Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, t.ü.f.d Bayram Quliyevin “Elm” qəzetində “Dağliq Qarabağ: Burada nə baş verir?” adlı məqaləsi yayımlanıb

29.10.2020
img

    Bütün dünya koronavirus bəlası ilə üzləşərkən və bunun aradan qaldırılması ilə bağlı çözüm axtarışında olarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi səhər-səhər Azərbaycan respublikasının vətəndaşlarının taleyini dəyişəcək bir xəbər yayımladı. Xəbərdə “Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.” – deyilirdi. Heç şübhəsiz ki, şanlı Azərbaycan ordusu hər an belə təxribatlara hazır olduğu üçün əks həmlə hücumlarına keçdi. Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza müraciət etdi. Bu müraciətdən az keçməmiş qədim ənənələrə malik olan və müasir texnika, hərbi silah-sursat ilə təmin olunmuş ordumuz Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. (Qaynaq ARMN – ümumiyyətlə bütün hərbi məlumatların istifadəsi zamanı Müdafiə Nazirliyinin rəsmi saytına istinad olunmaqdadır). Beləcə Qarabağda savaş başlamış oldu.

Savaşın adı: “İkinci Qarabağ Savaşı” yoxsa “Böyük Vətən Müharibəsi”?

Artıq öncə vurğuladığımız kimi sentyabr ayının 27-dn başlayan bu savaş dörd gündür ki, davam edir və şanlı ordumuz bir-birindən uğurlu döyüş əməliyyatlarının gerçəkləşdirib xalqımıza qürur yaşatdılar. Hərbiçi olmadığım üçün baş verənlərin hərbi nöqteyi-nəzərdən dəyərləndirməmiz doğru alınmaz, ona görə də bir tarixçi olaraq baş verən proseslərə düzgün qiymət vermək məqsədə uyğundur. Davam etməkdə olan bu savaşı necə adlandırmalı? Ötən yüzilliyin 90-cı illərində baş vermiş savaş Birinci Qarabağ savaşı kimi yadda qalmışdı. İlk baxışdan mövcud savaşı da “İkinci Qarabağ Savaşı” kimi adlandırmaq qulağa xoş gələ bilər. Lakin, bu ümumi vəziyyəti tam ifadə edə bilmir. Birincisi savaş sadəcə Dağlıq Qarabağ ərazisində deyil, işğal altındakı daha yeddi rayonda da gedir. Bəhs olunan adı verməklə savaşın məqsədini çərçivəyə salmış oluruq. Çünki, bu savaş Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması uğrunda gedir və bu Bütöv Azərbaycanın gerçəkləşdirilməsinin başlanğıcı ola bilər.

Elədirsə daha öncə “Aprel döyüşləri” və ya “Tovuz döyüşləri” adlandırdığımız kimi bu savaşı necə adlandırmalıyıq? Bilinməkdədir ki, bu baş verənlər bir döyüş deyil, kompleks şəkildə gerçəkləşdirilən hərbi savaşdır. Burada bütün Azərbaycan vətəndaşları Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparır. Ərəb qaynaqlarına da istinad etsək belə sonuc əldə edərik ki, Dərbənddən Həmədan şəhərinə Ağrı dağı və Urmu gölündən Xəzər dənizinə qədər Azərbaycandır və bu geniş ərazi burada doğulan irqindən, cinsindən, dinindən, dilindən, sosial mənsubiyyətindən və kimliyindən aşlı olaraq hər kəsin vətənidir. Bu günlərdə Azərbaycanın şimal hissəsi deyil, hazırkı İran İslam Respublikası ərazisi olan Cənubi Azərbaycandakı soydaşlarımız da çeşidli yollarla ordumuza dəstək oldular. Çünki, Dağlıq Qarabağ və ətraf yeddi rayon onların da vətənidir. Beləcə, baş verən bu savaşı “Böyük Vətən Müharibəsi” adlandırmaq ən optimal variantdır.

