Elm Tarixi İnstitutunun elmi işçisi, Baş laborant Solmaz Namazovanın “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məqaləsi yayımlanıb

10.05.2020
img


Heydər Əliyev  və Azərbaycan səhiyyəsi

 

 “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”. (Heydər Əliyev)

XX əsrin əvvəllərində Azərbaycanda səhiyyə xidməti ürəkaçan deyildi. Bir tərəfdən həkim qıtlığı, digər tərəfdən xəstəxanaların azlığı, üçüncü tərəfdən isə antisanitariya problemi. Natəmizliyin olması yoluxucu xəstəliklərin, xüsusilə dəri-zöhrəvi, qoturluq, ağciyər, traxoma, vəba və s. kimi xəstəliklərin yaranması və yayılmasına gətirib çıxarırdı.

Azərbaycanda tibb elminin güclü inkişafı Bakı Dövlət Universitetinin təşkil olunması (1919) və burada tibb fakültəsinin açılması (1920) ilə başladı. Fakültəni lazımi klinikalar, laboratoriyalar, avadanlıqla təmin etmək, onun kafedralarını akademik heyət vasitəsilə genişləndirmək üçün bir sıra addımlar atıldı. Tibb fakültəsinin 1923-1924-cü dərs ilində 25 kafedrası və klinikası var idi. 1929-cu ilə kimi bu kafedraların sayı artaraq ümumilikdə 27-ə çatdı. Həmin illərdə bir sıra elmi-tibb cəmiyyətləri də yaradılmışdır. Tibb elminin sürətli inkişafı ilə əlaqədar olaraq bir-birinin ardınca bir sıra elmi-tədqiqat institutları da açılmışdır. 1938-ci ildə  Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilmişdir. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi başladıqdan sonra institut əməkdaşlarının bir hissəsi ordu sıralarına cəlb edildiyinə görə tədris prosesində ciddi çətinliklər yaranmışdı. Bunu əsas tutaraq 1942-ci ildə Əczaçılıq İnstitutu ləğv edilmiş, onun bazası və tələbələri Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilən əczaçılıq fakültəsinə verilmişdir. 1945-ci ildə fakültənin 220 tələbəsi olmuşdur.

Azərbaycanda səhiyyə sisteminin inkişafı ilə bağlı Heydər Əliyevin də əvəzsiz xidmətləri olmuşdur. Ümumiyyətlə Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinə və xalqımızın yaddaşına böyük inkişaf illəri kimi həkk olundu.  Azərbaycan elmi, incəsənəti, mədəniyyəti, səhiyyəsi…tərəqqi tapdı. Əvvəllər maddi- texniki vəziyyəti olduqca pis olan səhiyyəyə yetərincə fond ayrıldı. Elə bundan sonra həmişə yerində sayan Azərbaycan səhiyyəsi cana gəlib dünya səhiyyəsi ilə inteqrasiyaya girdi. Ona görə də respublikamızda səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əldə edilən nailiyyətlər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.      

Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu qlobal tədbirlər kompleksinə ilk səhiyyə ocaqlarının yenidən qurulması, təzədən tikilməsi və abadlaşdırılması, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin canlandırılmasından başlamışdır. Bununla da elmi tədqiqat laboratoriyaları ilə səhiyyə-sağlamlıq idarələri və müalicə profilaktika ocaqlarının fəaliyyətində varislik əlaqələri yaradılmışdır. Bütün bunlardan sonra tibb işçilərinin nəzəri- təcrübi uğurlarının səmərəliliyini təmin etmək üçün səhiyyənin ayrı- ayrı sahələri üzrə elmi- təcrübi mərkəzlər açılmış, elmi forumlar- simpoziumlar, konfranslar, konqreslər, qrultaylar keçirilmiş, beynəlxalq elmi əlaqələr möhkəmləndirilmişdir. Səhiyyənin yeni inkişaf planına uyğun olaraq yüksək ixtisaslı həkim və alim kadrlarının hazırlanması bir daha ön plana çəkilmişdir. 

1970-1980- ci illərdə Heydər Əliyev böyük çətinliklər bahasına Azərbaycan üçün doktorantura yaradılmasına nail oldu. Məhz bunun sayəsində də Azərbaycandan 30-a yaxın gənc alim müxtəlif ixtisaslar üzrə doktorluq dissertasiyası üzərində işləmək üçün SSRİ- nin müxtəlif şəhərlərinə ezam olundular. Həmin gənc alimlər göstərilən etimadı doğrultdu və doktorluq dissertasiyalarını uğurla müdafiə edərək Azərbaycana qayıtdılar.

1972- 1982-ci illərdə şəhər və rayonlarda fəaliyyət göstərən xəstəxana və poliklinikaların, dispanser və tibb məntəqələrinin 46,5 faizi yeni binalarla təmin edildi. Uroloji xəstəliklərdən əziyyət çəkən və SSRİ-nin ayrı-ayrı şəhərlərinə ayaq döyən vətəndaşlar üçün gözəl bir hədiyyə-klinik uroloji xəstəxana istifadəyə verildi. Neyrocərrahiyyə Mərkəzi, Diaqnostika Mərkəzi, Toksikoloji Mərkəz, Yanıq Mərkzəi, Əlillərin Reabilitasiya Mərkəzi və digər müasir tipli müəssisələr açıldı. Elmi Tədqiqat Oftalmologiya, Elmi Tədqiqat Onkologiya İnstitutları üçün yeni binaların inşasına başlandı.

