Elm Tarixi İnstitutunun əməkdaşı, Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərovanın “Milli mətbuatımızın tarixi” adlı məqaləsi yayımlanıb

22.07.2020
img

Milli mətbuatımızın tarixi

 

“Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” 

Həsən bəy Zərdabi

 

XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələri üçün dövri mətbuat anlayışı çoxdan mövcud idi. Avropa XVI əsrdə, Rusiya XVIII əsrin ilk illərində öz dövri mətbuatını yaratdığı halda, Azərbaycanda bu sahədə sükut hökm sürürdü, hələ də milli mətbuatımızı yarada bilməmişdik.

Azərbaycan ictimai-siyasi və ədəbi-estetik fikrinin formalaşması XIX əsrin sonu-XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan dilində ilk informasiya nümunələri isə məhz XIX əsrin 30-40-cı illərinə təsadüf edir.

İlk mətbu orqanımız olan “Əkinçi”yə qədərki qısa tarixçəyə nəzər salaq. 1832-ci ilin yanvarından etibarən Tiflisdə “Tiflis əxbarı” (Tiflisskie vedomosti”) adı ilə ilk dəfə Azərbaycan dilində bir vərəqə nəşr olunmağa başladı. Rus dilində nəşr edilən bu ilk mətbu orqanın səhifələrində Azərbaycanla əlaqəli müxtəlif materiallar dərc olunurdu. Abunəçilərinin sayı az olan "Tiflis əxbarı"nın bir neçə nömrəsi çıxdıqdan sonra onun nəşri dövlət tərəfindən bağlanılır. 9 il sonra, yəni 1841-ci ildə işıq üzü görən "Zaqafqazskiy vestnik" qəzetinin 1845-ci ildə fəaliyyətə başlayan Azərbaycan dilində vərəqi – “Qafqazın bu tərəfinin xəbərləri”ndə nəşrlər isə ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri idi. “Tiflisskiy vedomosti” və “Zaqafqazskiy vestnik”in əlavələri olan bu vərəqə-qəzetləri məfkurəvi məzmuna malik müstəqil nəşrlər olmadığından milli mətbuat nümunələri hesab edilmirdilər və bu baxımdan onları milli mətbuatımızın bünövrəsi kimi götürmək olmaz. M.F.Axundov və A.Bakıxanovun bu qəzetlərlə əlaqəsi barəsində məlumatlar olsa da, onların fəaliyyətləri əməkdaşlıq çərçivəsindən kənara çıxmayıb.

Məlum faktdır ki, mətbuat tariximizin başlanğıcı ictimai-milli şüurumuzun inkişaf tarixi ilə üst-üstə düşür. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda genişlənən milli özünüdərk və azadlıq ideyaları ziyalılar arasında milli həmrəyliyi günü-gündən gücləndirir və anadilli mətbuatın yaranması zərurətini üzə çıxarırdı. 1840-1841-ci illərdə M.F.Axundov və M.Ş.Vazeh Tiflisdə müstəqil Azərbaycan mətbəəsi yaratmaq məqsədilə bu xüsusda tərtib etdikləri layihə ilə yerli hökumətə müraciət edərək icazə və maddi yardım istəmişdilər. Müəyyən şərtlər əsasında icazə versə də, hökumət  maddi yardım göstərməkdən imtina etmişdi. Bu səbəbdən Azərbaycan mətbəəsinin yaranması baş tutmamışdı.

Rus klassiki məşhur “Kolokol” jurnalının redaktoru A.İ.Gertsen yaxşı deyirdi ki, ictimai həyatı zəif inkişaf etmiş xalqlar üçün dövri mətbuat ən gözəl tribunadır. Həmin jurnalı ilk dəfə Həsən bəy rus tarixçisi S.M.Solovyovun evində görmüşdü. Solovyov şərq xalqları tarixi, M.F.Axundov yaradıcılığı ilə maraqlandığından Həsən bəylə tez-tez görüşürdü. Bir gün H.Zərdabi “Kolokol” məcmuəsini oxuyarkən onun şüurundan şimşək kimi ani bir fikir keçdi: “Mənim xalqıma da belə bir jurnal, ya qəzet lazımdır. Millətin gözünü başqa cür açmaq çətindir. Bunu hər yerə yaymaq, bütün uzaq kəndlərə göndərmək olar. Bir savadlı onu 20-30 savadsıza oxuyar”.

