AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin və İnstitutun əməkdaşı Solmaz Namazovanın “Elm və Həyat” jurnalında birgə məqaləsi yayımlanıb

22.07.2020
img

Dünya tarixində pandemiyalar

Bəşəriyyət mövcud olduğu dövr ərzində daim kütləvi şəkildə insanların qırılması ilə müşayət olunan yoluxucu xəstəliklər və epidemiyalarla qarşılaşmışdır. Yoluxucu xəstəliklər həmişə tarixin bütün mərhələlərində insanlıq üçün olmuşdur. Çoxsaylı viruslar təkrar-təkrar milyonlarla insanın həyatına son qoymuşdur. Bu viruslar epidemiyaya çevrilmiş və onların hər biri ayrı-ayrılıqda özünün xüsusi mənşəyi ilə seçilmişdir. Ancaq burada daha geniş yayılmış və bütün insanlığa qarşı “amansız” olan xəstəliklər üzərində dayanmağa böyük ehtiyac vardır.

Bəşər tarixinin orta əsrlər dövrünün çoxsaylı məhvedici xəstəlikləri olmuşdur. Bu dövrün  əsas xəstəlikləri bunlar idi: vərəm, malyariya, çiçək xəstəliyi (suçiçəyi), göy öskürək, qaşınma, ekzema, qızıl yel xəstəliyi. Dizenteriya, tif və vəba bütün müharibələr zamanı mövcud olub və XIX əsrin ortalarına qədər bu xəstəliklərdən ölənlərin sayı döyüşdə həlak olan əsgərlərin sayından daha çox olmuşdur. Orta əsrlər həm də geniş miqyaslı epidemiyaların yayılması ilə xarakterizə olunurdu. Ən təsirli və kütləvi qırğınlara səbəb olan epidemiya Avropada X əsrin sonlarında göbələk xəstəliyinin törətdiyi qızdırma epidemiyası olub, eyni zamanda vərəm də geniş yayılmışdı. İnsanların həyatı üçün təhlükə olan sonrakı yerləri dəri xəstəlikləri tuturdu - ilk növbədə, dəhşətli cüzam. Avropada XIV əsrdə cüzamlı xəstələrin ictimai yerlərə (kilsə, çörəkxana) getməsi, quyulardan yararlanması qadağan olunmuşdur. Bu qadağalar XVI əsrdə də tətbiq edilmişdir. Rusiyada XVI əsrin əvvəlində “qorxulu xəstəliklərdən” ölənlərin dəfn mərasiminin yerinə yetirilməsinə icazə verilmirdi: onları ayrıca qəbiristanlıqda basdırırdılar.

Bu qəbildən olan xəstəliklərdən bəziləri günümüzdə də təhlükə olaraq qalır. Bəzi yoluxucu xəstəliklərin mənşəyi insanlıq tarixinin xatırlanmayan dövrlərinədək gedib çıxır. Məsələn, tədqiqatçılar hesab edir ki, malyariya paraziti 600 milyon il əvvəl meydana çıxmışdır. Təkcə 2000-ci il ərzində 350-dən 500 milyonadək malyariya xəstəliyinə tutulması hadisəsi qeydə alınmışdır. Bunlardan 2 milyonu ölümlə nəticələnmişdir. Yalnız 2017-ci ildə nəhayət ki, bu qədim xəstəliyin vaksini yaradılmışdır.

Təbii çiçək xəstəliyinin ortaya çıxma tarixi məsələsi hələ də tam olaraq həll edilməmişdir və təxmin edilir ki, təbii çiçək xəstəliyi 68 min il əvvəldən 16 min il əvvələdək olan zaman müddətində təkamül keçmişdir. Təbii və ya qara çiçək virusunun ortaya çıxdığı və yayıldığı region qismində adətən Afrika, daha dəqiq Misir (e.ə 3730-3710-cu illər), ya da Cənub- Şərqi Asiya və şərq ölkələri olan Çin, Koreya, Yaponiya göstərilir (5 və 16-cı əsrlərdə). Ancaq genetik tədqiqatlara əsasən insanda olan təbii çiçək xəstəliyinin dəvədə olan çiçək xəstəliyinə yaxın olduğu müəyyən edilmişdir və bunun nəticəsində belə bir qərara gəlinmişdir ki, bu xəstəlik, eramızın əvvəllərində Yaxın Şərq regionunda məhz dəvədən insana keçmişdir. Qeyd etmək maraqlıdır ki, Hindistanda xüsusi çiçək xəstəliyi ilahəsinə ibadət edirdilər, müxtəlif bəxşişlərlə onun könlünü almağa çalışırdılar. Bir sıra digər tədqiqatçıların fikrinə görə isə “İncildə” (mənbə, fəsil IX, ayə 9-10) Misirdə baş verən 10 iztirabdan bəhs edilərkən məhz çiçək xəstəliyinin adı çəkilmişdir.

Virusun Avropaya daxil olmasından sonra bu xəstəlik olduqca uzun bir müddətdən sonra Avropa müstəmləkəçiləri vasitəsi ilə Cənubi və Şimali Amerikaya da gedib çıxır və nəticədə yerli hinduların sayını bir neçə dəfə ixtisar edərək aborigenlərin yaşayış məskənlərini viran qoymuşdur. Təsəvvür etmək çətin olsa da çiçək xəstəliyi Avropada 3000 il ərzində tüğyan etmiş və bütün dünyada 400 milyondan 600 milyonadək insanın həyatına son qoymuşdur. 1979-cu ildə ÜST tərəfindən təbii çiçək xəstəliyinin tam ləğv edilməsi haqqında məlumat verilir.

