Elm Tarixi İnstitutunun Elmi katibi, dosent Zaur Əliyevin beynəlxalq elmi nəşrdə mart soyqırımına aid məqaləsi dərc olunub

10.09.2020
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin "A Revista Turismo Estudos & Práticas (RTEP)" jurnalında "31 mart-Azərbaycanlıların soyqırımı" adlı elmi məqaləsi dərc edilib.
Braziliyada nəşr edilən, A kateqoriyalı beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən ən nüfuzlu sayılan beynəlxalq elmi jurnal “Web of Science” sisteminə daxildir.
Azərbaycandan beynəlxalq akademik icmaya mart soyqırımı mövzusunda ilk elmi iş olaraq təqdim olunan məqalədə ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ifşa edilir.
Yazıda ermənilərin göz dikdiyi türk torpaqlarının, o cümlədən Azərbaycan ərazilərinin müharibə, yaxud dinc yolla işğal edilib Ermənistana qatılması siyasətinin mərhələləri açıqlanır. Müəllif qeyd edir ki, ermənilərə görə, “Böyük Ermənistan” siyasəti 2 istiqamətdə həyata keçirilməlidir. Bu, həm dinc yolla, həm də məqsədlərinə nail olmadıqda milli qırğın törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırımların həyata keçirilməsi siyasətindən ibarətdir.
Məqalədə 1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğınlarda minlərlə dinc azərbaycanlının məhv edilməsi,yaralanması, təhqir və işgəncələrə məruz qalması haqqında arxiv sənədləri təqdim olunur. Qeyd olunur ki,  tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdir.
Tarixi faktlara, arxiv materiallarına, ciddi elmi mənbələrə əsaslanan məqalənin nəticə hissəsində qeyd edilir: “31 Mart soyqırımı”  tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. Bu, Azərbaycana qarşı erməni daşnaklarının XX əsr ərzində törətdiyi ikinci qırğının tarixidir. Ermənilər 4 dəfə Azərbaycana qarşı soyqırım və deportasiya siyasəti həyata keçiriblər. Hər hansı bir tarixi proses baş verən zaman ermənilər bundan məharətlə istifadə ediblər. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur”.
Məqalənin elektron variantı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.
http://natal.uern.br/periodicos/index.php/RTEP/article/view/2419

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35