“Böyük Vətən Müharibəsi” zamanı mətbuatımız, sosial media və əhalimiz

“Böyük Vətən Müharibəsi” daha öncə baş verən “Aprel Döyüşləri” və “Tovuz döyüşləri”nə bənzəmirdi. Adını çəkiyimiz öncəki döyüşlər bizə mətbuat və sosial media ilə işləməyin önəmini öyrətmişdi. Çünki, hər iki döyüşdə APA TV-ni çıxmaqla digər Azərbaycan televiziyalarında bir boşluq vardı və onlar sadəcə filmlər nümayiş edirdi və bunun sonucu olaraq Azərbaycan vətəndaşları sosial mediaya üz tutur və burada da dezinformasiya ilə qarşı-qarşıya qalırdı. Xatırlatmaq gərəklidir ki, ermənilər bu istiqamətdə çox aktivdir və onların çoxu bizim dili bildiyi üçün Azərbaycan profilləri ilə istədiyi məlumatı yayıb manipulyasiya edə bilirdi. Lakin, “Böyük Vətən müharibəsi” zamanı dövlətimiz mükəmməl bir iş gördü. Dezinformasiyaların qarşısının alınması və hərbi məlumatların ötürülməməsi üçün sosial mediaya girişi məhdudlaşdırdı. Etiraf etmək lazımdır ki, Azərbaycanda da məşhurlaşmaq və ya izləyici kütləsi yığmaq üçün eksklüziv xəbər yayımlama marağı var və bu maraq bizim informasiya təhlükəsizliyimiz ilə tərs mütənasibdir. Hər hansı bir hərbi şəkil və ya video paylaşmaq o şəkillə bərabər qonum paylaşmağa bərabərdir. Şəkildəki detalların da informasiya daşıyıcı ola biləcəyini düşünərək bunun necə təhlükəli olmasını qənaətinə gələ bilərik. Bu isə mənfi nəticələrə yol aça bilər. Təəssüf ki, bütün marifləndirmə tədbirlərinə rəğmən insanlar yenə də şəkil və ya video paylaşır və ya statuslar yazır.

Sosial mediası məhdudlaşan insanlar həm yerli televiziyalara, eləcə də xəbər saytlarına üz tutdular. Xatırlarsanız, öncəki yazılarımın birində televiziyalarımızı tənqid etmiş və informasiya boşluğunun əsas səbəbi kimi onları göstərmişdik. Sevindirici hal budur ki, bu dəfə televiziyalarımız, xüsusilə başda APA TV olmaqla Azərbaycan Dövlət Televiziyası və ARB 24 kanalı çox mükəmməl canlı yayımlar həyata keçirməklə informasiya boşluğunun qarşısını tamamilə almış oldular. Eyni zamanda siyasi və hərbi ekspertlərin, keçmiş döyüşçülərin və qazilərin efirlərə dəvət olunması xalqımızın əhval-ruhiyyəsinə olduqca müsbət təsir göstərdi. Baxmayaraq ki, tarixçiləri efirlərdə bir o qədər də görmədik. Bununla paralel olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin demək olar ki hər saatdan bir məlumatlandırması və məlumatın görüntü ilə əsaslandırılması ən doğru addım idi və informasiyanın obyektivliyinə zərrə qədər şübhə qoymurdu, bu xidmət də qüsursuz təşkil olunmuşdu. Düşmənin daim ara-sıra hücumları bizi ehtiyatlı davranmağa sövq etmişdi və istər ordunun müasir silahlarla təmin edilməsi, onun taktiki hazırlığının yoxlanılması üçün müxtəlif hərbi təlimlərin keçirilməsi, istərsə də savaş zamanı bütün dövlət orqanlarının kompleks şəkildə və qüsursuz işləməsi və bunun tənzimlənmə mexanizminin mövcudluğu Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycanın Prezidenti İlham Əliyevin və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın uğurlu siyasətlərinin sonucu idi.

Azərbaycan vətəndaşları da sanki savaşa hazır imiş kimi öz soyuqqanlılığını nümayiş etdirdi. Daha öncələr olduğu kimi insanlar dezinformasiyalara inanmır, öz ordusuna və ordumuzun Ali baş Komandanına güvənir. Dövlət Təhlükəsizlik Xidmətinin də verdiyi məlumatları da göz önündə tutarsaq ölkə daxilində dezinformasiya yayan ermənilərə xidmət edən yerli və əcnəbi şəxslər mövcuddur. Bu müharibənin qanunlarıdır. Lakin, xalqımız artıq bu kimi cılız insanların söylədikləri yalanlara da inanmırlar. Bunu bütün şəhəri bəzəyən bayraqların varlığı bir daha sübut etməkdədir. Artıq şəhid valideynləri mətanətli duruş sərgiləyir, kişilər çox böyük həvəslə hərbi xidmətdə iştirak etmək üçün hərbi komissarlıqlara müraciət edirlər. İnsanlar savaşın dayanma ehtimalından belə qorxur və hər kəsin bir şüarı var. Prezidentimizin də dediyi kimi “Qarabağ Azərbaycandır!” Erməni silahlı qüvvələrinin Azərbaycanın yaşayış obyektləri və mülki əhalisini atəş zərbələrinə tutsa da bütün Azərbaycan ərazisində yüksək əhval-ruhiyyə mövcuddur.

