Elm Tarixi İnstitutu görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirib

18.06.2020
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan onlayn elmi konfrans keçirib.
Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli tədbiri giriş sözü ilə açaraq görkəmli ədibin həyat və yaradıcılığından danışıb. M.Seyidbəyli bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərib. Ə.Haqverdiyevin Azərbaycanın ictimai həyatında fəal iştirak etdiyini və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışdığını vurğulayan İnstitut direktoru bildirib ki, onun adının YUNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi yazıçının yaradıcılığına verilən dəyərdir.
Sonra Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ə.Haqvediyevin diplomatik fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ə.Haqverdiyevin 1919-cu ilin fevralından etibarən Dağıstan Dağlı Respublikasına səfir təyin olunması və oradakı diplomatik fəaliyyətindən bəhs olunub.
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “Ə. Haqverdiyevin həyatı və yaradıcılığı monoqrafiyası” adlı məruzəsini təqdim edib. O, görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salaraq bildirib ki, Əbdürrəhim bəy Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib.
Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov isə “Ə.Haqverdiyevin ictimai və fəlsəfi görüşləri” mövzusunda məruzə ilə çıxış edib. Ə.Haqverdiyevin dilçi, dramaturq, ədib, tərcüməçi və tənqidçi olduğunu əsaslandıran Ə.Məlikov qeyd edib ki, maarifçiliyi, cəmiyyətin problemlərini görməsi, yazması, həmçinin, dövrünün problemlərini həll etməyə çalışması nöqteyi nəzərindən onu mütəfəkkir- filosof da hesab etmək olar.
Daha sonra AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, aparıcı elmi işçilər, filologiya üzrə fəlsəfə doktorları – Gülbəniz Qocayeva “Ə.Haqverdiyevin həyatının bilinməyən tərəfləri”, Lütviyyə Əsgərzadə “Haqverdiyevin dramaturgiyası”, Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Ə.Haqverdiyevin əsərlərində Azərbaycan tarixinə dair materiallara ümumi bir baxış”, İnstitutun Təbiət və dəqiq elmlər şöbəsinin elmi işçiləri – Aybəniz Osmanova “Ə.Haqverdiyevin nəsr əsərlərinin müasirliyi”, Solmaz Namazova isə “Ə.Haqverdiyevin “Molla Nəsirəddin” jurnalı barədə xatirələri” adlı məruzələrlə çıxış ediblər.
Çıxışlarda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli ideologiyanın oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynayan ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açıb. Vurğulanıb ki, sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini dolğun əks etdirən vətənpərvər ədibin əsərləri dövrünün hadisələrini, ictimai-siyasi mənzərəsini əks etdirən tarixi qaynaq kimi də əhəmiyyətə malikdir və onun maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləyən son dərəcə zəngin hekayələri müasirliyi baxımından nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur.



ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com,
(012) 539 51 35