Qeyd etmək lazımdır ki, Universiteti bitirdikdən sonra Həsən bəy Bakı Real Gimnaziyasında tarix müəllimi işləyən dövrdə - 1869-cu il noyabrın 18-də onun gimnaziyadakı həmkarı, alman dili müəllimi, peterburqlu Xristian Sink İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi mətbəəsində  "Bakinski listok"u (1871-1872-ci illər) nəşr etdirmişdi. Bakıda rus dilində çap olunan bu qəzet ilk milli qəzet olan "Əkinçi"nin yaranmasına bir təkan idi. Həsən bəy Zərdabi  "Bakinski listok"un buraxılmasında yaxından iştirak etmişdi. Onun həmkarı X.Sinkdən çox şey öyrəndiyini düşünmək olar. "Bakinski listok"un səhifələrində "Həsən bəy Zərdabi" imzası ilə Bakıda müsəlman müəllimlərin köməyi ilə Xeyriyyə Cəmiyyətinin təşkilinə başlanması barədə məqalə dərc olunmuşdu. Bu məqalə Həsən bəy Zərdabinin bizə məlum olan ilk məqaləsi kimi tarixi və elmi əhəmiyyətə malikdir.

Belə bir mətbuat “aclığı” dövründə azərbaycançılıq görüşləri ilə Azərbaycan cəmiyyətində əsaslı dönüş yaradan ziyalılardan biri olan Həsən bəy Zərdabi üzərinə böyük məsuliyyət götürür, növbəti “ilk”lərdən birinə — milli mətbuatın təməlinin qoyulması şərəfinə nail olur. Onun nəzərində milli məktəb, teatr və mətbuat üzərində bərqərar edilən geniş elm və təhsil şəbəkəsi cəmiyyətin tərəqqiyə doğru inkişafının, xalqı tarixi bəlalardan xilas etməyin yeganə yolu idi. H.B.Zərdabinin çağdaşlarından başlıca üstünlüyü isə milli ideyaları ortaya qoymaq üçün daha əlverişli bir vasitəni - mətbuatı seçməsi idi.

H.Məlikovun qəzet nəşr etmək təşəbbüsü ilə 1873-cü ilin aprel ayının 12-də rəsmi ərizə ilə Bakı qubernatoru D.S.Staroselskiyə (1832-1884) müraciət etmişdi.  Qəzetin nəşrinə razılıq almaq yolunda yaradılmış süründürməçiliyə son qoymaq lazım idi. Bu da baş tutdu. Məsələ ilə əlaqədar Zərdabinin özü belə deyib: “Bizim qubernator…general Staroselski,…...doğrudur, xalis rus idi. Amma onun övrəti gürcü qızı idi. Ona görə Qafqazın yerli əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib, izn aldım” (“Rusiyada əvvəlinci türk qəzetəsi”).

Həmin rəsmi ərizədən bəlli olur ki, qəzetin nəşri ilə əlaqəli şərtlər irəli sürülür. Həsən bəy həmin şərtlərin aşağıdakılar olduğunu söyləyirdi: «Birincisi, qəzetin redaktorluq və naşirlik vəzifəsini öz öhdəmə götürürəm; ikincisi, qəzet Bakı şəhərində Zaqafqaziya ölkəsinin bütün müsəlman xalqlarının başa düşə biləcəyi tatar dilinin Azərbaycan ləhcəsində nəşr olunacaqdır; üçüncüsü, ilk vaxtlar qəzet iki həftədə bir dəfə bir çap vərəqi həcmində buraxılacaqdır; dördüncüsü, ilk vaxtlar qəzetin abunə qiyməti, göndərmək və çatdırmaq da daxil olmaqla ildə iki manat olacaqdır; beşincisi; qəzetin nəşri, kağızı üçün xərclər, xidmətçilər və mətbəə binası tutmaq üçün xərclər çıxılmaqla qəzet üçün toplanan pul Bakıda təsis edilmiş müsəlman şagirdlərinə yardım cəmiyyətinin xeyrinə sərf olunacaqdır; altıncısı, qəzet “Əkinçi” (“Пахарь”) adlanacaqdır; qəzetin nəşrinə 1873-cü ilin sentyabrında başlanacaqdır. Qəzetin hökumət rəsmilərinə təqdim edilmiş proqramında onun məramı və məqsədi də 4 maddədə yığcam şəkildə göstərilmişdir.