        Yer kürəsindəki ən qədim xəstəliklərin sırasına səpmə yatalaq da daxildir. Alimlər təsdiq edirlər ki, Misir və Həbəşistandan çıxmış ilk səpmə yatalaq epidemiyası qədim yunan tarixçisi Fukidid tərəfindən qeyd edilmişdir: səpmə yatalaq xəstəliyinin şiddətli yayılması e.ə 40-cı ildə Yunanıstanın paytaxtı Afinada baş vermişdir. Sonra xəstəlik buradan Avropada geniş yayılmış, daha sonra indiki Rusiyaya da keçmişdir. Mənbələrin məlumatına əsasən 1576-77-ci illərdə Meksikada 2 milyondan çox hindu səpmə yatalaqdan ölmüşdür. İnqilabdan sonrakı Rusiyada isə (1917-1921-ci illər arasındakı müddətdə) ümumilikdə 1 milyon insan həlak olmuşdur.

Tarixçilər sarı qızdırmanın mövcudluğu haqqında tarixi qeydləri epidemiyanın Mərkəzi Amerikada Yukatan yarımadasında yayılması ilə bağlı təsvirlər əsasında 1648-ci ildən götürürlər. Bu xəstəliyin güclü yayılması qanunauyğun olaraq tropik Afrika və Cənubi Amerika ölkələrində baş verirdi. Napoleon ordusunun 1802-ci ildə Haitidəki hərbi ekspedisiyası zamanı bu xəstəliyin epidemiyasından 50 min əsgər həlak olmuşdur. Sarı qızdırma xəstəliyi Avropada 1823-cü ildə qeydə alınmışdır.

Ən qədim və qorxunc epidemiyalardan biri də "qara ölüm” adlandırılan taun xəstəliyidir. Onun haqqında ilk məlumatlar II əsrin sonu, III əsrin başlanğıcına təsadüf edir. Eramızdan əvvəl V əsrdə də taun xəstəliyinin böyük epidemiyası baş vermişdir. Hətta həmin dövrdə taun törədicisini bioloji silah kimi istifadə etmişlər. Ordular mühasirəyə aldıqları qalalardakı içməli suları zəhərləmək üçün taun xəstəliyinə tutulmuş insanları, ya da heyvanları quyulara atırdılar. 1172-ci ildə bizanslılar Venesiya şəhərini mühasirəyə alaraq şəhərin bütün quyu və bulaqlarını taunlu heyvan leşləri ilə doldurmuşdular. Taun epidemiyası dünyanın bir sıra ölkələrinə yayılmışdı. Bu epidemiyanın ilk nəhəng ölçülü yayılma hadisəsi VI əsrdə hakimiyyətdə olmuş Bizans imperatoru Yustinianın dövrünə aiddir. Bu virusa yoluxaraq vəfat etmiş imperatorun adına uyğun olaraq bu xəstəlik “Yustinian vəbası” adını almışdır. Tarixçilərin qeyd etdikləri kimi kimi vəba Bizansa qısa zaman ərzində (532-580-ci illərdə) Misirdən keçmiş və demək olar ki, bütün Aralıq dənizi ölkələrini əhatə etmişdir.  Yalnız göstərilən illərdə bu xəstəlikdən təxminən 100 milyon insan vəfat etmişdir ki, bu Şərqi Roma imperiyasının əhalisinin yarısından çoxunu təşkil edirdi.

Vəba pandemiyası 1855-ci ildə də yayılmışdır. Çin şəhəri Kantonda başlamış və vəba dəniz sahilinə çatan kimi qısa müddət ərzində xarici ölkələrə yayılmışdır. Vəba xəstəliyi əsasən 87 liman şəhərində qeydə alınmışdır və burada da ən çox zərər görən Honkonq və Bombey olmuşdur. Vəba Hindistanda 1892-ci ildə başlamış və 6 milyondan çox insanın həyatına son qoymuşdur. XX yüzilliyin əvvələrində isə vəba Cənubi Amerikanın Azor adaları və Yer kürəsinin bir sıra digər bölgələri üzərindən “keçmişdir”.

Hələ antik dövrlərdən etibarən Hindistanda Qanq çayı vadisində xolera kimi yoluxucu xəstəliklər yaxşı məlum idi. O, zamandan buradan dünyanın bir çox ölkələrinə yayılmış və bəzən bütöv qitəni əhatə etmişdir. Xoleranın ən çox yayıldığı ərazi Afrika və Cənubi Amerika ölkələridir. 1817-ci ildən etibarən fasiləsiz xolera pandemiyası dalğaları milionlarla insanın məhvinə səbəb olmuşdur. Həmin vaxt, yəni XIX əsrdə xoleraya qarşı ilk vaksin hazırlanmışdır.

Yer kürəsi əhalisi üçün digər əsl nəhəng fəlakət vərəm xəstəliyi olmuşdur. Bu nəhəng epidemiya Avropada “böyük ağ vəba” kimi tanınmış və 1600-cü illərdə başlamış və 200 ildən çox davam etmişdir. Günümüzdə də, XX əsrin sonlarında çoxlu sayda antibakterial preparatların hazırlanmasına baxmayaraq vərəm yenə də əvvəlki kimi bəşəriyyətin əsas düşmənlərindən biri olaraq qalır və hər il 1.8 milyonadək insanın həyatına son qoyur.

