Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, t.ü.f.d Bayram Quliyevin mediada Vətən müharibəsinə aid növbəti yazısı yayımlanıb

02.11.2020
img

Bayram Quliyev: “Prezident İlham Əliyev tərəfindən Azərbaycan tarixinin ən şanlı səhifələri yazılır”

Zaman-zaman Azərbaycan çeşidli siyasi-iqtisadi səbəblərdən zəifləmiş və torpaq itirmiş, lakin həmişə vətənimizi gücləndirib torpaq bütövlüyünü bərpa edən bir xilaskar olmuşdur. VII-VIII yüzilliklərdə ərəb işğalı altında olan Azərbaycan Türk sülaləsi Sacilər tərəfindən birləşdirildi və onun torpaqları bərpa edildi. Sacilərin ən güclü hökmdarı, Azərbaycan tarixində bir az kölgədə qalmış Yusif bin Əbu Sac hətta ətraf əraziləri özünə birləşdirmiş, Ərəb Xilafətinin basqısına rəğmən dövlətini uğurla idarə edirdi. Baharlılar zəiflədiyi bir zamanda Həsən Padşah Bayandurlu hakimiyyətə gəlmiş və müvəqqəti sabitliyə nail olmuşdur. Bayandurlular zəiflədiyi bir zamanda Şah I İsmayıl Azərbaycan Səfəvilər dövlətini yaratmış və dövlətçiliyimizi möhkəmləndirmiş, əksər strukturlarında Azərbaycan türklərinin yer aldığı güclü bir imperiya yaratmışdır. Səfəvilər zəifləyib qonşular tərəfindən ərazisi işğal olunanda tarix səhnəsinə Şah I Abbas çıxmış və Azərbaycan tarixində ən güclü zamanlarından birini yaşamışdır. Səfəvilər zəiflədiyi bir dönəmdə Nadir Şah Əfşar dövlət yaratmış və itirilmiş torpaqlarımızı geri qaytarmışdır. Unutmaq olmaz ki, Şah I Abbas və Nadir şah Əfşar girdiyi heç bir döyüşdə məğlub olmamış, hətta Nadir şah Makedoniyalı İsgəndərin belə keçmədiyi Qanq çayını keçmişdir. Lakin XVIII yüzilliyinin ortalarından Azərbaycan xanlıqlara parçalandı və Dərbənddən Həmədana qədər böyük Azərbaycan torpaqları itirilməyə başladı".
B.Quliyev qeyd edib ki, Azərbaycan xanlarının və Səfəviləri bərpa etməyə çalışan ən güclü tarixi şəxsiyyətlərimizdən biri olan Ağa Məhəmməd Şah Qacarın səylərinə baxmayaraq, torpaqlarımızın şimal hissəsi Rusiya tərəfindən işğal olundu. Cənub hissə isə Qacarların hakimiyyətində olsa da, Qacarlar öz Azərbaycan-Türk kimliyini itirdilər və zamanla farslaşdılar. Onun yerində İran dövləti yarandı. Rusiya tərkibində də Şimali Azərbaycan Dərbənd və Borçalı olmaqla yenidən torpaq itirdi.
Torpaqlarımızın bir qismi də ABŞ, Rusiya və bir sıra Avropa dövlətlərinin basqısı ilə Azərbaycan Cümhuriyyəti dövründə itirildi. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da Dərələyəz və Zəngəzur Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-yə verildi:
"XX əsrin 90-cı illərində açıq-aşkar Rusiyanın dəstəyini alan Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etdi. Belə bir zamanda parçalanma təhlükəsində olan Azərbaycanın daha bir xilaskarı onu yox olmağa qoymadı. Bu, ümummilli liderimiz Heydər Əliyev idi. Hazırda təxminən 300 ildən çoxdur ki, torpaq itirməyə davam edən Azərbaycan öz torpaqlarını bərpa etməyə başlayıb. Vətən müharibəsinin getdiyi sadəcə bir aylıq bir müddətdə Ali Baş Komandanımız İlham Əliyevin uğurlu taktiki tapşırıqları ilə 4 şəhər, 193 kənd düşmən tapdağından təmizlənmişdir. Azərbaycanlıların Vətən Müharibəsi hələ davam edir və hazırda Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan tarixinin ən şanlı səhifələri qızıl hərflərlə yazılmaqdadır".

http://science.gov.az/news/open/14835

https://az.trend.az/azerbaijan/politics/3327736.html


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35