Beləliklə, 1875-ci il iyulun 22-də Bakıda ana dilində ilk Azərbaycan qəzeti “Əkinçi”nin birinci nömrəsi Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı, rus ordusunun general-mayoru Abdulla bəy Bakıxanovun maliyyə yardımı ilə çapdan çıxır. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu.

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım öz xatirələrində qəzetin nəşrini böyük həyəcan və səbirsizliklə gözləyən Həsən bəyin həmin gün necə sevindiyini, fərəhdən gözləri yaşardığını səmimiyyətlə xatırlayırdı: “Həsənbəy mətbəə rəngi qoxan birinci qəzeti qurşun lövhədən götürüb ona vurgun kimi bir neçə dəqiqə dinməz-söyləməz tamaşa etdi... Bu gün təkcə onun böyük ailəsi – həyat yoldaşı və şagirdləri üçün deyil, bütün mütərəqqi adamlar, qabaqcıl azərbaycanlılar üçün təntənəli bir bayram oldu...”

Qəzet onu intizarla gözləyənlər üçün günəş kimi doğdu, onun gəlişi ilə qorxuya düşənlərin başında isə ildırım kimi çaxdı. Əlbəttə ki, ilk mətbu orqan kimi "Əkinçi"nin meydana çıxması əlamətdar hadisə idi. Sözsüz ki, bu qəzetin nəşri Azərbaycan milli intibahının “sübh çağı”nda (F.Köçərli) avam kütləni ayıltmağın, məktəb və maarifə, milli mücadiləyə, milli qeyrət və özünüdərkə səfərbər etməyin mühüm vasitələrindən biri oldu. İslam dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabi Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq "Əkinçi”nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı. Həsən bəy Zərdаbini nаrаhаt еdən mühüm məsələlərdən biri də bəzi yаzıçı və müхbirlərin öz аnа dilində dеyil, bаşqа dillərdə yazıb-yaratmalаrı idi. Maarifçilik ideyasının daşıyıcısı olan “Əkinçi” Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi, milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.

1875-ci ilin iyulundan 1877-ci ilin son aylarına qədər davam edən “Əkinçi” qəzeti ayda 2 dəfə nəşr olunurdu. Qəzet: “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri”, “Məktubat”, “Elmi xəbərlər” və “Təzə xəbərlər” sərlövhələri altında 5 əsas şöbəyə ayrılırdı. Qəzetin birinci səhifəsində “Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi” sözləri yazılırdı. Baş məqalə birinci nömrədən başlayaraq axıradək “Daxiliyyə” sərlövhəsi altında çap olunurdu. Qəzet Zərdabi üçün böyük bir tribuna idi. Və bu tribunadan xalqa müraciət etmək onun nəzərində ən böyük səadət idi. O, yazılarını ilk öncə olduqca sadə problemlərdən başlayırdı. Oxucuya elə gəlirdi ki, müəllif adi həyat və məişət məsələlərindən bəhs edir. Əslində isə xalqın agır məişətini təsvir edən yazılarında ustalıqla pərdələnmiş ictimai-siyasi fikir ifadə olunurdu, məqalələrinin sonunda sərt və kəskin nəticələr öz əksini tapırdı.