Avropada sonradan geniş yayılmış bir sıra təhlükəli yoluxucu xəstəliklər XX əsrin ilk onilliyində ortaya çıxmışdır. Bunlara hər şeydən əvvəl donuz qripini (insanda olan virus-infeksiya xəstəliyinin şərti adı) göstərmək olar ki, bu xəstəlik ilk olaraq 1909-cu ildə Meksika və ABŞ-da ev donuzları arasında yayılmışdır. Hesab olunur ki, donuz qripinin növlərindən biri də ispan qripidir. İspan qripi epidemiyası 1918-1919-cu illərdə bütün dünyaya İspaniyadan yayılmış və 500 milyondan çox insanın həyatına son qoymuşdur ki, bu həmin dövrdəki Yer kürəsi əhalisinin ¼-ni təşkil edirdi.

İspan qripinə ilk yoluxma halları 1918-ci ildə Şimali Amerikada (Hanzas ştatı, Abş) rast gəlinmişdir və bu xəstəlik bu əraziyə Şərqi Asiyadan gəlmişdir. Sonralar isə bu xəstəlik əsgər və çinli fəhlələr vasitəsi ilə I Dünya müharibəsində iştirak etmiş Fransa, Böyük Britaniya və digər ölkələr də daxil olmaqla Avropada kütləvi halda yayılmağa başlamışdır. Tarixçilərin təxmini hesablamalarına görə 1918-1920-ci illərdə dünyanın demək olar ki, ¼-i ispan qripi ilə xəstələnmişdir.

Yoluxucu xəstəliklərə həsr olunmuş ədəbiyyatda QİÇS (insanın immun çatışmazlığı) bəzən “XX əsrin vəbası” adlandırılır. Bu xəstəlik üçün xarakterik olan simptomlar ilk dəfə 1981-ci ilin iyununda ABŞ-da qeydə alınmışdır. 1983-cü ildə ABŞ və Fransa tədqiqatçıları QİÇS-ə səbəb ola biləcək virusu təsvir edirlər. Buna baxmayaraq bu xəstəliyin ilk qurbanı 1959-cu ildə Konqoda vəfat etmiş bir kişi olmuşdur. 2018-ci ildə BMT-nin İİV problemləri üzrə Birləşmiş proqramının verdiyi məlumatlara əsasən dünyada 37.9 milyon insanın İİV infeksiyasına yoluxduğu bildirilir. Onlardan 1.7 milyonu 15 yaşlı uşaqlardır. Şərqi və Cənubi Afrika ölkələrində vəziyyət daha acınacaqlıdır, burada 20.6 milyon yoluxmuş insan yaşayır.

2000-ci illərdə “quş qripi” xəstəliyi də bəşəriyyətə az narahatçılıq yaratmamışdır və məlum olduğu kimi bu xəstəlik insana quşlardan keçmişdir. ÜST-ün verdiyi məlumatlara əsasən 2003-2008-ci illərdə quş qripinə yoluxmuş 351 hadisədən 227-si ölümcül olmuşdur.

Ebola xəstəliyi də zamanla özünü bizlərə xatırladır. Bu xəstəlik Ebola virusundan yaranmış və ilk dəfə 1976-cı ildə Zairdə, Ebola çayının sahilində bir yaşayış məskənində qeydə alınmışdır. Belə hesab olunur ki, bu virusun ilk daşıyıcıları yarasalar olmuşdur. Bu xəstəliyin büruzə verdiyi zamanlarda ölüm halı 90 faizə çatmışdır. ÜST-ün verdiyi məlumatlara əsasən xəstəlik təkcə Afrika ölkələri olan Mali, Nigeriya, Seneqalda qeydə alınmamış, həmçinin İspaniya, Böyük Britaniya, Abş-da da qeydə alınmışdır. ÜST-ün verdiyi məlumatlara əsasən Ebola virusunun başlanmasından 30 min insan yoluxmuşdur ki, bunun 11.3 min insan vəfat etmişdir.

Nəhayət, demək olar ki, bütün müasir dünyanı iflic etmiş infeksiya üzərində dayanmamaq olmaz. 2002-ci ildə cənubi Çin əyaləti Quandunda SARS virusu ortaya çıxanda artıq koronoviruslar haqqında məlumatlar var idi. Daha sonra Çində, Vyetnamda, Yeni Zelandiyada, İndoneziyada, Tayland və Filippində çoxsaylı yoluxma halı qeydə alınmışdır. Atipik pnevmoniya Asiya ölkələrindən savayı Şimali Amerika və Avropada da qeydə alınmışdır. ÜST-ün məlumatlarına əsasən 2002-2003-cü illərdə dünyanın 30 ölkəsində yoluxmuş insanların sayı 8437 nəfər təşkil etmişdir. Onlardan 800-dən çoxu vəfat etmişdir.

2012-ci ildə Səudiyyə Ərəbistanında Yaxın Şərq Tənəffüs Sindromu (YŞTS) üzə çıxarılmışdır ki, bu tezliklə Yaxın Şərqin digər ölkələrinə də yayılmışdır. ÜST-ün təxminlərindən birinə görə bu virusun daşıyıcıları dəvələr idi. 2012-ci ildən 2015-ci ilədək xəstəlik halları 20-dən çox ölkədə, o cümlədən Böyük Britaniyada, Almaniyada, Çində və ABŞ-da qeydə alınmışdır. ÜST-ün məlumatlarına əsasən 2012-ci ilin sentyabrından başlayaraq bütün dünyada laboratoriya şəraitində 1.3 mindən çox təsdiqlənmiş infeksiyaya yoluxma halı qeydə alınmışdır və 450-si ölümlə nəticələnmişdir.

