Elm Tarixi İnstitutunun əməkdaşı, elmi işçi Aybəniz Osmanovanın “Azərbaycan: hesabdan riyaziyyata doğru (qədim dövrlərdən IV əsrə qədər)“ adlı məqaləsi yayımlanıb

12.06.2020
img


AZƏRBAYCANHESABDAN RIYAZIYYATA DOĞRU

(QƏDIM DÖVRLƏRDƏN IV ƏSRƏ QƏDƏR)

 

Qədim siyasi tarixə malik olan Azərbaycan ərazisində elmi biliklərin meydana çıxması müəyyən bir  tarixi inkişafın nəticəsi idi.  Bu bir tərəfdən bu ərazidə yaşayan qədim əhalinin həyat təcrübəsi, digər tərəfdən inkişaf etmiş mədəni mərkəzlərlə əlaqənin təsiri kimi özünü  göstərmişdi.

Hər bir elmin meydana çıxması insanların müxtəlif sahələrdəki fəaliyyəti ilə bağlıdır. Riyaziyyat elminin inkişafını şərtləndirən  əsas amil isə insanın qədim təsərrüfat fəaliyyəti - əkinçilik, maldarlıq, daha sonrakı dövlərdə isə sənətkarlıq və ticarət olmuşdur. Hələ ibtidai icma quruluşunda ilkin riyazi biliklər meydana gəlmişdir.  Qədim sivilizasiya mərkəzləri olan Misir və Mesopatamiya (Şumer və Babil mədəniyyəti) ərazilərində isə artıq burada bu günə kimi öz aktuallığını və doğruluğunu saxlayan  elmi nəticələr əldə edilmişdi. Əkinçiliklə əlaqədar olaraq, təbiətdə hadisələrin dövriliyini müşahidə edən və göy cisimlərinin hərəkətini izləyən Misir kahinləri ilkin riyazi hesablamalar aparırdılar. Eləcə də, burada tikinti işlərinin aparılması dəqiq riyazi hesablanmaların aparılmasını zəruri edirdi. Başqa sözlə, məhz əkinçilik fəaliyyəti bu ərazilərdə riyaziyyatın inkişafına təkan vermişdi.

Azərbaycan da Şərq sivilizasiyanın tərkib hissəsi olaraq onun bir sıra xüsusiyyətlərini özündə etiva etmişdi. Burada da ilkin riyazi biliklərin əmələ gəlməsi lokal səviyyədə əhalinin təsərrüfat fəaliyyəti ilə bağlı olmuşdur.

Arxeoloqların Azərbaycan ərazisində ilkin riyazi hesablama nümunəsi olaraq təqdim etdikləri mənbə Azıx mağarasındakı tapıntılarla bağlıdır. Məlum olduğu kimi, Dağlığ Qarabağın Fizuli rayonun Quruçaq çayının sol sahilində yerləşən Azıx maqarasında hələ təxminən 400 min il bundan əvvəl tarix elmində Azıx adamı -azıxantrop kimi tanınan (2, səh. 17) insanlar yaşamışdır. Arxeoloqlar Azıxda yaşayan insanlara aid çox sayda maddi mədəniyyət nümunələri tapmışlar. Onlardan bir qrupu üzərində müxtəlif xətlər cızılmış ayı kəllə sümükləridir ki, məhz bu xətlər mağara sakinlərinin hansısa məqsədlərlə hesablama apardıqlarını göstəriridi (2, səh. 19). Bəzi tədqiqatçılar hesab edir ki, Azığ maqarasında yaşayan insanlar odun sönməməsi üçün  onu daim odunla təmin etməli idilər. Buna görə edilən odunun dəqiq hesablamasını aparmalı olurdular.

30-35 min il bundan əvvəl Azərbaycan ərazisində artıq müasir fiziki tipə malik olan insan - başqa sözlə, məntiqlə düşünən insan yaşayırdı. Bundan sonrakı arxeoloji dövrlərdə artıq insanın təsərrüfat fəaliyyəti təkmilləşdikcə riyazi biliklər də artması müşahidə olunur. Təqribən XII minillikldən Azərbaycan ərazisində başlanan mezolit dövründə əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edən ilk – ictimai quruluş - İbtidai icma quruluşu təşəkkül tapmışdı (3, səh.47) Bu dövrdə insanlar xırdabuynuzlu heyvanları - keçi və qoyunu əhliləşdirməyə, ilkin əkinçilik vərdişlərinə yiyələnməyə başlamışdılar. Əldə edilən daş alətlər - biçin bıçaqları və sürtgəclər bu barədə müəyyən məlumat verir. Bu dövrdən Azərbaycanda istehsal təsərrüfatının bünövrəsi qoyulur. Bu təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edirdi.  Riyaziyyatın inkişafını şərtləndirən daxili amillərdən danışarkən Azərbaycan ərazisində əkinçiliyin yaranmasını göstərmək lazımdır. Azərbaycan ərazisinin xeyli hissəsində, başlıca olaraq düzənlikdə və çay vadilərində uzunmüddətli oturaq həyat tərzini əks etdirən yaşayış məskənləri əkinçilik təsərrüfatı mərkəzləri olmuşdu. Bəzi yaşayış yerlərinin su mənbələrindən kənarda, münbit torpaqlarda bina olunması suvarma əkinçiliyinin sonrakı inkişafını göstərir. Əkinçiliyin təşəkkülü hesabın daha da inkişafına səbəb oldu. Əkinçilər nə qədər buğdadan yeyinti kimi istifadə etməyi, nə qədərinin də gələcək əkin üçün saxlamalı olduqlarını bilməli idilər.

