Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev beynəlxalq konfransda iştirak edib

12.06.2020
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 11-13 iyun 2020-ci il tarixində Türkiyənin İsparta şəhərindən təşkil olunmuş “Dədə Qorqud bilgi şöləni və Dəli Dönməzə ad vermə müzakirəsi” adlı onlayn beynəlxalq konfransda iştirak edib.
Üç gün ərzində “Yeni əl yazması gerçəkdən Dədə Qorqud nüsxəsidirmi?”, “Əl yazmada neçə boy vardır?” və “Əl yazmanın adı necə olmalıdır?” başlıqları altında aparılan elmi müzakirələrdə B.Quliyev “Kitabi Dədəm Qorqudun indiyə qədər az araşdırılmış müqayisəli bəzi mövzuları üzərində” adlı məruzə ilə çıxış edib.
Gənc alim məruzəsində “Kitabi Dədəm Qorqud”un adı, yazı çevirisi (transkripsiyası), tarixi və mənsubiyyəti haqqında müxtəlif müddəalar irəli sürüb. Kitabın adındakı “Dədə” sözünün “Dədəm” şəklində yazılmasının məqsədəuyğun olduğunu bildirən tarixçi qeyd edib ki, əlyazmaların yazı çevirisi zamanı Azərbaycan əlifbasında mövcud olan “ə”, “x”, “q” hərflərindən də istifadə etmək mümkündür. Kitabın yaşını müəyyən edərkən bir neçə amilin göz önündə tutulmasının önəmini vurğulayan B. Quliyev yeni tapılmış “Türkmən Səhra” əlyazmasının XVI-XVII əslərə aid olduğunu bildirib.
Məlumat üçün bildirək ki, “Kitabi Dədəm Qorqud”un Türkmən-Səhra” adlı monoqrafiyası nəşr olunduqdan və kitab elmi ictimaiyyətdə tanındıqdan sonra türkologiyaya həsr olunan müzakirələrə iştirak dəvəti alan gənc tarixçi ardıcıl şəkildə onlayn tədbirlərə qatılaraq öz məruzələrini təqdim edir.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35