Koronavirus infeksiyası COVİD 19 ilk dəfə 2002-ci ildə Çində yaşayan KTVF xəstələrində aşkar olunmuşdur. Bu virusun digər alt növü 2015-ci ildə Cənubi Koreyada yoluxmalara səbəb olmuşdur. Bu gün dünyada yeni mutasiya olunmuş koronovirus tüğyan edir ki, COVİD 19 –(2) adlandırılmışdır.

Xalqımızın tarixində pandemiyalar

Azərbaycan tarixinin müəyyən dövrlərində, minlərlə, milyonlarla insanın həyatına son qoyan epidemiyalar olub. Atabəylər dövründə də taun xəstəliyi kütləvi şəkildə yayılmışdır. Bu xəstəlik Atabəyin ordusuna böyük ziyan vurmuşdur (yanvar, 1174). Yüz döyüşçüdən, demək olar ki, hamısı məhv olmuşdu. O dövrdə taun çoxlu insan həyatına son qoymuşdur. Kütləvi ölümə səbəb olan qorxulu epidemiyalar XV əsrdə də (Azərbaycanda Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövlətinin mövcud olduğu dövrdə) baş vermiş və bu da çoxsaylı insan itkisi ilə nəticələnmişdir. 1369-cu ildə Təbrizdə yayılmış vəba xəstəliyi nəticəsində 300 min adam tələf olmuşdur. Lakin şəhərdə əhali çox olduğundan bu insan tələfatı o qədər də hiss olunmadı. 1430-cu ildə qıtlıq və aclıq nəticəsində 100 min nəfər həyatını itirmişdi. 1487-1490-cı illərdə isə Təbrizdə üç dəfə vəba xəstəliyi yayılmış və xeyli adam tələf olmuşdu. Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin hakimiyyəti dövründə (1497-1501) Azərbaycanda zülmün və vəba xəstəliyinin nəticəsində xeyli adam ölmüş, əhali yoxsullaşmış, bir hissəsi də vətənini tərk etmək məcburiyyətində qalmışdır.

1538-1539,1540,1545-1546,1548-1549,1580-1581-ci illər də Təbrizdə yenidən vəba xəstəliyi yayılmış və xeyli insan tələfatına səbəb olmuşdu. Həmin illərdə Təsərrüfat həyatı da çoxlu ziyan çəkmişdi. 1578-79-cı illər Təbrizdə baş verən qıtlıqdan və bahalıq nəticəsində gündə 50-60 nəfər acından ölürdü. Təkcə 1580-1581-ci illərdə Şəhərdə vəba xəstəliyindən gündə 200-300 nəfər insan həyatını itirmişdir. Həmin ildə yayılmış xəstəlik nəticəsində Təbriz və onun ətraf mahalında 6 min adam tələf olmuşdur.  Bu, həmin dövrdəki müharibələrlə əlaqədar idi. Bu səbəbdən şəhər xarabalığa çevrilmiş, iqtisadiyyatı çökmüş və nəticədə əhalinin həyat səviyyəsi kəskin şəkildə pisləşmişdi.

Qədim tarixə malik qorxulu xəstəliklər-epidemiyalar neçə-neçə abad şəhərlərin həyatına son qoymuşdur. Məsələn, Ərdəbil özünün böyüklüyü və qədimdən qalmış gözəlliyi ilə başqa şəhərlərdən seçilirdi. Mənbəyini Savalan dağından alan Balıqlı çayının suyu Ərdəbilin əksər küçələrindən axır və şəhər Venesiyanı xatırladırdı (Pyetro della -Valle). Ərdəbilə gəlmiş F.Kotovun məlumatına görə, bu şəhər Şamaxıya nisbətən böyük idi, burada çoxlu karvansara vardı. Ərdəbildəki Səfəvi Şahlarının məqbərələrinə ziyarət etmək üçün buraya çoxlu zəvvar gəlirdi və bu amil şəhərin iqtisadiyyatının canlanmasına səbəb olurdu. Lakin Azərbaycanın bəzi yerlərində və onunla qonşu olan ölkələrdə baş verən taun xəstəliyi Ərdəbildən də yan keçmədi və onun iqtisadi tənəzzülə uğramasına səbəb oldu. Doqquz yüz səksən birinci ildə (miladi 1573/74) taun xəstəliyindən Ərdəbil darülirşadında otuz min nəfərədək adam tələf oldu. 1623-cü ildə də vəba və taun xəstəliyi şəhərə yenidən yayıldı və  on minlərlə insanın ölümünə səbəb oldu.

Mövcud mənbələrin göstərdiyinə görə Azərbaycan daim yolxucu xəstəliklərin hücumuna məruz qalmış ölkələr sırasında olub. Tarixən ölkə ərazisində baş verən təbii fəlakətlər, kütləvi şəkildə yayılan xəstəliklər, sarsıdıcı hücumlar çoxsaylı insan itkisi ilə nəticələnib. Hələ 1578-1579-cu illərdə Osmanlı-Krım ordusunun hərbi əməliyyatları, dağıntılar, qarətlər nəticəsində də Azərbaycanda şiddətli aclıq və taun xəstəliyi tüğyan etmişdir, ölənlərin sayıhesabı yox idi. Ac insanlar köhnə sümükləri bişirir, dəri, yırtıq ayaqqabı yeyirdilər, dilənçilər çöllərə səpələnir, keçi və qoyun sürüləri kimi yabanı tərəvəz və göy ot yeyirdilər. Əvvəllər əhalinin sıx olduğu bəzi bölgələr demək olar ki, viran qalmışdı.