Bir az da tarix: Ermənilər kimlərdir?

Öncə “Tovuz döyüşləri”,  ardında da “Böyük Vətən Müharibəsi” Azərbaycan gəncliyini məcbur elədi ki, öz tarixinə təkrar nəzər salsın. Eləcə də ermənilərin haradan gəldiyini dəqiqləşdirsin. Çünki, onunla paralel olaraq informasiya savaşı da gedirdi və bu savaşda bilgi əskikliyi silahsız olmaq kimi bir şey idi. Sosial şəbəkələrdə informasiya atəşinə tutan ermənilərə sadəcə tarixi faktlarla cavab verib onu susdura bilərdi. Beləcə ermənilərin haradan gəlməsi haqqında məlumatları buraya əlavə etmə fikri yarandı.

Demək olar ki, əsər tarixçilər ermənilərin M. Ö. VII əsrdə Balkan yarımadasından Anadolu ərazisinə gəldiyini və Anadolunun cənub – şərqində yerləşdiklərini yazırlar. Daha sonra onlar da digər Anadolu tayfaları kimi Midiya dövlətinin və Əhəmənilərin tərkibinə qatıldılar. Burdan aydın olur ki, ermənilər heç də iddia etdikləri kimi Urartu dövlətinin varisləri deyillər.

Həm türk, həm də Avropa tədqiqatçıları Anadolunun Kilikiya bölgəsində (indi Türkiyənin Mersin, Adana və Osmaniyə şəhərlərini əhatə edir) yaşayan ermənilərin ilk öncə Parfiyanın, daha sonra isə Romanın və Sasanilərin tərkibində olduğunu yazırlar. Ərəb hücumları ərəfəsində ermənilər Roma imperiyası tərkibində idilər. Roma imperiyası tərkibində uzun zaman qalan ermənilər öz varlıqlarını saxlamaq və xristian əhali içərisində assimilyasiya olmamaq üçün yeni bir məzhəbə - Qriqoriyanlığa qulluq edirdilər.

X əsrdən etibarən Səlcuqluların şərqdən qərbə axınları başladı. Bu zaman ermənilər Kilikiyada krallıqlarını yaratmışdılar və Azərbaycan əraziləri ilə heç bir əlaqələri yox idi. Ermənilərin Qərbi Azərbaycanda və ya digər Azərbaycan ərazilərində olmadığını türk dünyasının ulu kitabı olan “Kitabi Dədəm Qorqud” epiqrafik abidəsi də sübut etmişdir.  KDQ-un bütün sətirlərini araşdırarkən məlum olur ki, nə hal - hazırda tarixi Azərbaycan ərazisində yaradılmış və Azərbaycanın 20 faizini işğal edən Ermənistanın adı, nə də erməni və ya hay kəlməsi bu kitabda yoxdur. Əgər ermənilərin iddia etdiyi kimi qərbi Azərbaycan və Dağlıq Qarabağ bir erməni torpağı olsaydı onda mütləq onların adı “Kitabi Dədəm Qorqud” abidəsində çəkilməli idi. Səlcuq dövləti tarixindən yazan ərəb müəllifləri də Bizansla Azərbaycan arasında hər hansı bir dövlətin varlığından söz açmırlar.

1256-cı ildə mərkəzi Təbriz olan Elxanilər dövləti yarandı. Elxanilərin banisi Hülakü xanın xanımı xristian idi və bu bölgədə yaşayan xristianlara müxtəlif üstünlüklər verirdi. Ona görə də Müsəlman Səlcuqlulardan qaçan ermənilər mərkəzi Azərbaycan olan Elxanilər dövlətinin ərazisinə yerləşirdilər, lakin onların burda daimi yaşamaq hüququ yox idi.  XIV əsrdən etibarən Azərbaycan dövlətçiliyi daha da inkişaf etdi. Azərbaycan ərazisində yaranan Qaraqoyunlu (Baharlı) və Ağqoyunlu (Bayandurlu) dövlətlərinin zamanında Azərbaycan bir mərkəzdən idarə olunmağa başladı Baharlı Cahan şah 1441-ci ildə xüsusi bir fərman imzaladı. Bu fərmana görə erməni katolikosu Kilikyanın Sis şəhərindən Azərbaycan ərazisinə - Çuxursəd bəylərbəyiliyinə köçürüldü. Bundan sonra Azərbaycan torpağı və sərvətləri hesabına Eçmiədzində (Üçkilsə) böyük bir monastır salınmış oldu. Bu zamandan etibarən artıq ermənilər Azərbaycan torpaqlarında daimi məskunlaşmağa başladılar. XVIII əsrə qədər artıq Azərbaycan ərazilərinə xeyli sayda erməni köçmüşdü və onlar xristian dinin onlara yaratdığı şəraitdən yaralanaraq Azərbaycanın ən münbit torpaqlarında məskunlaşmağa davam edirdilər.