Əkinçiliklə yanaşı maldarlıq da Azərbaycanda əhalinin böyük bir hissəsinin əsas məşğuliyyətinə çevrilməkdə idi. Mezolit dövründə xırdabuynuzlu heyvan sürüsünün artması ilə köçəri heyvandarlıq əkinçilikdən ayrılaraq müstəqil təsərrüfat sahəsinə çevrilirdi (3.səh. 68). Maldarlar nə qədər heyvanın kəsilməsini, nə qədərinin isə gələn ilə saxlanmasını hesablayırdılar. Heyvandarlıqda artımı hesablama ilə müəyyən edirdilər. Başqa sözlə, maldarlığın inkişafı düzgün hesablama əməliyytlarının aparılmasını tələb edirdi.

İbtidai-icma quruluşunun növbəti mərhələsində tunc dövründə (e.ə IV ikinci yarısı –II minilliyin sonu) Azərbaycanda təsərrüfatın daha da inkişafı özünü göstərmişdi. Maldarlığın əkinçilikdən ayrılması, sənətkarlığın təşəkkülü tayfalar arasında mübadilənin güclənməsinə səbəb olmuşdu. Mübadilə isə öz növbəsində hesabdan daha da geniş istifadə edilməsini zəruri edirdi.

Tunc dövründə Azərbaycan ərazisində ilk tayfa ittifaqları təşəkkül tapmışdı. Tayfa ittifaqlarının meydana gəlməsini şətrtləndirən amillər tayfalar arasında toqquşmaların baş verməsi idi. Digər tərəfdən isə bu möhkəmləndirilmiş yaşayış məskənlərinin meydana çıxmasına, şəhərlərin yaranmasına gətirib çıxarırdı. Əkinçilik təsərrüfatı mərkəzləri uzunmüddətli yaşayış məskənlərinə çevrilirdi. Bu məskınlər başlıca olaraq düzənlikdə və çay vadilərində təşəkkül tapırdı (3. səh. 27).

Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın hələ e.ə II minillikdə  Mesopotamiya ilə əlaqlərinin olmasını arxeoloji mənbələr sübut edir. Bu əlaqələr həm də təcrübənin də paylaşılması anlamına gəlir.

Artıq II minilliyin sonlarında Azərbaycan dəmir dövrünə qədəm qoydu. Bu ibtidai-icma quruluşunun dağıldığı və sinifli cəmiyyətin təəkkül tapması dövrü olmuşdu.

Eramızdan əvvəl  IX əsrin ikinci yarısından etibarən Urmiya gölü ətrafında yaşayan tayfa ittifaqlarının vahid dövlət yaratmaq meylləri xeyli qüvvətlənmişdi.  Bu hər şeydən bu tayfa ittifaqlarının özlərini xarici hücumlardan, ən əsası isə Assuriyanın hücumlarından müdafiə olunmaq cəhdləri ilə bağlı idi.  Nəticədə e.ə. IX əsrin ortalarında  Cənubi Azərbaycan ərazisində ilk dövlət qurumu – Manna dövləti təşəkkül tapmışdı (4. səh. 102). Mannada quldarlıq quruluşu hökm sürürdü. Mannada hakimiyyət mütləq xarakter daşıyaraq irsən keçirdi.

Tarixi mənbələrdə Mannada bilavasitə riyaziyyat elminin inkişafını göstərən məlumatlar olmasa da, həm Assur padşahlarının səlnamələri, həm arxeloji mənbələr Mannanın inkişaf səviyyəsi və xüsusiyyətləri barədə kifayət qədər aydın təsəsvvür yaradır və onun Mesopatamiya şəhər dövlətlərində olduğu kimi yüksək inkişaf səviyyəsini göstərir.

Əminliklə qeyd etməık olar ki, Azərbaycan ərazisində dövlət qurumunun yaranması riyaziyyatın inkişafına yeni təkan vermişdi. Qalaların tikilməsi, vergilərin yığılması, müharibələrdən əldə edilən qənimətin bölünməsi – bütün bunlar nəticə etibarilə dövlətdə riyazi biliklərin artırılmasına xidmət edirdi.

