Elm Tarixi İnstitutu elmşünaslıqla bağlı beynəlxalq elmi seminar keçirib

01.10.2020
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun  (ETİ) təşkilatçılığıyla Rusiya, Ukrayna, Macarıstan və Azərbaycan alimlərinin iştirakı ilə elmşünaslıq mövzusunda beynəlxalq elmi seminar keçirilib. İştirakçı ölkələrin elmi qurumları arasında səmərəli dialoqun qurulması, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə təşkil olunan seminar online şəraitdə keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları salamlayaraq, belə tədbirlərin elmi əməkdaşlığın güclənməsinə xidmət etdiyini söyləyib. Elmşünaşlıq sahəsində tədqiqatların yeni olmasına baxmayaraq, artıq bu istiqamətdə nailiyyətlərin əldə olunduğunu qeyd edən akademik AMEA-da bu məsələlərlə Məryəm Seyidbəylinin rəhbərliyi ilə Elm Tarixi İnstitutunun məşğul olduğunu bidirib. İ.Həbibbəyli vurğulayıb ki, Elm Tarixi İnstitutunun təşkil etdiyi beynəlxalq konfranslar elmi əməkdaşlıqla yanaşı, xarici ölkə alimləri, elmi qurumları ilə dostluq əlaqələrini də gücləndirib, Azərbaycana dostlar qazandırıb. İ.Həbibbəyli yeni yaranmış, kiçik heyətə malik olan İnstitutun az imkanlarla qısa vaxtda bir çox uğurlara imza atdığını deyib, Elm Tarixi İnstitutunun bu istiqamətdəki nəşrlərini, o cümlədən AMEA tarixinə həsr olunmuş irihəcmli kitabını xüsusi qeyd edib.

Sonra Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli çıxış edərək elmşünaslığın yaranma prosesi barədə məlumat verib, elm tarixi və elmşünaslıq arasındakı əlaqədən danışıb.

Elm tarixinin elmin inkişaf prosesi və yaradıcılıq təhlili ilə məşğul olduğunu bildirən alim qeyd edib ki, XX əsrin ortalarında elmin inkişafına böyük marağın oyanması nəticəsində elmin yeni tədqiqat sahəsi olan elmşünaslıq yaranır və yeni sahə elmin inkişafının qanunauyğunluqlarını öyrənir. İnstitut direktoru xüsusi bir elm kimi elmşünaslığın XX əsrin 60-cı illərində formalaşdığını və elə həmin dövrdə də elm və texnika arasında münasibətlərdə sıçrayışın başladığını deyib. Predmetinə və məqsədinə görə elmşünaslığa ən yaxın sahənin elm tarixi olduğunu vurğulayan M.Seyidbəyli bildirib ki, “elm tarixinin maraqları orbitində müxtəlif elmlərin genezisi, elmin metodologiyası, elmi məktəblərin və heyətlərin formalaşması, fəaliyyəti, cəmiyyətin inkişafı və elmin inkişafı arasındakı əlaqələrin tarixi, müxtəlif cərəyanların yaranması birləşir. Bu oxşar vəzifələr elm tarixi və elmşünaslığı yaxınlaşdırır və onların tarixi qismən kəsişir. Bir sözlə, elm tarixi və elmşünaslıq həmişə qarşılıqlı təsirdədir”.

Seminar iştirakçılarından Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun direktoru, REA-nın müxbir üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Yuri Baturin “P.L.Kapitsa: Alimlərin uğurlu işlərinin şərtləri haqqında və müasirlik” mövzusunda məruzəsini təqdim edib.

Y.Baturin məşhur fizik, Nobel mükafatı laureatı, akademik Kapitsanın hələ 1952-ci ildə Stalinə elmin inkişafı barədə yazdığı, hazırda da aktuallığını saxlayan məktubu haqqında danışıb. Professor bildirib ki, məktubda 3 əsas şərt qeyd edilib: “yeniliklərə ədalətli qiymətin verilməsi; onun inkişafına qaygı və dəstəyin təmin edilməsi; yaradıcı elmi axtarışlarda uğursuzluqlardan qorxmamaq”.
Rusiyadan tədbirin digər iştirakçısı REA S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşeulova isə “Beynəlxalq akademik əməkdaşlığın proqramı. Meqaqrantlar: Rusiya təcrübəsi” adlı məruzə ilə çıxış edib.