Cənubi Qafqazdakı xalqların əksəriyyəti ilə Osmanlı dövlətini etnik və din birliyi yaxınlaşdırması bu imperiyanın Cənubi Qafqazda nüfuz dairəsinin artmasına səbəb oldu. Rusiya imperiyasının Cənubi Qafqazda, eləcə də Azərbaycanda mövqeyi olduqca zəif idi. Rusiya bu ərazilərdə yaşayan əksəriyyəti müsəlman olan xalqlara qarşı öz məkrli və işğalçı siyasətinə gürcüləri və tarixi torpağımız İrəvanda yerləşən Eçmiədzin (Üçkilsə) erməni kilsəsini alət etməyə çalışırdı. Vaxtilə tarixi Azərbaycan torpaqlarında yaradılan Erməni kilsəsi Rusiya imperatoru I Pyotrla gizli əlaqələr saxlayırdı.

I Pyotrun ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərdə tutan fərman, sərəncam və məktub tipli çoxlu sənədlər mövcuddur. Bu sənədlərdən biri olan Pyotrun Rusiya imperiyası xarici işlər naziri A. Rumyantsevə yazdığı məktubda göstərilirdi: “yeni ələ keçirdiyimiz ərazilərdə onların bizim səlahiyyətimiz altında yaşamalarına icazə verməliyik. Siz onlara bildirin ki, Rusiya sizə qoşunla kömək edə bilməz, amma Xəzərsahili əyalətlərdə yaşamağınıza razılıq veririk. Osmanlılar ermənilərə bu qədər diqqət göstərməyimizə, onların Xəzərsahili əyalətlərdə yerləşdirilməsinə razılıq verməyimizə öz iradlarını bildirsələr, siz onda deyərsiniz ki, ermənilərlə biz eyni dinə xidmət edirik. Onlar bizim himayəmiz altında olmağı özləri xahiş etmişlər.” (Nəcəfli G. 2007, s. 41-42).

Rusiyanın ən çox dövlət yaratmaq istədiyi ərazi Çuxur-Səəd bəylərbəyiliyi sonradan İrəvan xanlığı adlandırıldı. Bunun əsas səbəbi ermənilərin əsas katolikosluq mərkəzlərinin İrəvanda yerləşməsi idi. Təxmini 300 il ərzində ermənilər Üçkilsə (Eçmiədzin) mərkəz olmaqla 26 kənddə yerləşərək vəqf torpaqları əldə etmişdilər. XVIII əsr boyu bu torpaqların, eləcə də vəqflərin həcmi getdikcə artmaqda idi. Bu haqda məlumatlara Eçmiədzin monastırını 1763 – 1780–ci illərdə idarə etmiş İrəvanlı Simonun “Cambr” adlı əsərində rast gəlinir. O, bu əsərdə erməniləri XVIII əsr boyu İrəvan və ətraf ərazilərə daha geniş surətdə yerləşməsi, bu məqsədlə də Azərbaycanın türk – müsəlman əhalisindən torpaq sahələrinin satın alması və ya hədiyyə olunması haqqında ətraflı məlumat verir. Sənədlərin təhlili göstərir ki, ermənilərin Azərbaycanın türk – müsəlman əhalisindən torpaqların satın alınması və ya hədiyyə olunması xüsusi məhkəmələr hesabına gerçəkləşirdi. Üçkilsə materiallarından birinə əsasən demək mümkündür ki, Keşişkənd adlandırılan bu kənd əslində Aydındərviş adlanırdı və burada türklər yaşayırdı. Aydındərviş kəndi Katolikos Akop tərəfindən 6 danq 2 tümənə Quluismayil Ağadan satın alınmışdı. Digər bir məlumata əsasən demək olar ki, Ermənilər tərəfindən Azərbaycan türklərindən alınan Çələbikənd isə zamanında Azərbaycan müsəlmanlarının yaşadığı bir kənd olmuşdu (Ереванци Симеон.  Джамбр. c. 232). Onu da vurğulamaq lazımdır ki, Eçmiədzin katolikosu heç bir Azərbaycan türkünə icazə vermirdi ki, monastır torpaqları ərazisində əkin – bicinlə məşğul olsun.