“Əkin və ziraət xəbərləri”ndə kənd təsərrüfatına aid məqalələrin çoxu bu sahədə dərin biliyə maıik olan Həsən bəyin özü tərəfindən yazılırdı. Burada bir haşiyə çıxmaq istərdim: Həsən bəy Zərdabi Moskva Universitetini bitirdikdən sonra ilk əmək fəaliyyətinə Tiflisdə “Mejevaya palata”da başlamaqla yanaşı, eyni zamanda, burada yerləşən “8-ci mejavaya” (mərzçəkmə) komissiyasında məhkəmə üzvü kimi də fəaliyyət göstərir. Borçalıda islahat prosesində torpaqların kəndlilər arasında bir yerquruluşu mütəxəssisi kimi doğru-düzgün bölüşdürülməsinə, torpaq münasibətlərinin hüquqi tənzimlənməsinə yardımçı olur. Belə ki, torpaq sahibləri kəndlilərin avamlığından istifadə edərək qanunda min hiylə yolu tapıb onları ən müxtəlif fitnə-fəsadla aldadırdılar. Çar hökumətinin yaratmış olduğu bu idarənin rəhbərliyi isə bəylərin, mülkədarların müdafiəçisi kimi çıxış edir, burada yerli bəylər tərəfindən Həsən bəyə qarşı sui-qəsd təşkil olunur. O zaman Tiflisdə dövlət qulluğunda olan M.F.Axundovun müdaxiləsi nəticəsində bu sui-qəsd cəhdi uğursuz olmuşdu.

“Məktubat” şöbəsində müxtəlif yerlərdən gələn məktublar dərc olunurdu. Moskva Universitetinin məzunu olması, Avropa ölkələrinin tarixini və mədəniyyətini yaxşı bilməsi “Əkinçi”nin nəşrində H.B.Zərdabiyə yardımçı olurdu, müxtəlif ölkələrin qəzetlərinin materiallarına əsaslanması onun beynəlxalq məsələlərin işıqlandırılmasında köməyinə gəlirdi. Qəzetin sütunlarında dərc edilən informasiyalar, müəyyən mənada, tarix hesab edilməlidir. Bu informasiyaların mahiyyətini nəzərə alsaq, deyə bilərik ki, "Əkinçi" qəzeti həm də tarixi yaşadıb. "Tazə xəbərlər" şöbəsində dərc edilən informasiyalar istər coğrafiyasına, istərsə də məzmununa görə fərqli idilər. Rusiya, Qafqaz və xarici ölkələrlə bağlı bütün xarici və daxili məsələlərə də qəzetin səhifələrində yer verilirdi.

Məramı maarifləndirmək olan "Əkinçi" qəzetinin “Elmi xəbərlər” bölməsindəki məlumatların, soraqların sədasının alt qatında xalqı üçün narahat bir ürəyin döyüntüsü eşidilirdi. Necə ola bilər ki, dünyanın hansısa bir yerində tətbiq edilən texniki uğurlardan digər yerlərdə xəbər tutmasınlar. O da ola sənin öz xalqın.

H.B.Zərdabinin böyük maraq göstərdiyi xarici mətbuat orqanlarından ən birincisi Böyük Britaniyanın “The Times” qəzeti olmuşdur. Maraqlıdır ki, “Əkinçi” öz problemlərindən danışarkən həmin qəzeti müsbət nümunə kimi göstərirdi.  H.B.Zərdabi də “Əkinçi” qəzetinin Londonda da tanındığından iftixar hissi duyur və ona redaktə etmək üçün türk dilində yazı göndərildiyini nəzərə çatdırırdı. 

XIX əsrin 60-cı illərinin axırları və 70-ci illərinin əvvəllərində Londonda türk mühacir mətbuatı, əvvəlcə “Müxbir”, sonra “Hürriyət”, daha sonra isə “İnqilab” və “Ulus” qəzetləri çıxırdı. Bu mətbuat orqanlarında dövrünün məşhur türk jurnalistləri Namiq Kamal, Əli Suavi, Ziya paşa və başqaları çalışırdılar. Çox ehtimal ki, bu qəzetlərin “The Times” qəzeti ilə əlaqələri vardı. Eyni zamanda, “Yeni osmanlılar” mühacir mətbuatının nüsxələrini Türkiyəyə gizli yolla göndərirdilər. Ehtimal etmək olar ki, “Əkinçi”yə göndərilən türkcə tərcümə “Yeni osmanlılar”ın ruhuna uyğun olmuşdur, onların fikrincə, elə bir materialı Türkiyəyə göndərmək həmin yazının məhvi demək olardı və buna görə də Bakını etibarlı şəhər kimi görüb oraya göndərilməsini məsləhət bilmişdilər. Bəlkə də, “The Times”da H.B.Zərdabini tanıyırdılar və Türkiyədə konstitusiya qəbul olunmasını və parlamentli monarxiya yaradılmasını istəyən “Yeni osmanlılar” “Əkinçi”nin redaktorunu özləri üçün ən etibarlı şəxs hesab edirdilər.

