Elm Tarixi İnstitutu elmşünaslığa dair beynəlxalq elmi seminar keçirib

01.10.2020
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) təşkilatçılığıyla Rusiya, Ukrayna, Macarıstan və Azərbaycan alimlərinin iştirakı ilə elmşünaslıq mövzusunda beynəlxalq elmi seminar keçirilib.  İştirakçı ölkələrin elmi qurumları arasında səmərəli dialoqun qurulması, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə təşkil olunan seminar zoom proqramı vasitəsilə online şəraitdə keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları salamlayaraq, belə tədbirlərin elmi əməkdaşlığın güclənməsinə xidmət etdiyini söyləyib. Elmşünaşlıq sahəsində tədqiqatların yeni olmasına baxmayaraq, artıq bu istiqamətdə nailiyyətlərin əldə olunduğunu qeyd edən akademik AMEA-da bu məsələlərlə Məryəm Seyidbəylinin rəhbərliyi ilə Elm Tarixi İnstitutunun məşğul olduğunu bidirib. İ.Həbibbəyli vurğulayıb ki, Elm Tarixi İnstitutunun təşkil etdiyi beynəlxalq konfranslar elmi əməkdaşlıqla yanaşı, xarici ölkə alimləri, elmi qurumları ilə dostluq əlaqələrini də gücləndirib, Azərbaycana dostlar qazandırıb. İ.Həbibbəyli yeni yaranmış, kiçik heyətə malik olan İnstitutun az imkanlarla qısa vaxtda bir çox uğurlara imza atdığını deyib, Elm Tarixi İnstitutunun bu istiqamətdəki nəşrlərini, xüsusilə AMEA tarixinə həsr olunmuş irihəcmli kitabını qeyd edərək, elmşünaslığa həsr olunmuş ilk onlayn seminara uğurlar diləyib.

Sonra Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli çıxış edərək elmşünaslığın yaranma prosesi barədə məlumat verib, elm tarixi və elmşünaslıq arasındakı əlaqədən danışıb.

Elm tarixinin elmin inkişaf prosesi və yaradıcılıq təhlili ilə məşğul olduğunu bildirən alim qeyd edib ki, elmin kütləvi sənətə çevrilməsi gedişində elmi fəaliyyətin təşkili, idarə olunması ilə bağlı kompleks məsələlər  meydana çıxır və XX əsrin ortalarında elmin inkişafına böyük marağın oyanması nəticəsində elmin yeni tədqiqat sahəsi olan elmşünaslıq yaranır və yeni sahə elmin inkişafının qanunauyğunluqlarını öyrənir. İnstitut direktoru xüsusi bir elm kimi elmşünaslığın XX əsrin 60-cı illərində formalaşdığını və elə həmin dövrdə də elm və texnika arasında münasibətlərdə sıçrayışın başladığını deyib. Predmetinə və məqsədinə görə elmşünaslığa ən yaxın sahənin elm tarixi olduğunu vurğulayan M.Seyidbəyli bildirib ki, “elm tarixinin maraqları orbitində müxtəlif elmlərin genezisi, elmin metodologiyası, elmi məktəblərin və heyətlərin formalaşması, fəaliyyəti, cəmiyyətin inkişafı və elmin inkişafı arasındakı əlaqələrin tarixi, müxtəlif cərəyanların yaranması birləşir. Bu oxşar vəzifələr elm tarixi və elmşünaslığı yaxınlaşdırır və onların tarixi qismən kəsişir. Bir sözlə, elm tarixi və elmşünaslıq həmişə qarşılıqlı təsirdədir”.

Seminar iştirakçılarından Rusiya Elmlər Akademiyasının (REA) S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun direktoru, REA-nın müxbir üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Yuri Baturin “P.L.Kapitsa: Alimlərin uğurlu işlərinin şərtləri haqqında və müasirlik” mövzusunda məruzəsini təqdim edib.