Ermənilərin Rusiyanın bilavasitə yardımı ilə kütləvi şəkildə Azərbaycanın qərb hissəsinə və Qarabağa köçürülməsi 1928-ci il 10 fevralda Türkmənçay anlaşmasının imzalanması ilə gerçəkləşdi. Azərbaycan Türkləri bu ərazilərdəki dədə-baba torpaqlarından zorla çıxardıldı və yerinə gəlmə ermənilər yerləşdirildi. 1905-1906-cı illərdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində qırğınlar həyata keçirdilər. 1918-ci il mart ayında isə bu qırğınların həcmi böyüdü və soyqırıma çevrildi. Beləcə, Balkanlardan Bakıya qədər ermənilərin köçü tamamlanmış oldu. Heç şübhəsiz ki, XX yüzilliyin 40-50-ci illərində qərbi Azərbaycandan Azərbaycan Türklərinin digər bir qismi də deportasiya olundu. Artıq Qərbi Azərbaycanda tamamən yerləşmiş ermənilər üzlərinə xoş baxıldığı üçün Sovetlər Birliyinin də dəstəyi ilə Dağlıq Qarabağa iddia qaldırmağa başladılar. XX yüzilliyin 20-ci illərində bu cəhdləri boşa çıxsa da 90-cı illərdə Azərbaycanın zəifləməsindən istifadə edib Xocalı soyqırımını törətdilər və Dağlıq Qarabağ ilə birlikdə yeddi rayonu da işğal etdilər. Heç şübhəsiz ki, bu prosesdə Rusiyanın rolu olduqca böyük önəm kəsb etmişdi.

Ermənilər hazırda özlərini Qafqazın aborigen xalqı hesab edir. Lakin, sadəcə bir fakta diqqət yetirmək kifayətdir ki, onların gəlmə olduğu öz təsdiqini tapmış olsun. 1918-ci il 28 may da Azərbaycan və Gürcüstan öz müstəqilliyini elan etdikdə onların öz paytaxtları məlum idi. Gürcüstanda Tbilisi, Azərbaycanda isə Bakı və ya Gəncə paytaxt seçildi. Lakin, ermənilərin bir paytaxt şəhəri yox idi. Sizcə Qafqazın “aborigen” bir xalqı olan ermənilərin niyə paytaxt şəhəri yox idi. Çünki, onlar Qafqaza gəlmə bir xalq idi və torpaqlar sənin olmayınca və buralara yad bir xalq olunca sənin paytaxt şəhərin də olmaz. Beləcə 1918-ci il 29 mayda qədim Azərbaycan şəhəri olan və Osmanlının çətin vəziyyətindən istifadə edərək Rusiya, Fransa, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları başda olmaqla Avropa ölkələrinin basqısı ilə Azərbaycan Türklərinin idarə etdiyi İrəvan şəhəri ermənilərə paytaxt verildi və Ermənistan adlı dövlət yaradıldı. Xatırladım ki, bizim erməni adlandırdığımız xalq özlərinə “hay” deyir və dövlətlərini “hayastan” adlandırır və beləcə onlar özləri bir coğrafi ad olan və Anadolunun qərbində yerləşmiş Armeniya və ya Ərməniyyə ilə heç bir bağlarının olmadığını sübut edirlər. Əksinə biz onlara “erməni”, dövlətlərinə isə “Ermənistan” deməklə buralı etmiş oluruq.

“Böyük Vətən Müharibəsi” zamanı Azərbaycanın hərbi gücü və onun tarixi kökləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1 noyabr 2020-ci il məlumatına əsasən demək mümkündür ki, düşmənin 200-dək tank, 228 artilleriya, yaylım atəş qurğusu, 300 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb. Həmçinin onu da qeyd etmək lazımdır ki, ilk 4 gün ərzində Ermənistan ordusunun itirdiyi döyüş texnikasının dəyəri 1.2 milyard dollara bərabərdir. Qısa zamanda Azərbaycan ordusunun bu qədər möhtəşəm qələbələr əldə etməsi heç də təsadüfü bir durum deyil. Bunun bir necə səbəbləri mövcuddur.

