Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli “525-ci qəzet”-ə müsahibə verib

03.09.2020
img

AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli: " Həsən Seyidbəyli ilk növbədə böyük vətənpərvər idi"


2020-ci ilin dekabrında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Seyidbəylinin 100 illiyi tamam olur.


Bu münasibətlə ötən ay Prezident İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.


 Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə parlaq səhifələr yazıb. Onun həyat həqiqətlərinə sədaqətlə yaradılan və mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri, xüsusilə "Nəsimi" tarixi bədii filmi milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus layiqli yer tutur. H.Seyidbəyli Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik etdiyi uzun illər ərzində dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikada kinematoqrafiya fəaliyyətinin təşkilinə və kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib. Meydana gətirdiyi sanballı nəsr nümunələri H.Seyidbəyliyə ədəbiyyat aləmində də şöhrət qazandırıb.


Sərəncamda qeyd edilir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Bununla bağlı Həsən Seyidbəylinin qızı, tarix üzrə elmlər doktoru, AMEA Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli ilə əlaqə saxladıq, atası barədə xatirələrini, sənətkarla bağlı düşüncələrini bölüşməsini rica etdik.


***

- Məryəm xanım, atanız Həsən Seyidbəylinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident Sərəncamını ailəniz necə qarşıladı?


- İlk növbədə, ailəmiz adından möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bütün ailəmiz atamın yubileyilə əlaqədar Prezident Sərəncamını böyük həyəcanla gözləyirdi və bu xəbəri sonsuz sevinclə qarşıladıq. Cənab Prezident tərəfindən atılan bu addımı çox yüksək qiymətləndiririk. Bu, həm də dövlət başçımızın Azərbaycan milli mədəniyyətinə olan yüksək qayğısının təzahürüdür.


- Ümumiyyətlə, atanıza verilən dəyərdən razısınızmı?


- Bəli, razıyam. Hamıya məlumdur ki, mənim atam çoxsahəli yaradıcılığa malikdir. O, yazıçı, ssenarist, kinorejissor, kinodramaturq olmaqla bərabər, həm də Azərbaycan Kinemotoqrafiya İttifaqına rəhbərlik edib. Görkəmli ictimai xadim kimi, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O, böyük istedad sahibi idi və mən özümü xoşbəxt sayıram ki, mən belə bir insanın övladıyam, onun tərbiyəsi ilə böyümüşəm və həmişə çalışmışam ki, atamın adına layiq övlad olum.


- Atanızı - mərhum sənətkarımızı necə xatırlayırsınız?


- Mənim üçün atam həmişə yaşayır. Bu mənada məşhur Roma filosofu Siseronun bu fikri yerinə düşür ki: "Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir". Doğrudan da, atam artıq çoxdan dünyasını dəyişsə də, o həmişə yaddaşlardadır, daima bizim aramızdadır. Atamın bir çox müsbət cəhətləri vardı. Mən onların bəzilərini vurgulamaq istərdim. Zənnimcə, Həsən Seyidbəyli ilk növbədə Azərbaycanıın vurğunu, böyük vətənpərvər idi. Öz xalqıyla, azərbaycanlı olmasıyla fəxr edirdi. Özü tarixçi olmasa da, Azərbaycan tarixinə, xalqımızın ana dilinə çox böyük məhəbbət və maraqla yanaşırdı. Heç də təsadüfi deyil ki, atamın çəkdiyi və ssenarisini yazdığı bir çox filmlər, o cümlədən, "Uzaq sahillərdə", "Nəsimi", "Bizim Cəbiş müəllim" milli tariximizin mühüm dövrünə həsr edilmiş ekran əsərləridir. Xalq yazıçısı Anar Həsən Seyidbəyliyə həsr etdiyi məqaləsində yazır: "Mən Həsən Seyidbəylinin layiqli hərəkətlərindən birini xatırlamaq istərdim. Bu, İrəvanda keçirilən sovet kino filmlərinin festivalı günlərində baş vermişdi. Mən Həsən müəllimlə birlikdə festivalın münsiflər heyətinin sədri S.Rostotskini inandıra bildik ki, ermənilərinin festivala təqdim etdikləri "Ermənistan haqqında yeddi mahnı" filmi millətçi-şovinist xarakter daşıyır. Məhz bundan sonra həmin filmə Qran-pri mükafatı verilmədi".


Digər müsbət cəhətlərindən biri kimi bunu da deyərdim ki, atam, vaxtının çox məhdud olmasına baxmayaraq, boş vaxtlarını ailəsinə həsr edirdi, bizi Azərbaycanımızın rayonlarına aparır, tarixi yerləri gəzdirir, xalqımızın milli musiqisinə, ədəbiyyatına bizdə böyük maraq oyadırdı. Biz tez-tez teatrlara gedər, Azərbaycan şair və yazıçılarının dram əsərlərinin tamaşalarına baxardıq. Onu da qeyd etmək istəyirəm ki, atam çox sadə həyat tərzi sürən səmimi bir insan idi.


