Elm Tarixi İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual seminar keçirib

08.05.2020
img


Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual seminar keçirib.

Elm Tarixi İnstitutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq ümummilli liderin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna yeri və rolu barədə danışıb.

M.Seyidbəyli qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə, nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirib, eləcə də bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoyub, eyni zamanda, ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram uğrunda birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaradıb.

Azərbaycançılıq ideologiyasının tarixi əhəmiyyətindən danışan İnstitut direktoru bildirib ki, 1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan xalqının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid dövlətçilik ətrafında birləşdirilməsi nəticəsində ölkəmizdə ümummilli birlik təmin olunub və azərbaycançılıq müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilib. O, vurğulayıb ki,  Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan çoxsaylı toplantılar, Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.

M.Seyidbəyli bildirib ki, Heydər Əliyevin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti və bu siyasətin əsasında dayanan azərbaycançılıq ideyası bu gün də cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir və gündən-günə inkişaf edən və modernləşən Azərbaycan Respublikası ulu öndərin əziz xatirəsinə ən böyük töhfədir.

Sonra İnstitutun əməkdaşları – Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Heydər Əliyev və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xarici siyasəti”, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Heydər Əliyev və Cümhuriyyət irsimiz”, elmi işçi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Heydər Əliyevin Azərbaycan tarix elmində rolu”, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərova “Heydər Əliyev və qadın siyasəti” və Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı Solmaz Namazova “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda ümumilli liderin çoxtərəfli fəaliyyəti – Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə nizama salınmasındakı mühüm rolu, Azərbaycan Xalq Cümhuriyyəti və onun irsinin araşdırılması, öyrənilməsi, eləcə də dövlət qayğısının göstərilməsindəki xüsusi əməyi və Azərbaycan tarixinin yenidən  yazılmasındakı böyük xidmətləri, ölkəmizdə qadın siyasətinin dövlət səviyyəsinə qaldırılması, onun rəhbərliyi ilə səhiyyə sahəsində atılan vacib addımlar və əldə edilən nailiyyətlər tarixi faktların, sənədlərin dili ilə ifadə olunub. Qeyd olunub ki, Azərbaycanın bu gün yolunu istiqlal içərisində davam etdirməsində Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman xalqımız tərəfindən minnətdarlıq duyğuları ilə anılacaq.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35