Bu səbəblərdən ilki insan faktorudur. Bu gün cəbhədə vuruşan hər bir Azərbaycan əsgəri bilir ki, ona məxsus olan torpaqları geri qaytarmaq üçün vuruşur. Demək olar Azərbaycanda hər kəsin ailəsində bir şəhid vardır.  Öz şəhidinin qisasını almaq hər bir Azərbaycan kişisinin borcudur. Ermənilərdə isə durum fərqlidir, onların çoxu gəlmə olduğunu və bu torpaqlara aid olmadığını anlayır, bəziləri isə muzdlu döyüşçülər və PKK kimi terror təşkilatlarının üzvləri, yaxud da Suriya və Livan erməniləridir. Torpaqla mənəvi bağı olmayan bir əsgər savaşda uğur qazana bilməz. Gəlmə ermənilər bu ərazilərin coğrafiyasına belə bələd olmadığı halda Azərbaycanlıların çoxunun beynində həmin ərazilər həkk olunmuş vəziyyətdədir.

İkinci faktor hərbi texnikanın müasirliyi ilə bağlıdır. Azərbaycan daim öz hərbi ehtiyatlarını yeniləyir və müasirləşdirir, daim təlimlər keçir. Azərbaycanın detallı və dəqiq müşahidələr aparmağa imkan verən üç peyki mövcuddur. Son baş verən hadisələr göstərdi ki, Ermənistan köhnə hərbi silah-sursatdan istifadə edir. Hətta, İrəvanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) dünya tarixində ilk dəfə olaraq Pilotsuz Uçuş Aparatları vasitəsi ilə sıradan çıxarılmışdır.

Sonuncu səbəb ondan ibarətdir ki, Azərbaycan hərbinin qədim tarixi mövcuddur. Antik dövrdə öz hərbi bacarıqları ilə məşhur olan iskitlərin Azərbaycan ərazisində yaşamaları haqqında çeşidli tarixi qaynaqlarda onlarca məlumatlara rast gəlinir. Daha sonra M. Ö. 66-65-ci ildə cəsur alban və qarqarlar Roma sərkərdəsi Qney Pomeyə qarşı savaşaraq onun paytaxt Qəbələni tutmasına izn vermədilər. 830-cu ildə Babəkin başçılığı ilə Azərbaycan ordusu ərəb işğalçılarını tamamən Azərbaycandan qovub çıxartmışdı. Elxanilər, Baharlı və Bayandurlu dövlətlərinin orduları Türklərdən ibarət idi. Səfəvilər, Əfşarlar və Qacarlarda Türk-Qızılbaş qvardiyaları mövcud idi və dünyanın ən güclü ordularından biri idi. Bu zaman hərbi terminlərin tamamı Türkcə idi. Lakin, Azərbaycanın şimal hissəsi 1828-cil il Türkmənçay anlaşması ilə  Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra Azərbaycanda yaşayan müsəlman əhali hərbidən uzaqlaşdırıldı və rüşvət vasitəsi ilə ya azərbaycanlıların ordudan uzaqlaşdırılmasına və ya hərbi xidmət zamanı mülkü işlər görməsinə (mətbəx və təmizlik işləri) xüsusi “şərait” yaradıldı. Bu proses Sovetlər Birliyinin zamanında da davam etdirildi və burada əsas məqsəd azərbaycanlıların hərbi sistemdən uzaqlaşdırılması və kütlə halına gətirərək idarə etməkdən ibarət idi. Buna rəğmən bir çox zadəgan təbəqəsindən olan azərbaycanlı hərbiçi yetişmiş oldu və 1941-1945-ci il İkinci Dünya Savaşında qəhrəmanlıqlar sərgilədi. Lakin, XX əsrin 80-ci illərinin sonunda genetik keçmiş öz sözünü dedi və azərbaycanlılar öz müstəqilliklərini əldə etdilər. Lakin, Çar Rusiyasının və Bu proses özünü 90-ci illər “Birinci Qarabağ Savaşı”nda göstərdi. Azərbaycanlıların genetik cəsarətinə rəğmən hərb elminə düzgün yiyələnməməsi, hərbi taktikanın düzgün tərtib olunmaması, hərbi sirrin saxlanılma qaydasının mənimsənilməməsi, Rusiyanın birmənalı şəkildə Ermənistanı dəstəkləməsi, Sovetlərin tərkibində olduğu üçün Azərbaycanın müvafiq hərbi bazasının olmaması səbəbindən Azərbaycan öz torpaqlarının 20 faizini itirmiş oldu. Lakin, atalar demiş “su gələn arxa, bir də gələr!” Və hazırda özünün müdafiə sənayesi olan, dünyanın 50 ən güclü ordularından biri hesab olunan, ordusuna milyardlarla dollar xərcləyən Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını geri qaytarmaq uğrunda uğurlu mübarizə aparmaqdadır.