Assuriya və Urartu kimi güclü dövlətlərin mütəmadi hücumlarına məruz qalan mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmış,  onları hasara alaraq qalalara çevirmişdilər. Həsənli yaşayış məskənində aparılan arxeoloji qazıntılar artıq e.ə VIII əsrin sonlarında burada  hüdür, kvadrat və dairəvi formada sütunlu sarayların,  2-3 mərtəbəli binaların tikildiyini göstərirdi. ( 4, səh. 42) Başqa sözlə, Mannada memarlıq inkişaf etmişdi və bu da mütləq şəkildə burada həndəsi,  riyazi hesablamaların  aparıldığının təsdiqi idi.

Digər tərəfdən isə dövlətin yaranması vergi sisteminin yaradılmasına səbəb olmuşdu. Bu da öz növbəsində riyazi biliklərə malik, düzgün mədaxil və məxaric hesabı aparan  vergi məmurlarının işə çəlb edilməsini tələb edirdi.

E.ə VII əsrdə isə Azərbaycan Midiya dövlətinin tərkibinə daxil olmuşdu. Midiya tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Paytaxtı Ekbatan şəhəri olan Midiya dövləti hökmdar Kiaksarın hakimiyyəti dövründə (e.ə 626 -585-ci illər) özünün zirvə nöqtəsinə çatmışdı.

Midiya hakimiyyəti dövründə Azərbaycan ərazisində riyaziyyat sahəsində biliklər daha da inkişaf etmişdi. Belə ki, Mannadan fərqli olaraq Midiya artıq bir imperiya idi və öz siyasi möhtəşəmliyini həm yeni və möhkəm şəhərsalma işində, həm də yaxşı təşkil olunmuş vergi sisteminin qurulmasında təsdiq edirdi.  Midiyanın tərkibinə Simali Mesopatamiya, Urartu, indiki İranın ərazisi  və Anadolunun bir hissəsi daxil idi və  dövlətinin sərhədləri Şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı (3.  səh 26) Belə bir dövlətin ərazisində  vergi sisteminin daha mükəmməl təşkili zəruri idi.

Midiyada  riyaziyyatın inkişafına təsir edən amillərdən biri atəşpərəstlik dini idi. Atəşpərəstlik burada hakim din idi. Dini məbədlərdə müxtəlif ayinlərin icrası ilə isə kahinlər - maqlar məşğul olurdular. Maqlar eyni zamanda zəngin biliklərin, o cümlədən riyazi və astronomik biliklərin daşıyıcıları idilər. Midiya kahinləri sonradan Əhəməni hakimiyyəti dövründə də öz ənənələrini qoruyub saxlamışdılar.

İranda meydana çıxan Əhəməni dövləti e.ə 550-ci ildə Midiya dövlətininin varlığına  son qoyduqdan sonra onun ərazisi Əhəmənilər imperiyasının tərkibinə daxil edilmişdi. Sonradan imperiyaya çevrilən bu dövlətin sərhədləri şərqdən Hind çayının sahillərindən qərbdə Egey dənizin sahillərinə qədər uzanırdı. Əhəmənilər İran, Hindistan, Orta Asiya, Kiçik Asiya ərazisində yaşayan  müxtəlif xalqları vahid dövlət tərkibinə daxil etdiklərindən onlar ararasında iqtisadi və eyni zamanda mədəni  və elmi əlaqələr  də güclənmişdi. Sözssüz ki, Azərbaycan  ərazisinin də bu dövlətin daxilində olması burada riyaziyyatın inkişafına da təsir edirdi.

Azərbaycan ərazisində riyaziyyatın və digər elmi biliklərin inkişafında yeni mərhələ ellinizm mədəniyyətinin təsiri ilə bağlı olmuşdu.

E.ə. IV əsrin ortalarında Balkanda Makedoniya dövləti yüksəlməyə başlamışdı.  Xeroneya yaxınlığındakı döyüşdən (e.ə. 338-ci il) sonra Makedoniya padşahı Filipp bütün Yunanıstanı özünə tabe etmiş, 336-cı ildə isə onu  oğlu Makedoniyalı İskəndər  əvəz etmişdi. Makedoniyalı İsgəndərin şərqə-Əhəməni imperiyası üzərinə yürüşləri həm də buraya  yeni mədəniyyətin və elmi biliklərin nüfuzu ilə nəticələnmişdi. E.ə. 331-ci ildə Əhəməni dövlətinin süqutu şərqdə ellinizm dövrünün bağlanğıcını qoymuşdu.