“Aparıcı alimlərin ali ixtisas təhsilli, Rusiya ali peşə təhsil müəssisələrinə cəlb edilməsi tədbirləri haqqında” RF hökumətinin 9 aprel 2010-cu il tarixli 220 saylı qərarı ətrafında geniş mühazirə edən natiq, 10 il ərzində bu sahədə əldə edilən uğurlar, eyni zamanda təmsil etdiyi qurumun gördüyü işlərdən danışıb. N. Aşeulova gənclərin elmi işlərə cəlb edilməsi və aparıcı alimlərin onlarla professional əlaqələrinin nə dərəcədə səmərəli olması barədə məlumat verib.

Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) G. M. Dobrov adına Elmi-Texniki Potensial və Elm Tarixi Araşdırmaları İnstitutundan Lilia KavunenkoElmin beynəlmiləlləşməsi və inteqrasiyası məsələsinə dair” adlı məruzəsini təqdim edib.
Beynəlmiləlləşdirilmə prosesinin əsasən, beynəlxalq elmi-texnoloji əməkdaşlıq vasitəsilə həyata keçirildiyini bildirən alim XXI əsrdə elm sahəsində beynəlxalq əlaqələrin intensivliyinin sürətlə inkişaf etdiyini, bunun isə dünyada güclü elmi sistemin yaranmasına səbəb olduğunu deyib.
Beynəlxalq təşkilatların yaranmasının dünya ölkələrinin alimlərinin elmi əməkdaşlığına geniş imkanlar açdığını bildirən natiq 1985-ci ildə yaranan,  elmi-texniki tədqiqatların Avropa və dünya bazarlarına çıxışını təmin edən –  EUREKA Avropa proqramından danışıb.
Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova isə iştirakçıların diqqətinə “Azərbaycanda gender tədqiqatları məsələlərinə dair” məruzəsini təqdim edib.
Genderşünaslığın tarixindən məlumat verən alim qeyd edib ki, dünya elmində gender məsələsinin formalaşmasının hələ ilkin mərhələsində Azərbaycan dövlət səviyyəsində bu mövzuda tədqiqatlara və praktik işlərə qoşulub.
Ölkəmizdə genderşünaslıq sahəsində tədqiqat və nəşriyyat fəaliyyətinin aktiv xarakter daşıdığını, BDU-nun Gender və tətbiqi psixologiya, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Çağdaş fəlsəfi cərəyanlar şöbələrinin fəaliyyətini xüsusi vurğulayan D.Vahabova AMEA daxilində "Genderologiya" jurnalı, 30 cildlik "Cins kitabxanası" və bir sıra kolleksiyaların nəşr olunduğunu bildirib.
Seminarın sonuncu çıxışçısı, Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədova “Müasir elmin sosial problemləri” mövzusunda danışıb.
XX əsrin sonunu, XXI əsrin əvvəlini elmin tərəqqi dövrü kimi xarakterizə edən sosioloq bildirib ki, cəmiyyətin elə bir sferası yoxdur ki, öz inkişafında elmi-texniki tərəqqiyə dayanmasın. Müasir elmin inkişafında bir sıra problemlərin mövcudluğunu qeyd edərək onları xarakterizə edən S.Məmmədova Azərbaycan elminin XXI əsrdə sürətli inkişafı və eyni zamanda, bu sahədə ölkəmizdə mövcud olan problemlərdən bəhs edib. Alim sosial vəziyyətin gənclərin elmə marağına güclü təsirindən, son onillikdə ölkədən ali təhsilli gənc kadrların başqa ölkələrə üz tutmasının səbəb və nəticələrindən danışıb.
Təqdim edilən hər mövzu ətrafında geniş müzakirələrin aparıldığı seminar maraqlı diskussiyalarla yadda qalıb. Pandemiya şəraitində belə görüşlərin əhəmiyyətini vurğulayan beynəlxalq iştirakçılar elmin populyarlaşdırılmasına xidmət baxımından Elm Tarixi İnstitutunun təşəbbüsünü yüksək qiymətləndirib və gələcək fəaliyyətlə bağlı müəyyən təkliflər səsləndiriblər. 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35