1993-2000-ci illər arasında Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin qanunvericilik bazası təkmilləşdirilmiş, tibb müəssisələrinin ən yeni texnologiyalarla təmin edilməsi ön plana çəkilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında", “Əczaçılıq fəaliyyəti haqqında", “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqmda”, “Tibbi sığorta haqqında, " “Özəl tibb fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Psixiatriya yardımı haqqında", “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profılaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında”, “Əhaliyə tibbi yardım göstərilməsi, virusologiya məsələləri üzrə elmi tədqiqatlar aparılmalı və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə (AİDS) tutulma, bununla əlaqədar baş vermiş şikəstlik və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə qanun” və s. qanunlar qəbul edilmiş, Azərbaycan ərazisində AİDS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün Milli Proqramlar işlənib hazırlanmışdır. Milli Məclis “Ruhi sağlamlığın qorunması haqqında” və “Vətəndaşlara vərəm əleyhinə kömək və bu köməyin göstərilməsi zamanı təminatlar haqqında” qanun layihələrini qəbul etmişdir.

Bütün bunlarla yanaşı, 1998- ci il martın 13- də Heydər Əliyev “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət komissiyasının yaradılması haqqında” sərəncam da imzalamışdır. Səhiyyə orqanlarının idarəetmə aparatında paralel və bir- birinin işini təkrar edən bölmələrin ləğv edilməsi, əhalinin ehtiyacından artıq çarpayı fondunun azaldılması və müalicə- profilaktika müəssisələri tərəfindən göstərilən pullu xidmətlərin genişləndirilməsi, özəl, tam və qismən təsərrüfat hesablı tibb müəssisələri yaradılması yolu ilə tibbi xidmətin keyfiyyətinin və səmərəsinin artırılması prinsipləri səhiyyə sahəsində islahatların əsasını təşkil edirdi.

1998-ci ildə ATU-nun 11 mərtəbəli tədris korpusu, 500 nəfərlik akt zalı tikilib istifadəyə verildi. 2000-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə hərbi tibb fakültəsi yaradıldı. Həmin ildə 200- dən çox tibb müəssisəsi dünya standartlarının tələbləri səviyyəsində yenidən qurulmuşdur. Respublikada ilk dəfə müasir səviyyədə təchiz edilmiş nüvə- maqnit rezonans mərkəzi açılmışdır. Prezident Heydər Əliyevin Yaponiyaya səfərindən sonra bu ölkənin hökuməti respublikamıza 6 milyon dollar məbləğində təmənnasız yardım proqramı tərtib etmişdir. Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası və Ş.Ələsgərova adına 5 saylı Doğum evi həmin proqram çərçivəsində ən yeni aparatlarla təchiz edilmişdir. Fransa hökumətinin ayırdığı qrant hesabına 8 tibb müəssisəsində su təmizləyici qurğular qoyulmuşdur. 2000-ci ilin dekabr ayında Azərbaycan Prezidentinin iştirakı ilə müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxanasının açılış mərasimi olmuşdur. MDB məkanında ən yaxşı səhiyyə ocaqlarından biri olan bu xəstəxananın inşası 29,5 milyon dollara başa gəlmişdir. Həmin xəstəxana bir sıra xəstəliklərin ən yüksək səviyyədə diaqnostikasını və müalicəsini təmin edir. 2002-ci ildə ATU-nun tarixində ilk dəfə olaraq bu ali tibb ocağının özünə məxsus olan ilk klinikası-stomatoloji klinika təşkil edildi.

Onun diqqəti və dəstəyi ilə Səhiyyə Nazirliyi sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar (“Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibb fəaliyyəti haqqında, Tibbi sığorta haqqında” və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir.

Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl demişdi:  Azərbaycanda nə varsa, hamısı Heydər Əliyevin xidməti sayəsində yaradılmışdır.

Göründüyü kimi təşəkkül tapdığı dövrlərdən başlayaraq, indiyə qədər tibb elmi son dərəcə inkişaf edən elm sahələrindən biri olmuşdur. Bu sahədə fəaliyyət göstərən alim-həkimlərimiz xalqın sağlamlığının keşiyində durmaqla yanaşı, tibb elminin inkişafına böyük töhfələr vermişlər. Hazırda Azərbaycan tibb elminin dünya tibb elminə inteqrasiya etməsi sahəsində böyük işlər görülmüşdü. Ölkəmizdə tibb təhsili, tibbi yardım, səhiyyənin təşkili ciddi elmi əsaslara söykənərək inkişaf edir. Məhz bunun sayəsində bu gün dünyada tüğyan edən yeni növ koronovirus pandemiyası ilə mübarizə aparmaq gücünə sahibik. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda geniş yayılmaması üçün, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35