 “Əkinçi”nin özünün ətrafında elitar bir ziyalı dəstəsi, Azərbaycanın o zamankı mütərəqqi görüşlü qələm sahibləri toplaşmışdı. Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan S.Ə.Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən M.F.Axundovun məqalələ və digər yazıları dərc olunurdu.

Lakin bu sevincli günlər uzun sürmədi. Bu işdə də erməni xəyanəti öz işini gördü. 1876-cı ildə D.S.Staroselskinin Bakı qubernatoru vəzifəsini tərk etməsi və “Əkinçi”nin mürəttibi Minasovun donosları nəticəsində “Əkinçi” qəzeti ətrafında yaranan təhlükə artmağa başladı. Mətbuat tariximizdən məlumdur ki, ermənilərin donosu, üzədurmaları ilə “Əkinçi” qəzeti qapanmış, onun naşiri Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdir. “Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına bəhanə olmuşdur. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdur. Lakin Həsən bəy dərin zəkası və əməlisalehliyi nəticəsində bütün çətinlikləri aradan qaldırmağı bacarmış, ermənilər ifşa olunmuşdur. Onu da qeyd edək ki, həqiqəti qorxmadan, hər şeyi hər kəsin üzünə söylədiyi üçün Həsən bəy özünə xeyli düşmən qazanmışdı.

Hənifə xanım Məlikova xatirələrində yazır: “Həsən bəy Dumadan elə əsəbi gəlmişdi ki, artıq onun yaşaması mümkün deyildi… O, əsəbi halda dedi ki, erməni həyasızlığı gör nə yerə çatıb ki, milləti qırğına vermək üçün mənə rüşvət təklif edirlər… Duma üzvü Ambarsum Həsən bəyə 8 min manat rüşvət gətirir ki, təki o, Zuğulbadakı su mənbəyi haqqında sussun… ”

1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verildi.

"Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin buna baxmayaraq, təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı.

Qəzetin 1875-ci ildə 12, 1876-cı ildə 27, 1877-ci ildə 20 nömrəsi cıxmışdı.

Bəli, “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi (1875-1877) illərdə özünün müqəddəs amalına-xalqın maariflənməsinə ləyaqətlə xidmət etdi, mədəniyyət salnaməsində əzəmətli ad qoydu. Onun əkdiyi maarif, elm və mədəniyyət toxumları tezliklə öz bəhrələrini verdi: yeni-yeni məktəblər açıldı, qəzetlər yarandı…

Bu da faktdır ki, Zərdabi yalnız milli mətbuatın banisi deyil, o həm də, milli ideologiya əsasında, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin qurucularının ideoloqudur. Ümumilikdə, Zərdabinin Qafqaz müsəlmanlarının-türklərinin maariflənməsi, oyanışı və milli birliyi uğrunda apardığı mübarizə iki başlıca amilə: 1) Azərbaycan türklərinin millət kimi formalaşmasına, yəni milli birliyin-millətin yaranmasına; 2) Qafqaz müsəlmanları arasında, başda türklər olmaqla milli birliyin yaranması yolunda islamın müsbət rol oynaya bilməsi işinə xidmət etmişdir.

Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi.

Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynayır, tədris və maarifləndirmə sahəsində fəaliyyətini daha da gücləndirir. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.

 

Aynur Nəzərova

AMEA Elm Tarixi İnstitutunun

 Tərcümə və informasiya şöbəsinin müdiri