XVII əsrin ikinci yarısında– 1677\78-ci illərdə taun xəstəliyi Dağıstanda  da yayılmışdır. Bir neçə ildən sonra epidemiyanın yeni dalğasının uzun müddət davam etməsi böyük fəsadlara səbəb olmuşdur. Təkcə lak kəndi Qumukda 500-dən çox adam həyatını itirmişdi. Həmin xəstəlik 1687/88-ci illərdə Tabasaranda, 1716/17-ci illərdə də Azərbaycanda tüğyan etmişdir. Epidemiyanın yayılması Şamaxı və onun ətraflarında 70 min adamın ölümünə səbəb olmuşdur. Bu xəstəlik 1726-cı ildə Rəştdə də baş vermiş və xəstəlik dəniz havası ilə şimalda böyük ərazilərə yayılmışdır. 1763, 1799-cu illərdə Şirvanda və xüsusilə Ağsu şəhərində də şiddətli taun xəstəliyi baş vermişdi. 1822-ci il ümumi vəba ili hesab edilirdi.

XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda səhiyyə xidməti aşağı səviyyədə idi. Bir tərəfdən həkim qıtlığı, digər tərəfdən xəstəxanaların azlığı, üçüncü tərəfdən isə antisanitariya problemi. Natəmizliyin olması yoluxucu xəstəliklərin, xüsusilə dəri-zöhrəvi, qoturluq, ağciyər, traxoma, vəba və s. kimi xəstəliklərin yaranmasına və yayılmasına gətirib çıxarırdı. Bakı komendantının 1830-cu il 4 noyabr tarixli 345 saylı məlumatında göstərilir ki, Bakı əyalətində son 10 ildə 3 dəfə vəba baş vermişdir. 1873, 1892, 1903, 1906-1907, 1916-1919-cu illərin epidemiyaları da əhali arasında böyük tələfata səbəb olmuşdur. Onun qarşısını almaq üçün müxtəlif cür tədbirlər görülmüş, vəba barakaları yaradılmışdır.

Hələ 1897-ci ilin məlumatında qeyd olunmuşdur ki, Bakıda 112 253 nəfər əhali yaşamışdır. Lakin bu əhalinin tibbi xidmət səviyyəsi çox aşağı olmuşdur. Şəhərdə fəaliyyət göstərən 40 hamamın yalnız 6-sı Avropa tipli idi. İçməli su mənbələri də yarıtmaz halda idi. 500-ə qədər quyunun suyu şirin deyildi. Fəhlələr çox namünasib şəraitdə yaşadıqları üçün yoluxucu xəstəliklərə tutulur və bu xəstəliklərdən ölənlərin sayı artırdı. Mədənlərdə qalıb işləyən fəhlələrin həyatı daha dözülməz idi. Onlar xüsusi fəhlə qazarmalarında qalırdılar. Darısqal, his-toz basmış qazarma otaqlarının hər birində 6 nəfərdən artıq, hətta 20 nəfərədək fəhlə çox zaman döşəmənin üstündə yan-yana uzanıb yatırdı. Sabunçu kəndində ləzgi fəhlələri üçün qayaların arasında yaşayış yeri düzəldilmişdi. Neftçi fəhlələrin yaşadığı mədənlərdə hamam belə yox idi. Onlar çox vaxt ümumi göllərdə yuyunmağa məcbur olduqlarından, tez-tez yoluxucu xəstəliklərə tutulurdular. Hətta, neft mədənlərində içməli su da verilmirdi.

1894-cü ildə şəhər duması Mixayılov xəstəxanasında yeni yoluxucu xəstəliklər şöbəsinin tikintisi planını təsdiq etdi. Sanitariya işlərini yaxşılaşdırmaq üçün yaradılan qurğulara 300 min rubl vəsait xərclənmiş, dezinfeksiya kamerası, kimyəvi laboratoriya, bakterioloji kabinet işə salınmışdır. 1896-cı ildə Bakıda ilk dəfə şəhər sanitariya stansiyası açılmışdı. Bakıda həmçinin dezinfeksiya kameraları da epidemiya əleyhinə tədbirlər sırasında mühüm rol oynayırdı.

Ticarət-sanitar işlərində də şəhər laboratoriyalarının rolu az da olsa hiss olunurdu. 1910-cu ildə ayrı-ayrı mənzillərin dezinfeksiyası keçirilmişdir. Bəzi hallarda ayrı-ayrı adamlar və yaxud idarələr tərəfindən sanitariya qaydalarının pozulmasına görə ciddi cəzalar verilirdi. Bakıdan fərqli olaraq digər qəzaların heç birində bu dövrdə sanitariya mərkəzləri açılmamışdır. Çox vaxt müvəqqəti sanitar dəstələrinin xidmətinə müraciət olunurdu. Sanitar epidemioloji vəziyyətin gərgin olduğu Yelizavetpol quberniyasında bir dənə də olsun dezinfeksiya kamerası və ya bakterioloji mərkəz yox idi. Burada xüsusi epidemioloji müalicə müəssisələri ancaq 1903-1907-ci illərdə yaradılmışdı. Halbuki, XIX əsr və XX əsrin əvvəllərində hər 3-5 ildən bir güclü vəba epidemiyaları baş verirdi. İrəvan quberniyasında da sanitariya xidmətinin səviyyəsi çox aşağı idi. Məsələn, Naxçıvan kimi şəhərdə cəmi 3 hamam fəaliyyət göstərirdi.

