan Heydər Əliyev o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınların əməyinin qiymətləndirilməsində səyini əsirgəməmişdi. İstər Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dönəmdə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə qadın siyasətinin real siyasi amilə çevrilməsi Heydər Əliyev fenomeninin əsas göstəricilərindən biri idi.

90-cı illərin ortalarından başlayaraq ölkəmizdə yaranan sabitlik qadın məsələlərinin inkişafına təkan verdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, Parlamentdə millət vəkili-qadınların sayının çoxalması, onların dövlət idarəçiliyində təmsilçiliyi, ali icraedici və qanunverici hakimiyyət strukturlarında da faiz əmsalının yüksəlişi özünü büruzə verməyə başladı.

İdarəçilik sahəsində böyük təcrübəyə malik olan H.Əliyevin həyata keçirdiyi gender siyasətinin əsas nəticələrindən biri Azərbaycanın 1995-ci il iyunun 30-da BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşulması oldu. Məhz bu siyasətin nəticəsi olaraq hazırda qadınlarımız təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da tanınır, müxtəlif beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bununla da, Heydər Əliyevin geniş və  uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verdi, bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış Azərbaycan qadını haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.

Qadın məsələləri üzrə 1995-ci ildə keçirilən və sayca 4-cü Ümumdünya Pekin Konfransında (I konfrans 1975-ci ildə Mexikoda, ikincisi 1980-ci ildə Kopenhagendə, üçüncüsü 1986-cı ildə Nayrobidə keçirimişdir) iştirak etmək üçün hazırlıqlarla əlaqədar H.Əliyev Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında fərman imzaladı. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu dövrdən etibarən Azərbaycanda gender məsələləri xüsusi aktuallıq kəsb etməyə başladı. Və beləliklə, böyük siyasətçinin tarixi addımları nəticəsində qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olundu və Azərbaycanın hüquq sistemi kişi və qadınlar üçün bərabər hüquqlar təmin etdi. 1995-ci il noyabrın 27-də qüvvəyə minmiş Azərbaycan Respublikası Konstitusiyası ali qüvvəli qanun olaraq qadınların diskriminasiyasını qadağan etdi. Bu, Konstitusiyanın 25-ci maddəsində "kişi ilə qadınların eyni hüquqları və azadlıqları vardır" kimi ifadə olunur.

Mühüm hadisələrdən biri də 1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların I Qurultayı idi. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda demokratik cəmiyyətin, qadın hərəkatının əsasını qoydular. “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında”, daha sonra "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında", 6 mart 2000-ci il tarixdə isə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" (AR Prezidenti H.Əliyev, Bakı şəh., 6 mart 2000-ci il №289) imzaladığı fərmanlar qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı, bir sözlə, hər zaman cəmiyyətin aparıcı qüvvəsi olan qadınların hər mənada fəallığına, cəmiyyətdə yerlərini tutmalarına zəmin yaratdı.

Bu nöqteyi-nəzərdən ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutaraq qadınlar üçün kişilərlə bərabər imkanların yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, hər sahədə qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə böyük siyasətçi H.Əliyevin yuxarıda sadalanan fərmanları XX əsrdə işgəncələrə məruz qalan, əsir düşən, Qarabağ müharibəsinin ağrı-acılarını, faciəsini yaşayan Azərbaycan qadınına olan diqqət və hörmətin göstəricisi idi.