İsgəndərin ölümündən sonra (e.ə. 323) onun imperiyası qısa müddətdən sonra parçalansa da, onun yerində yaranan dövlətlər yunanların hakim təbəqə olduğuna görə tarixə ellin dövlətləri kimi daxil olmuşdular. Ellin dövlətlərinin təşəkkülü elmin, o cümlədən riyaziyyat elminin inkişafında yeni mərhələ olmuşdu. Həmin vaxt Misirdə hakimiyyətdə olan Ptolomeylər sülaləsi dövründə mühüm elmi nailiyyətlər əldə edilmişdi. Ptolomeylərin sarayında yaradılan Museyonda dövrün vacib kəşfləri edilmişdi. Məhz burada Evklid özünün hənədəsə elminin əsası olan “Əvəllər” əsərini yazmışdı (5, səh.26). Baxmayaraq ki, o vaxt  nə ərəb rəqəmləri hələ kəşf edilmişdi, nə də həndəsi sxemlərin çəkilməsi üçün alətlər var idi,  bununla belə ellinizm dovründə riyaziyyat ayrıca bir elm kimi öyrənilməyə başlamışdı.

Azərbaycan ərazisi  ayrıca olaraq hər hansı bir ellin dövlətinin tərkibinı daxil olmasa da, onlarla sıx əlaqələrin mövcudluğu Azərbaycanda yaşayan xalqlara o dövrün riyazi kəşfləri ilə yaxın tanış olmaq imkanı verirdi.

Makedoniyalı İsgəndərin ölümündən sonra Azərbaycanın cənubunda Atropatena dövləti (e.ə IV əsr) meydana gəlmişdi. Atropatenada yunan dili, elmi, təhsili və incəsənəti geniş yayılmışdı (6. səh 20). Qədim Atropatena ərazisində aparılan arxeoloji qazıntılar burada möhtəşəm şəhərlərin mövcud olduğunu  təsdiq edir. Şəhərlər bir qayda olar iri məbədlərin ətrafında tikilirdi.

Atropatena qonşu CənubiQafqaz xalqları, Şimali Qafqaz, Volqaboyu xalqları, Qara dəniz sahili, Kiçik Asiya ölkələri, Mesopotamiya, İran, Hindistan və s. yerlərlə ticarət əlaqələri saxlayırdı.

Şəhərlərin tikilişi, ticarət əlaqərinin inkişafı riyazi hesablamalara da böyük ehtiyac yaradırdı. Midiyada olduğu kimi hakim dinin atəşpərətlik olduğu Atropatenada da bu hesablamalar kahinlər tərəfindən aparılırdı. Üstəlik, ellin dövlətləri ilə sıx əlaqələr Atropatena kahinlərinə bu ölkələrdə riyaziyyat sahəsində əldə edilən nailiyyətlərdən geniş istifadə etmək imkanı verirdi.

Eyni dövrdə Azərbaycanın şimalında Albaniya dövləti təşəkkül tapmışdı. Arxeoloji qazıntılar Albaniyada da təsərrüfatın müxtəlif sahələrinin-əkinçilik, maldarlıq,  sənətkarlıqla yanaşı hesablama tələb edən sahənin-ticarətin xüsusilə inkişafını göstərir. Dövlətin paytaxtı olan Qəbələ şəhəri ərazisində tapılan pul dəfinələri bunu təsdiq edir. Ölkədə müxtəlif dinlər mövcud idi. Ən çox yayılmış din isə atəşpərətlik idi (7, səh.25)  və hakim təbəqə arasında geniş yayılmışdı. Albaniyada da kahinlər həm də elmi biliklərin daşıyıcıları idilər. Albaniyada ellin alimlərinin elmin müxtəlif sahələrinə o cümlədən riyaziyyat elminə dair əsərləri tərcümə edilirdi. IV əsrdə (təqribən 313-314- сü illər) Albaniya hökmdarı Urnayr xristianlığı qəbul etmişdi. Xristianlıq dövlət dini elan edilmişdi. Urnayr tərəfindən ölkə ərazisində kilsələr tikilmişdi. Xristianlığı qəbulu riyaziyyat elmini Albaniyada yeni pilləyə qaldırmışdı. Belə ki, kilsələrin nəznində  təşkil edilən məktəblərdə digər elmlərlə yanaşı riyaziyyat elmi də öyrənilirdi.

III əsrdə İranda Sasanilər imperiyasının meydana gəldikdən sonra Atropatena və Albaniya bu dövlətin tərkibinə daxil edilmişdi. Siyasi müstəqillikdən məhrum olmasına baxmayaraq Azərbaycanın şimalı və cənubunun vahid bir siyasi qurumun tərkibinə daxil olması onlar arasında iqtisadi, mədəni və elmi biliklərin, o cümlədən riyazi biliklərin inteqarasiyasına kömək etmişdir.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35