            Həsən bəy Ağayev, Kərim bəy Mehmandarov kimi həkimlər, habelə maarifpərvər ziyallıların bütün cəhdlərinə baxmayaraq hökumətin milli müstəmləkəçilik mövqeyi sanitariya sahəsinə də ciddi zərər vururdu. Həkimlərin azlığı, kəsərli tibb-sanitariya sisteminin yoxluğu vəsaitin çatışmazlığı kütləvi xəstəliklərin qarşısını almağa, onların ağır nəticələrini aradan qaldırmağa imkan vermirdi.

            Ümumiyyətlə Şimali Azərbaycan ərazisi gediş-gəliş üçün hər tərəfdən açıq olduğundan, sanitariya nəzarətinin zəifliyindən hər hansı bir epidemiyanın qarşısını almaq çox çətin olurdu. Tibb mütəxəssislərinin azlığı, xəstə qəbulu məntəqələrinin seyrəkliyi xəstəliklərin yayılması üçün əlverişli şərait yaradırdı. Belə şəraitdə keçirilən həkimlər yığıncaq-qurultayları (1893- vəba, 1901-malyariya və traxoma, 1911-taun və vəba əleyhinə) müxtəlif epidemiyalara qarşı mübarizənin təşkili, toplanılmış təcrübənin yayılması sahəsində mühüm rol oynadı.

            1910-cu ilin məlumatlarına görə Bakı quberniyasında dəri xəstəliyinə tutulanlar 28426, göz xəstəliyinə tutulanlar 20377, parazitoloji xəstələr 16960, tənəffüs orqanı xəstəliklərinə tutulanlar 16340, xəsarət alanlar 17000 nəfər olmuşdur. Burada göstərilən məlumatlardan aydın olur ki, qeyri-sirayətedici mərəzlər çox intişar tapdığı kimi göz ağrısı (traxoma) da artıq dərəcədə şiddət etmişdir. Traxoma xəstəliyinin geniş xalq kütlələləri arasında yayılması, törətdiyi ağırlaşmaları barədə N.Nərimanov yazırdı: “Traxoma- cəmiyyətin, millətin bədbəxtliyidir”. Traxomaya tutulmuş yüz minlərlə adam uzun müddət əmək qabiliyyətini ititrir, çoxları isə əlilik dərəcəsinə çatırdı”. Bu ictimai bəlanın qarşısını almaq üçün çar hökuməti heç bir tədbir görmürdü. Xəstəlik isə əhali arasında gündən-günə artırdı. Bu xəstəliyin yayılması mövcud məişət şəraiti ilə əlaqədar idi. Fəhlələrin güzəranı çox acınacaqlı keçirdi. Fəhlə ümumi yataqxanası və fəhlə ailəsi üçün hazırlanmış barakalar adətən neft mədənlərinin, fabrik zavodların ərazisində, çirkli, susuz, şəraiti pis olan yerlərdə tikilir, məişət xidməti üçün heç bir imkan yaradılmırdı. Belə şərait yoluxucu xəstəliklərə, onların yayılmasına yol açırdı. Şübhəsiz burada maddi vəsait çatışmazlığı da öz mənfi təsirini göstərirdi. Nəriman Nərimanov bu xəstəlik barəsində ürək ağrısı ilə deyirdi: “Bakı şəhərində bu naxoşluğa giriftar olanların ədədi təxminən iyirmi mindir”. Bu rəqəmlər müalicə ocaqlarına müraciət etmiş və qeydə alınmış xəstələrin miqdarını göstərirdi. Şübhəsiz ki, şəxsi həkimlərə, türkəçarəçilərə, cadugərlərə müraciət edənləri, müalicəsiz qalanları nəzərə alsaq, bu xəstəliyə tutulanların sayı daha çox olardı. Ağır epidemioloji vəziyyət əsgər düşərgəsinin yerləşdiyi Nargin (Bakı buxtası) adasında da baş qaldırmışdı. Bu da şəhər üçün böyük təhlükə yaradırdı. Bakı Fəhlə və Əsgər Deputatları Şurası (Soveti) adından doktor N.Nərimanov düşərgənin sanitar vəziyyətini yoxlayır və 5 dekabr 1917-ci ildə yoxlamanın nəticələri barədə Şuraya hesabat verir. Xalqın vəziyyətinin belə ağır vaxtında, xəstəliyin tüğyan etdiyi şəraitdə N.Nərimanovun bacarığı, təşkilatçılığı böyük əhəmiyyət kəsb edirdi. Onun ətrafına həmkarları, qabaqcıl ziyallılar sıx toplaşmışdılar. Tərəqqipərvər həkimlər əhaliyə tibbi yardımı əsirgəmir, əllərindən gələni edirdilər.  

            Tra­xo­ma epi­de­mi­ya­sı sonrakı illərdə də özünü göstərmişdi. Çünki bu xəstəliyin müalicəsinə güclü təsirə malik dərman preparatları mövcud olmamışdı. Bu xəstəliklə mübarizədə Zə­ri­fə Əli­ye­vanın da əvəzsiz xidmətləri olmuşdur. Onun başlıca məqsədlərindən biri də Azərbaycanda traxoma xəstəliyinin müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur. Zərifə Əliyeva traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, məsləhətlər verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər aparır. Alim traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən olan sintomitsindən istifadə ilə yeni müalicə üsulu tətbiq edib uğurlu nəticələrə nail olur. Dəyərli elmi kəşflərdən sayılan bu üsulun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranır, xəstəliyin yayılmasının qarşısı alınır, bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxarır.