Y.Baturin məşhur fizik, Nobel mükafatı laureatı, akademik Kapitsanın hələ 1952-ci ildə Stalinə elmin inkişafı barədə yazdığı, hazırda da aktuallığını saxlayan məktubu haqqında danışıb. Professor bildirib ki, məktubda 3 əsas şərt qeyd edilib: “yeniliklərə ədalətli qiymətin verilməsi; onun inkişafına qaygı və dəstəyin təmin edilməsi; yaradıcı elmi axtarışlarda uğursuzluqlardan qorxmamaq”. Kapitsanın "Alimlərin işləməsi üçün əlverişli şəraitə bürokratlar mane olur. Bu şərtlər dərin elmi işlərə ziddir. Bürokratlar alimləri onların elmi fəaliyyətlərindən uzaqlaşdırır" fikrinə istinad edən Y.Baturin təəssüflə vurğulayıb ki,  Rusiyada bu məsələ hələ də aktualdır.

Rusiyadan tədbirin digər iştirakçısı REA S.İ.Vavilov adına Təbiətşünaslıq və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya elmləri namizədi Nadejda Aşeulova isə “Beynəlxalq akademik əməkdaşlığın proqramı. Meqaqrantlar: Rusiya təcrübəsi” adlı məruzə ilə çıxış edib.

“Aparıcı alimlərin ali ixtisas təhsilli, Rusiya ali peşə təhsil müəssisələrinə cəlb edilməsi tədbirləri haqqında” RF hökumətinin 9 aprel 2010-cu il tarixli 220 saylı qərarı ətrafında geniş mühazirə edən natiq, 10 il ərzində bu sahədə əldə edilən uğurlar, eyni zamanda təmsil etdiyi qurumun gördüyü işlərdən danışıb. N. Aşeulova gənclərin elmi işlərə cəlb edilməsi və aparıcı alimlərin onlarla professional əlaqələrinin nə dərəcədə səmərəli olması barədə məlumat verib.

Rəhbərlik etdiyi qurumla Elm Tarixi İnstitutu arasında sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan alim bildirib ki, calışırıq ki, elm tarixində ölkələrimiz arasındakı tarixi əlaqələrin yeni istiqamətlərini birgə müəyyənləşdirək.

Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) G. M. Dobrov adına Elmi-Texniki Potensial və Elm Tarixi Araşdırmaları İnstitutundan Lilia KavunenkoElmin beynəlmiləlləşməsi və inteqrasiyası məsələsinə dair” adlı məruzəsini təqdim edib.
O, qeyd edib ki, elmin beynəlmiləlləşdirilməsi məsələsi elmi fəaliyyətlərin xarakterinin dəyişməsi ilə əlaqədar müxtəlif ölkələrin alimləri və siyasətçiləri tərəfindən  çox müzakirə edilir ki, bu da ölkələrarası kooperasiyanın artımı, fənnlərarası artımla, alimlərin aktiv hərəkətliliyinin güclənməsi və s. səbəblərlə bağlıdır. Beynəlmiləlləşdirilmə prosesinin əsasən, beynəlxalq elmi-texnoloji əməkdaşlıq vasitəsilə həyata keçirildiyini bildirən alim XXI əsrdə elm sahəsində beynəlxalq əlaqələrin intensivliyinin sürətlə inkişaf etdiyini, bunun isə dünyada güclü elmi sistemin yaranmasına səbəb olduğunu deyib.
Müasir dünyada elmi tədqiqatların davamlı olaraq yetərincə qiymətləndirildiyini deyən L.Kavunenko vurğulayıb ki, dünyanın heç bir ölkəsi, hətta ABŞ belə müasir elmin bütün cəbhələrində elmi tədqiqatların bütün istiqamətlərini tam təmin edə bilmir. Alim qeyd edib ki, bu vəziyyətdən yeganə  çıxış yolu maliyyə imkanlarını nəzərə almaqla ayrı-ayrı ölkələrin elmi-texniki fəaliyyətinin inteqrasiyası və kooperasiyası və hər bir ölkənin özü üçün daha prioritet istiqaməti seçməsidir.
Beynəlxalq təşkilatların yaranmasının dünya ölkələrinin alimlərinin elmi əməkdaşlığına geniş imkanlar açdığını bildirən natiq 1985-ci ildə yaranan,  elmi-texniki tədqiqatların Avropa və dünya bazarlarına çıxışını təmin edən –  EUREKA Avropa proqramından danışıb, Rusiya və Ukraynanın bu proqrama üvz olduğunu və 2014-2018-ci illərdə 4 layihədə iştirakını diqqətə çatdırıb.
Avropa Şurasının proqramlarında Müstəqil Dövlətlər Birliyi ölkələrinin, o cümlədən öz ölkəsi və Azərbaycanın da iştirakını vurğulayan ukraynalı alim qeyd edib ki, elmi sistemlərin inteqrasiyası bu ölkələrin innovativ inkişafının güclənməsini, inteqrasiya proseslərində tamhüquqlu və səmərəli iştirakını, milli elmin və texnologiyaların rəqabət qabiliyyəti səviyyəsinin artımını, elmtutumlu xidmət və məhsulların dünya bazarlarına çıxışını təmin edir.
Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabova isə iştirakçıların diqqətinə “Azərbaycanda gender tədqiqatları məsələlərinə dair” məruzəsini təqdim edib.
Genderşünaslığın tarixindən məlumat verən alim qeyd edib ki, dünya elmində gender məsələsinin formalaşmasının hələ ilkin mərhələsində Azərbaycan dövlət səviyyəsində bu mövzuda tədqiqatlara və praktik işlərə qoşulub. Gender tədqiqatlarının çoxsahəli təbiətinə işarə edən alim Azərbaycanda ixtisaslaşmış tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyi 6 elmi institutun – AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Bakı Dövlət, Xəzər və Qərb Universitetləri, Gender və İnsan Haqları Araşdırma və Azərbaycan Gender Məlumat Mərkəzlərinin adını çəkib.
Ölkəmizdə genderşünaslıq sahəsində tədqiqat və nəşriyyat fəaliyyətinin aktiv xarakter daşıdığını, BDU-nun Gender və tətbiqi psixologiya, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Çağdaş fəlsəfi cərəyanlar şöbələrinin fəaliyyətini xüsusi vurğulayan D.Vahabova AMEA daxilində "Genderologiya" jurnalı, 30 cildlik "Cins kitabxanası" və bir sıra kolleksiyaların nəşr olunduğunu bildirib. O, qeyd edib ki, bu sahədə yazılan əsərlərdə əsas diqqətəlayiq xüsusiyyət müəlliflərin Azərbaycanda gender məsələləri və gender tədqiqatlarının lokal spesifikliyini müəyyənləşdirməsidir.
Seminarın sonuncu çıxışçısı, Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədova “Müasir elmin sosial problemləri” mövzusunda danışıb.
XX əsrin sonunu, XXI əsrin əvvəlini elmin tərəqqi dövrü kimi xarakterizə edən sosioloq bildirib ki, cəmiyyətin elə bir sferası yoxdur ki, öz inkişafında elmi-texniki tərəqqiyə dayanmasın. O, bildirib ki, elmin inkişafı dünyanı dərk prosesində yeni perspektivlərə yol açır, sosial münasibətlərin mahiyyətini dəyişir və müasir dövrdə elm qarşısında duran əsas məsələrdən biri elmi nailiyyətlərin tətbiq edilməsi nəticələrinin proqnozlaşdırılmasıdır. Müasir elmin inkişafında bir sıra problemlərin mövcudluğunu qeyd edərək onları xarakterizə edən S.Məmmədova Azərbaycan elminin XXI əsrdə sürətli inkişafı və eyni zamanda, bu sahədə ölkəmizdə mövcud olan problemlərdən bəhs edib. Alim sosial vəziyyətin gənclərin elmə marağına güclü təsirindən, son onillikdə ölkədən ali təhsilli gənc kadrların başqa ölkələrə üz tutmasının səbəb və nəticələrindən danışıb.

T
əqdim edilən hər mövzu ətrafında geniş müzakirələrin aparıldığı seminar maraqlı diskussiyalarla yadda qalıb. Pandemiya şəraitində belə görüşlərin əhəmiyyətini vurğulayan beynəlxalq iştirakçılar elmin populyarlaşdırılmasına xidmət baxımından Elm Tarixi İnstitutunun təşəbbüsünü yüksək qiymətləndirib və gələcək fəaliyyətlə bağlı müəyyən təkliflər səsləndiriblər. 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35