“Böyük Vətən Müharibəsi” Azərbaycan xaricində

27 sentyabr 2020-ci il “Böyük Vətən Müharibəsi” başladıqdan  sonra öz qonşularımızın və xarici dövlətlərin də iç üzü ortaya çıxdı. Daha bir atalar misalında deyildiyi kimi “dost dar gündə tanınar!” Azərbaycana ilk dəstəyi həmişəki kimi Türkiyə Respublikası verdi. Doğrudur bu dəstək ermənilər tərəfindən manipulyasiya edildi və “Böyük Vətən Müharibəsi” zamanı Türkiyə ordusunun olduğu yalanı irəli sürüldü. Lakin, bu əsassız idi və bu günkü işğaldan azad olunmuş torpaqlardakı hərbi qulluqçularımızın əldə etdiyi hərbi qənimətlər haqqındakı video reportajlar bunu bir daha təsdiqlədi. Həm Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan, həm Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, həm də Türkiyə Müdafiə Naziri Hulusi Akar öz açıqlamalarında daim Azərbaycanın haqq davasını dəstəklədiklərini vurğulamışlar. Bununla bərabər Pakistan, Əfqanıstan, İsrail və Belarus dövlətləri bizim öz ərazi bütövlüyümüzün bərpasını dəstəklədilər. Çox təəssüf ki, Türk dövlətləri bu məsələdə kimlərinsə etkisi altına düşərək neytral mövqedə dayanmağı üstün tutdular. Bu bir daha sübut edir ki, “Türk Birliyi” fikri elə fikir olaraq qalacaq. Oysa xristian olduğu üçün Azərbaycan ərazi bütövlüyünü pozulması faktını Avropa ölkələri görməzdən gəlir. Həmin Türk dövlətləri unudurlar ki, sabah onların ərazisində Dağlıq Qarabağ probleminə bənzər bir problem olsa Avropa onlara da eyni münasibət göstərəcək. Çünki, Qərb  üçün Müsəlman və ya Türk dünyası coğrafiyalara ayrılmır.  Baxmayaraq ki, biz öz aramızda birimiz o birimizi ayrı tuturuq. Müsəlman dünyası demişkən İslam dövlətlərinin 80 faizi də bu məsələdə səssizliyini qorudu və məlum oldu ki, Quranı Kərimdə deyilən “Müsəlmanlar biri-digərinin qardaşıdır!” əmri hazırda öz hökmünü itirmişdir. Bu məqamda İran İslam Respublikasını da xüsusi xatırlamaq gərəklidir. Öz təsdiqini qismən tapan bir məlumatda deyilir ki, İran Rusiyanın göndərdiyi silahları öz ərazisindən keçməklə Ermənistan ərazisinə ötürülməsini təmin edir. İran xarici işlər naziri bunu təkzib etsə də, “od yanmayan yerdən tüstü çıxmaz!” deyib atalarımız. Həmçinin İran rejimi Qarabağ məsələsini qaldıran bir neçə Ərdəbilli gənci də həbsə atmışdır. Bu məlumat da öz rəsmi təsdiqini tapmamışdır və bu normal bir durumdur. Əslində İran bu durumdan maksimum istifadə edib Cənubdakı 40 milyona yaxın Azərbaycan Türkünün dəstəyini ala bilərdi. Anlaşılan o ki, Azərbaycan Türklərinin dəstəyi onlara lazım deyil və bu onlara maraqlı da deyil. Heç şübhəsiz burada Cənubdakı Azərbaycan Türklərinin də öz müqəddəratları haqqında ciddi düşünməməsinin də rolu vardır.

Amerika Birləşmiş Ştatları və Rusiya başda olmaqla bir sıra Avropa ölkələri “sülh” çağırışları ilə ənənəvi reaksiyalarını verdilər. Qəribədir ki, 30 ilə yaxındır Qarabağ münaqişəsi ilə marqlanmayanlar da “öz tövsiyələri” ilə Azərbaycana üz tutdular. Heç şübhəsiz ki, burda əsas məqsəd sülh deyil, ermənilərin yeri torpaqlar əldə etməsini təmin etməkdir. Avropa dövlətləri içərisində Fransa açıq-aşkar Ermənistanı dəstəkləməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi. Emmanüel Makron Rusiya Prezidenti ilə “Böyük Vətən Müharibəsi” haqda müzakirə apararkən Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik metodlarla nizama salınmasına alternativin olmaması qeyd edib. Qəribədir erəmnipərəstliyi ilə seçilən Fransa həqiqətənmi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir? Zənnimizcə Azərbaycan dövləti Fransa ilə münasibətlərini yenidən gözdən keçirməlidir.