            Mövcud mənbələrin məlumatlarından aydın olur ki, XIX əsrin sonu- XX əsrin əvvəllərində Şimali Azərbaycanın bir sıra ərazilərində malyariya xəstəliyi də özünü biruzə vermişdi. 1903-cü ildə Lənkəranda, 1909-cu ildə Qubada, 1905-ci ildə Naxçıvanda, 1906-cı ildə Şərur-Dərələyəzdə, Yelizovetpolda (Gəncə) yayılan bu xəstəliyə səbəb kimi Rusiyadan köçüb gələn malyariyaya tutulmuşlar hesab olunurdu. Baş verən bu yoluxucu xəstəliklərin hamısı Azərbaycanın bir çox ərazilərində uzun illər boyu əhali artımına ciddi zərər vururdu. 1910-cu ildə Bakı quberniyasının 150-yə yaxın yaşayış məntəqəsini, xüsusilə Lənkəran, Cavad, Quba və Şamaxı qəzalarını vəba xəstəliyi bürümüşdü. Həmin illərdə mədə-bağırsaq xəstəlikləri, malyariya, revmatizm, traxoma da geniş yayılmışdı. Şəhər əhalisi içməli su sarıdan da çox korluq çəkirdi. Dəniz suyunu şirinləşdirib şəhərə verən iki stansiya tələbatın çox cüzi hissəsini ödəyirdi. Ona görə əhali əsasən quyu suyundan istifadə edirdi. Lakin şəhərdə olan 800 quyudan yalnız 100-nün suyu içməyə yararlı idi. Qalan quyuların çoxunun suyu cürbəcür xəstəliklərə, bəzən xolera kimi yoluxucu xəstəliyin baş verib yayılmasına səbəb olurdu. Ona görə müvafiq hökumət idarələri quyulara vaxtaşırı dərman tökdürür, bəzilərini isə torpaq doldurub bağlatdırırdı.

            Qeyd olunan dövrlərdə geniş intişar tapmış müxtəlif xəstəliklərə qarşı sanitar-profilaktik tədbirlərin bütün ağırlığı, onlara nəzarət tibb kadrlarının üzərinə düşmüşdür. Onlar baş verən xəstəliklərə qarşı mövcud imkanları daxilində mübarizə aparmışlar. Müstəmləkəçi çar hökumətinin ögey münasibəti nəticəsində Azərbaycanda səhiyyə ləng inkişaf edir, tibb işçilərinin zəhməti lazımınca qiymətləndirilmir, tibbə kifayət qədər vəsait ayrılmırdı. Bununla yanaşı çar hökuməti tərəfindən Rusiyanın mərkəzi quberniyalarından rus ailələrinin köçürülüb Şimali Azərbaycanda yerləşdirilməsi yerli kəndlilərin vəziyyətini daha da ağırlaşdırmışdı. Gəlmə ruslar yerli kəndlilərin hesabına torpaqla gen-bol təmin edilirdilər. Kəndlilər öz torpaqlarından, yaşayış yerlərindən, bəzən, görünməmiş vəhşiliklə qovulurdular. Hələ 1904-cü ilin məlumatlarına nəzər salsaq, görərik ki, çar məmurları Lənkəran qəzasının Mir-Mövsümkənd əhalisinə məxsus bütün pay torpaqlarını kəndlə birlikdə gəlmə ruslara vermişdir. Soyuq qış ayı olmasına və vəba epidemiyasının tuğyan etməsinə baxmayaraq, zalımlar yerli kəndliləri öz daxmalarından zorla çıxarıb çölə tökmüş, sonra onların komalarına və bütün tikililərinə od vurub yandırmışdılar. Bəhs edilən dövrdə Çarizm Qarabağda da öz dayaqlarını möhkəmləndirmək üçün, oraya 700 erməni ailəsi köçürmüşdür. Zubov və Paskeviçin «məlumatlarına» görə Qarabağa köçürülmüş ermənilərin böyük bir hissəsi Qarabağın aran hissəsində yerləşdirildiyindən yerli şəraitə uyğunlaşa bilməmiş və taun xəstəliyinə tutularaq həlak olmuşdular.

Bütün bu dediklərimizdən aydın olur ki, bəşəriyyət tarix boyu kütləvi, bəzən isə dağıdıcı yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Hətta deyə bilərik ki, müəyyən illərdə insanların yoluxucu xəstəliklərdən ölüm göstəricisi 70%-ə çatmışdır. Buna görə də xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə dünya təbibləri müəyyən tədbirlər həyata keçirmişlər: xəstə şəxslərin şəhərdən uzaqlaşdırılması, xəstələrin və ölənlərin əşyalarının yandırılması, xəstəlik keçirmiş şəxslərin xəstələrə qulluq məqsədilə cəlb edilməsi. Əlbəttə, yoluxucu xəstəliklərlə mübarizədə nəzərəçarpacaq ən böyük müvəffəqiyyət yüksək immunoloji və epidemioloji əhəmiyyətə malik vaksinlərin hazırlanması olmuşdur. Dünyada tauna qarşı ilk vaksini Vladimir Xavkin yaratmışdır. 1893–1915-ci illərdə Novorossiysk Universitetinin məzunu olan Vladimir Xavkin uzun müddət Hindistanda işləmişdir. 1896-cı ildə o, Bombeydə laboratoriya təşkil etmişdir ki, orada dünyada ilk öldürülmüş taun əleyhinə vaksini yaratmış və onu öz üzərində sınaqdan keçirmişdir. Yeni vaksin həm terapevtik, həm də profilaktik təsirə malik idi. Vaksinasiyadan sonra taunla xəstələnmə 2 dəfə, ölüm göstəricisi isə 4 dəfə azalmışdır. Xavkin vaksini ilə peyvəndlər Hindistanda geniş vüsət almışdır. XX əsrin 40-cı illərinə qədər Xavkin vaksini taun əleyhinə yeganə dərman vasitəsi olaraq qalırdı.