- Onu rejissor kimi qəbul etmisiniz daha çox, yoxsa yazıçı kimi?


- Həsən Seyidbəyli hər iki sahənin mütəxəssisi idi. Yazıçı Anar bu məsələ ilə bağlı öz fikrini belə ifadə edir: "Həsən Seyidbəyli bədii yaradıcılığının iki istiqaməti: ədəbiyyatla kino arasında qalmışdı. Kino onun sənəti idi, ədəbiyyat isə onun istedadı idi". Bu fikirlə tamamilə razıyam.


- Sevməyənlər, işinə mane olmağa çalışanlar da az olmayıb, gərək ki...


- Təbii ki, onun istedad və bacarığına həsəd aparanlar da var idi. Amma atam belə insanlara fikir verməzdi. Çünki o, çox xeyirxah insan idi.


- Həm də çəkdiyi filmdə rol almısınız. İş prosesində necə olurdu?


- Mən rəhmətlik atamın filmlərinin bir neçəsində uşaq olarkən çəkilmişəm. İş prosesində çox ciddi idi və hər işə böyük tələbkarlıqla yanaşırdı.


- Övladlarından hansınınsa onun yolunu davam etdirməyini istəyirdimi?


- Çox təəssüf ki, nə mən, nə də mənim övladım onun sənətini seçdik. Tale belə gətirdi.


- On il öncəyə kimi Həsən Seyidbəylinin eyniadlı nəvəsini tanıyırdıq, əsərlər yazırdı, ədəbi mühitə çıxırdı. Amma sonradan görünmədi. O, kimin övladıdır və indi haradadır, davam edirmi yazmağa?


- Bəli, qardaşım Ziyanın oğlu atamın adını daşıyır. O, hekayələr yazır, özünü animasiya filmlərinin çəkilişində sınayır, reklam çarxları çəkir. Gənc Həsən Seyidbəyli həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


- Bir ata kimi sizə ən çox nə barədə nəsihət verərdi?


- Atamın bizə tez-tez nəsihəti bu idi: həmişə təmiz, doğru olun, pis əməllərdən uzaq durun.


- Dostları kimlər idi və onun vəfatından sonra ailənizə arxa duran, o dostluğa sadiq qalan kimlər oldu?


- Atamın çalışdığı elə bir sahə idi ki, burada çox tanınmış şəxsiyyətlər vardı. Onun çoxlu dostları var idi, lakin daima ünsiyyətdə olduğu görkəmli insanlar sırasında Mir Cəlal Paşayev, İmran Qasımov, Tofiq Quliyev, Mikayıl Rzaquluzadə, Elbəy Rzaquluzadə, Nadir Əbdürrəhmanov, Müslüm Maqomayev və Anar xüsusi seçilirdi.


- Onunla bağlı ən aydın xatirələrinizdən bəzilərini bizimlə bölüşərsinizmi?


- Atamla bağlı çox xoş xatirələrim vardır. Misal üçün birini deyim. O, çox gözəl üzgüçü idi. Yay günlərinin birində çimərlikdə olarkən dənizdə boğulan iki qadını atam öz həyatını riskə ataraq xilas etdi. Onda mən atamı həyatda həm də bir xilaskar kimi gördüm və daha da fəxr etdim. Təsadüfən xilas etdiyi qadınlardan biri ilə Türkiyədə bir neçə il bundan əvvəl qarşılaşdım. Həmin qadın söylədi ki, atam onun yaddaşına ömürlük həkk olunub.


- Ailəsi olaraq Həsən Seyidbəylinin 100 illiik yubileyi üçün planlaşdırdığınız və yaxud da arzuladığınız xüsusi bir tədbir varmı?


- 100 illik yubileyi münasibətilə əsərlərinin yeni nəşrinin hazırlanması, çəkdiyi və ssenarisini yazdığı filmlərin nümayiş etdirilməsi, bunlarla bağlı elmi sessiya və konfransların keçirilməsi, düşünürəm ki, onun xatirəsinə mühüm töhfə olar. İstərdim ki, söhbətimiz Xalq yazıçısı Anarın bu sözləri ilə tamamlansın: "Elə insanlar olur ki, onları rəhmətlə, ehtiramla və hörmətlə xatırlayırlar. Belə insanlardan biri Həsən Seyidbəylidir".


Müsahibənin linki: https://525.az/site/?name=xeber&news_id=148669#gsc.tab=0


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35