Otuz ilə yaxındır ki, sülh pərdəsi altında bizim başımızı qatan və özünü verdiyi dörd qətnamənin icra olunmamasına reaksiya verməyən BMT belə müharibənin dayandırılmasını istəyir və tövsiyə olunur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri müəyyən bir çıxış yolu tapsınlar. O həmsədrləri ki, on illərdir boşu-boşuna gəlib-getməklə heç bir işə yaramırlar və otuz ilə yaxındır ki, zərrə qədər də irəliləyiş əldə etməyiblər. Gəlin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə bir nəzər salaq. Bir tərəfdə bitərəf görsənməyə çalışsa da erməni lobbisinin təsirinə məruz qalmış ABŞ, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünü heçə sayan və açıq şəkildə erməniləri dəstəkləyən Fransa, o biri tərəfdə isə Ermənistanda hərbi bazası olan, ermənilərə silah satan, ermənilərin Qafqazda yerləşməsində “rolu” olan Rusiya. Sizcə İrəvan və Qərbi Azərbaycanın Ermənistana verilməsində əsas başqı göstərmiş bu üç ölkənin Qarabağ münaqişəsini çözmək şansı və istəyi nə qədər olar. Bu və ya buna bənzər təşkilatların “müharibəni dayandırın!” çağırışlarının arxasında nə dayanır? Qarabağ və yeddi rayonu ermənilərə hədiyyə vermək mi? Bu situasiyanın başqa cür izahı mövcud deyil və açıq olaraq onlar və onların fikirlərini dəstəkləyən Qərb ölkələri və buna səssiz qalan ölkələr Qarabağın Ermənistana verilməsini birmənalı şəkildə istəyir və onlar Azərbaycan ordusunun gücünə bələd olduqları üçün əmindilər ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə geri qaytaracaqdır və buna görə müharibənin olmasını istəmirlər.

Siyasətdən və pafosdan kənar

Mən Qarabağdanam, ailəmin kökləri Şuşa şəhərinə qədər uzanır, özüm Cəbrayıl rayonunda doğulmuşam. Ailəm şəhid verib və qaçqın düşüb. Otuz ilə yaxındır ki, doğulduğum torpaqlara gedə bilmirəm. Mənim kimi 1 milyon insan da bu müddətdə öz torpaqlarına gedə bilmir. Bu reallığı heç bir qətnamə və ya bəyanat və ya şər-böhtan dolu uydurma və sərsəm açıqlamalar dəyişmir. MƏN ÖZ YURDUMA GEDƏ BİLMİRƏM! Daha otuz il gözləməliyəm ki, danışıqlar olsun və yaxud mən o qədər saf və ağılsızam? Ki, bu aldatmacalara inanam? Xarici ölkələrin və təşkilatların “sülh yolu ilə çözüm” önəriləri təxmini 50 milyonluq bir xalqı ələ salmaqdan başqa bir şey deyil. Otuz ildə heç bir çözüm əldə olunmayan bir problem üçün bundan başqa sadəcə bircə yol qalır, o da savaş ilə öz torpaqlarını geri qaytarmaq. Erməni baş Naziri Paşınyanın “Qarabağ Ermənistandır” ifadəsi, Şuşa şəhərində inauqurasiya keçirməsi və bu kimi addımlar Ermənistanın Qarabağ və yeddi rayonu sülh yolu ilə Azərbaycana verməyəcəyinin əsas göstəricisidir. Bu eyni zamanda bu illər ərzində aparılan “danışıqların” heç bir etkisinin olmadığını, ən başdan etibarən erməninin danışılar pərdəsi altında Qarabağa silah və canlı qüvvə yığdığını, danışılar adı altında erməninin bizi yola verdiyini və Qarabağ unutdurmaq ehtimalını mövcud olma biləcəyini düşüncəsini göstərməkdədir. Belə qənaətə gəlmək olar ki, qərb ölkələri və təşkilatları savaşın dayandırılması və məsələnin sülh yolu ilə çözülməsi bəyanatları ilə artıq gücdən düşmüş Ermənistanın yenidən güc toplayaraq silahlanmasını və Qarabağın Ermənistana verilməsini istəməklər Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirirlər.

Amma unudurlar ki, əski gələnəklərə sahib olan Azərbaycan ordusu Azərbaycanın tarixi torpaqlarını bərpa etmək gücündədir və qələbə bizimlədir! Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qələbə şanlı Ordumuzundur!

 


T.ü.f.d Bayram Quliyev,
AMEA Elm Tarixi İnstitutu,
Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35