Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli beynəlxalq elmi konfransda iştirak edib

04.09.2020
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 31 avqust-3 sentyabr 2020-ci il tarixində Elm Tarixi üzrə Avropa Cəmiyyətinin (ESHS) “Elmin vizual, maddi və duyğu mədəniyyətləri” mövzusuna həsr olunmuş IX Beynəlxalq konfransında iştirak edib. Onlayn şəraitdə “Pandemiya elmi əməkdaşlığa maneə deyil” devizi ilə keçirilən konfrans İtaliyanın Bolonya Universitetinin Universitetlər və Elm Tarixi üzrə Mərkəzi və İtaliya Elm Tarixi Cəmiyyəti tərəfindən təşkil edilib (SISS).  

Məryəm Seyidbəyli beynəlxalq elmi cəmiyyətin mühakiməsinə orta əsrlərin görkəmli azərbaycanlı alimi Nəsirəddin Tusinin elmi irsinə, xüsusən onun tibbə aid az tanınmış “Risalei Tibb” adlı traktatına həsr olunmuş məruzəsini təqdim edib. Çıxışında Tusinin ümumbəşəri əhəmiyyətə, ensiklopedik zəkaya malik böyük alim olduğunu vurğulayan İnstitut direktoru onun elmi yaradıcılığının xarakterik cizgilərinə toxunub. Elmi dairələrdə hələ də az bilinən “Risalei Tibb” əsəri haqqında ətraflı məlumat verən M.Seyidbəyli N.Tusinin müxtəlif elm sahələrində qoyduğu izlərdən, müəllifi olduğu digər əsərlərdən, o cümlədən məhşur Marağa Rəsədxanasından danışıb.

Qeyd edək ki, maddi mədəniyyətə sensor yanaşmaların tarixinə, duyğu orqanlarının (görmə, eşitmə, toxunma və qoxu) istifadəsinə əsaslanan elmi təcrübələrin yaradılması kimi mövzuların əsas yer aldığı konfransda Avropa və Asiya ölkələrinin müxtəlif elm və ali təhsil qurumlarından 600-dən çox alim iştirak edib.

Məlumat üçün bildirək ki, AMEA Elm Tarixi İnstitutu 2019-cı ilin dekabrında konfransın təşkilatçılarından biri olan Elm Tarixi üzrə Avropa Cəmiyyətinin (ESHS) Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqınının (IUHPS) Elm və Texnologiya Tarixi (DHST) bölməsinə assosiativ üzv qəbul edilib.

Elm Tarixi üzrə Avropa Cəmiyyəti 2003-cü ildə Avropa ölkələri arasında elm, texnologiya, tibb sahəsində əməkdaşlığı genişləndirmək və gücləndirmək məqsədi ilə qurulub.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35