Bir məsələni də xüsusilə qeyd etmək yerinə düşər. Qadınların statusu təkcə nazir vəzifələrində, qanunverici orqanlarda, yüksək səviyyəli, hökumət vəzifələrində təmsil olunmaları ilə müəyyən edilmir. Ola bilsin qadının rolu bəzən nəzərə çarpmasın, o, konkret meydanda olmasa da, evindən hadisələrə təsir edir. Bu baxımdan gənc nəslin tərbiyəçisi Azərbaycan qadının fəaliyyət göstərdiyi ictimai sahə ilə ana olaraq üzərinə düşən məsuliyyət paralel şəkildə inkişaf etdirilməlidir, onlar bir-birilərinə mane olmamalı, əksinə, kömək etməlidir. Bu, birmənalı olaraq belədir. Bu baxımdan H.Əliyevin gender siyasəti nəticəsində Azərbaycanda qadınların ictimai fəaliyyətlə məşğul ola bilməsi üçün ailə problemlərinin yaranmaması istiqamətində mühüm siyasət aparılır. Dövlətimizin əlaqədar qurumları regionlarımızda bu istiqamətlərdə maarifləndirici proqramlar, əhəmiyyətli tədbirlər həyata keçirir. H.Əliyev özü də uğurlarının arxasında hər zaman ömür-gün yoldaşı Zərifə xanımın dayandığını bildirirdi. "Mənim üçün o, birinci növbədə böyük bir insan idi..." Ulu Öndərin 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə söylədiyi bu sözlər onun həm də qərinələr boyu milli-mənəvi dəyərləri, mental xüsusiyyətləri qoruyub saxlamağı bacaran Azərbaycan qadınlarına olan münasibəti idi.

H.Əliyev qadınların təhsil alma məsələlərinə də xüsusi önəm verirdi. Onun hakimiyyyət illərini Azərbaycanda intellektual potensialın  güclənməsi dövrü kimi də qiymətləndirmək olar. Bunun nəticəsində müasir dövrümüzdə qadınlar arasında işsizlik azalmışdır. Bunu statistik araşdırmalar təsdiq edir. Xüsusilə qeyd etmək lazımdır ki, istər işsizliyin gender strukturunda, istərsə də ümumən işsiz qadınların strukturunda ali təhsillilərin xüsusi çəkisinin artması müşahidə olunur.

24 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İcra Hakimiyyəti aparatlarında qadın məsələsi ilə məşğul olan şöbələrin yaradılması haqqında xüsusi qərarı oldu. Azərbaycan qadınlarının ictimai-siyasi, mədəni həyatda rəhbər vəzifələrə təyin edilmək, elmi-tədqiqat və təşkilati işlərə daha geniş cəlb olunması imkanları genişləndirildi. Statistik rəqəmlər göstərir ki, güc strukturlarında, məhkəmə orqanlarında, Xarici İşlər Nazirliyi sistemində səfirlərin arasında, ümumilikdə diplomatik korpusda, təhsil və səhiyyə sistemində çalışan qadınların sayı artır.  Rektor, nazir müavini olan qadınların sayı az deyil. Son dövrlər artıq qadın polislər də formalaşmışdır. Azərbaycan xanımları həmkarlar ittifaqı təşkilatlarında təmsil olunur. 2001-ci ilin dekabırında Azərbaycanda "Ombudsman" (xalq müvəkkili) haqqında qanun qəbul olundu və E.Süleymanova respublikanm ilk Ombudsmanı seçildi. Hazırda Milli Məclisin sədri xanım Sahibə Qafarovadır.

Elmdə artıq qadın hərəkatı formalaşmağa başlayıb. "Sürüklənən bəşəriyyət qadınla yüksələcək" ümidinin reallığa çevrilməsinə daha böyük ehtiyac duyulan ziddiyyətli bir dünyada Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycanda böyük "ilk"lərə imza atan qadın alimlərimizin səsi ən yüksək pillələrdən gəlir. Bu gün Azərbaycanda qadınların üstünlük təşkil etdiyi sahələr içərisində Azərbaycan Milli Elmlər Akademiyası ən ön sıralardadır. Bu elm ocağında çalışan qadın alimlərimiz elmin müxtəlif sferalarında əldə etdikləri mühüm nəticələrlə həm ölkənin, həm də bəşəriyyətin elmi-mədəni yüksəlişinə töhfələr verirlər. Elm tarixinə adları düşən bu qadınlarımız genişmiqyaslı proqram və layihələr reallaşdırmaqla Azərbaycan elmini dünyada tanıdırlar.

Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir. Onun ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər hər bir Azərbaycan qadını üçün örnək sayılır. Azərbaycanda gender siyasətinin yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35