Dünyada insanların ölümünə səbəb olan yoluxucu xəstəliklərdən biri də poliomielitdir. Poliomielitin infeksion xəstəlik kimi klassik təsvirini 1883-cü ildə A.J.Kojevnikov vermişdir. Poliomielitin 1887-ci ildə İsveçdə baş vermiş ilk epidemiyasını 1890-cı ildə O.Medin təsvir etmiş, Rusiyada ilk şiddətlənmə isə 1905-ci ildə Peterburqda baş vermişdir. 1920-ci ilədək dövri surətdə təkrar olunan epidemiyalar yalnız 12 ölkədə qeydə alınmış, 1921-ci ildən 1937-ci ilədək əlavə olaraq 17 ölkəni əhatə etmiş, 1938-ci ildən 1953-cü ilədək isə əvvəllər polimelitin yayılmadığı daha 32 ölkədə kütləvi xəstələnmələr qeydə alınmışdır. 1954-cü ildən etibarən polimelit epidemiyaları dövrü olaraq artıq dünyanın 61 ölkəsində baş vermişdir. Sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən bu xəstəlik Azərbaycan SSR ərazisində də qeydə alınmışdır.

            Bakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 1946-cı ildən 1965-ci ilədək poliomielitdən sonra qalan qüsurlarla 684 xəstə daxil edilmişdir (onlardan 581 nəfəri birincili, 103 nəfəri isə ikincili xəstəliklə daxil olanlardan ibarət idi) ki, bu da digər ortopedik xəstəliklər içərisində əsas yeri tutmuşdur. Qeyd etmək lazımdır ki, xəstələrin daha çoxunu 11 yaşdan 16 yaşadək uşaqlar (276 xəstə) təşkil etmişdir (40,3%). Stasionar müalicədən ötrü daxil olmuş 684 xəstədən 41 nəfəri “iməkləyənlər” olmuşdur (onlardan 26 nəfəri əl və ayaqları ilə hərəkət edirdi). Qalan 15 uşaqdan yarıdan çoxu qoltuq ağacı və ya çəliklə güclə gəzə bilir, bəzi uşaqlar isə əllərini budlarına dayaq verməklə gəzirdilər. Stasionara  daxil olan digər xəstələr isə müxtəlif deformasiyalarla qeydə alınmışdır. Xəstəliyin ən ağır formasını keçirənlər “iməkləyənlərdən” ibarət olmuşdur ki, bunlar da mövcud deformasiyanı tamamilə aradan qaldırmaq üçün dəfələrlə instituta daxil olmuşlar. Deformasiyaları aradan qaldırmaq üçün əməliyyatlar tətbiq edilmişdir. Həmin xəstələr ayağa qaldırılmış, uzun müddət müstəqil yeriməyə öyrədilmişlər. Əməliyyatların çoxu sümükiçi keyitmə ilə tətbiq olunmuşdur. Əməliyyatlar nadir hallarda ümumi və ya qarışıq narkoz altında həyata keçirilmişdir.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, hər yüzillikdə kütləvi qırğınla nəticələnən xəstəliklər mövcud olmuşdur. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəmin törədicisi kimi yeni növ koronavirus (COVID-19) aşkar edilmiş və çox böyük sürətlə yayılmışdır. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi. Mayın 14-nə olan məlumata görə dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,37 milyon nəfərə çatıb. Bunların 1,56 milyon nəfəri sağalıb, 297,000 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Dünyada tüğyan edən yeni növ koronovirus pandemiyası Azərbaycandan da yan keçməmişdir. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır.

Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, 20 aprel 2020-ci il tarixədək isə xüsusi karantin rejimi elan edilmişdir.

Yük daşımaları istisna olmaqla dövlət sərhədləri müvəqqəti bağlanmış, Azərbaycan tərəfindən ayrılmış çarter reysləri ilə ölkəyə gətirilən vətəndaşlarımız karantin zonalarında yerləşdirilmiş, xaricdən xəstəliyin idxalının qarşısı alınmışdır.

COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilmiş, ölkə ərazisində 18 laboratoriyanın fəaliyyəti təmin edilmiş, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılmışdır. Respublika ərazisində bir çox 4 və 5 ulduzlu mehmanxanalar, sanatoriyalar və digər infrastruktur obyetləri karantin məqsədi ilə ayrılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanılmış, eləcə də mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdır. Eyni zamanda virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədi ilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılmışdır.

Xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunmuş, hər bir karantin zonalarına tibb müəssisələrinin rəhbərləri, həkim və orta tibb heyəti ezam edilmiş, burada müalicə-profilaktika işləri həyata keçirilmiş, virusla mübarizədə digər dövlətlərdəki həkim-ekspertlərlə təcrübə mübadiləsi aparılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla COVID-19 virusu ilə mübarizə çərçivəsində sıx əməkdaşlıq qurulmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi və Heydər Əliyev Fondunun dəstəyi ilə 20 nəfər mütəxəssis Türkiyədə təlim keçərək ölkədəki xüsusi rejimli xəstəxanalarda fəaliyyətə başlamışdır.

Hazırkı dövrədək ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 5583 nəfər müalicə olunaraq sağalmış, 119 nəfər vəfat etmiş, 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Aparılan ümumi testlərin sayı 381846.

 

Məryəm Seyidbəyli,

Tarix üzrə elmlər doktoru, dosent,

AMEA Elm Tarixi İnstitutu

Namazova Solmaz,

                        AMEA Elm Tarixi İnstitutunun əməkdaşı