Elm Tarixi İnstitutu yarımillik fəaliyyətini müzakirə edib

21.07.2020
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) 2020-ci ilin birinci yarısına dair onlayn hesabat iclası keçirilib.
Tədbirdə müəssisənin əməkdaşları pandemiya dövrü də daxil olmaqla yarımillik fəaliyyətləri ilə bağlı hesabatlarını İnstitut rəhbərliyinə təqdim ediblər.
Bildirilib ki, karantin səbəbindən verilmiş məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən İnstitut əməkdaşları müxtəlif mövzularda kitab və məqalələrin hazırlanması ilə yanaşı, onlayn seminar və konfranslara da qatılıblar. Bu müddət ərzində İnstitut alimlərinin məqalələri yerli və xarici impakt faktorlu jurnallarda dərc edilib.

Tədbirdə əməkdaşlar tərəfindən ayrı-ayrı mövzularda aparılan tədqiqat işləri, o cümlədən hazırlanıb çapa təqdim olunacaq  kitabların məzmunu müzakirə edilib. Bildirilib ki, Elm Tarixi İnstitutunun 18 iyun 2020-ci il tarixdə böyük dramaturq,  tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr etdiyi onlayn elmi konfransın materialları da çapa təqdim ediləcək.
Onlayn iclasda, həmçinin oktyabr ayında
elmşünaslığla bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi seminarın, habelə ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi konfransa hazırlıq işləri müzakirə olunub. İnstitut əməkdaşları bu istiqamətdə topladıqları materiallar və hazırladıqları elmi məqalələrin ümumi məzmunu haqqında məlumat veriblər.
Tədbirin sonunda İnstitutun qarşıdakı 6 ayda görəcəyi işlərin planı qəbul edilib.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35