Elm Tarixi İnstitutu Qarabağ müharibəsinin başa çatması və tarixi qələbənin əldə olunması ilə bağlı toplantı keçirib

12.11.2020
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Qarabağ müharibəsinin başa çatması və atəşkəsin elan olunması ilə bağlı toplantı keçirib. Əvvəlcə bütün  vətən  şəhidlərinin ölməz ruhu sayğıduruşu ilə yad edilib.
          Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli qeyd edib ki, 30 ildir ki, Azərbaycan işğal olunmuş torpaqlarını sülh yolu ilə azad etməyə, münaqişəni dinc yol ilə həll etməyə çalışsa da, Ermənistanın aqressiv siyasəti buna imkan vermirdi. ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyini və yaxud həll etmək istəmədiyini vurğulayan İnstitut direktoru ermənilərin bu fürsətdən istifadə edərək daha yeni torpaqlar işğal etməyə çalışdığını və Azərbaycanın məcburiyyət qarşısında qalaraq hərbi yolu seçdiyini bildirib. Azərbaycanın müzəffər ordusunun bütün dünyaya öz yenilməzliyini və qəhrəmanlığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini deyən M.Seyidbəyli 27 sentyabrdan başlayan uğurlu hərbi əməliyyatlardan sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixdə sülh müqaviləsinin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, cəbhədəki uğurlarla yanaşı, Ali Baş komandan İlham Əliyevin diplomatik müstəvidə də yüksək peşəkarlıq və qətiyyət göstərməsi dünya ictimaiyyətini Azərbaycanın bu mübarizədə haqlı olduğu faktı qarşısında qoydu. “Bu yerdə ulu öndər Heydər Əliyevin sözlərini xatırlayıram. Həqiqətən də, mən fəxr edirəm ki, Azərbaycanlıyam və bizim belə prezidentimiz var. Yaşasın Azərbaycan!, Yaşasın Ali Baş komandanımız!”,– deyə İnstitutut direktoru fikrini tamamlayıb.
    Sonra Elm Tarixi İnstitutunun  Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri,  tarix üzrə fəlsəfə doktoru,  dosent Ziyad Əmrahov çıxış edərək ölkə başçısının erməni yalanlarını dəfələrlə uğurla ifşa etməsindən danışıb. Z.Əmrahov bildirib ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni işğalından azad edilməsi təkcə aktiv döyüş meydanlarında deyil, ölkə başçısının uğurlu çıxış və nitqlərində də möhkəmləndirildi. Azərbaycanın Qarabağda haqq işi uğrunda apardığı müharibənin 29-cu günündə prezident İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərin bunu açıq şəkildə göstərdiyini vurğulayan tarixçi erməni tərəfinin hər zaman olduğu kimi 27 sentyabrdan bu yana dünya mətbuatını bürüyən yalan və iftiraların ölkə başçısının dilində tarixi faktlarla qiymətləndirildiyini bildirib. Z.Əmrahov qeyd edib ki, İlham Əliyev 26 oktyabr tarixində Azərbaycan xalqına müraciəti zamanı Qarabağ həqiqətləri ilə bağlı söylədiyi “Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” fikirlərini təsdiq edib. Bu, onun həm necə tarixi biliyə malik olduğunu göstərdi, digər tərəfdən isə növbəti erməni yalanını, erməni tarixçilərinin uydurmuş olduğu “Qafqaz Bürosu, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana veribdir” kimi formalaşdırmağa çalışdıqları fikir və mülahizələri ifşa edərək dünya birliyinə lazımı ismarış vermiş oldu. Bütün bunlar həm də onu aydın göstərdi ki, xalqının yenilməz gücü və birliyinə arxalanan, söykənən ölkə başçısı Qarabağın erməni işğalından azad edilməsi üçün qarşılaşdığı bütün çətinlikləri mahir strateq kimi uğurla dəf etdi.
    Elm Tarixi İnstitutunun Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev isə ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa necə yerləşdirilməsindən danışıb. Ermənilərin özlərini hay adlandırdığını, Yunanıstan ərazisindən Anadoluya gəldiyini və 1441-ci ildən Azərbaycanda rəsmən yerləşdirildiyini, Səfəvilər zamanında, xüsusilə Şah I Abbas zamanında ölkənin bəzi yerlərinə köçürüldüyünü deyən tarixçi, onların  Qərbi Azərbaycana köçünün İrəvan xanlığının zamanında kütləvi hal aldığını bildirib. İrəvanlı Simonun “Cambr” əsərinə istinad edən B.Quliyev o dövrdə məhkəmələrin bilərəkdən ermənilərin xeyrinə həll olunduğunu, Azərbaycana məxsus kəndlərin ermənilərə verilərək adlarının dəyişdirildiyini bildirib. Ermənilərin Qarabağa kütləvi köçünün 1828-ci il Türkmənçay müqaviləsindən sonra həmin müqavilənin 15-ci maddəsi ilə baş tutduğunu vurğulayan alim qeyd edib ki, özlərinə aborigen adı verən ermənilər 1918-ci ildə bir paytaxt şəhər seçə bilmədilər, çünki yox idi,olmamasının səbəbi də gəlmə olmaları idi. Tarixçi biildirib ki, ermənilərin gəlmə olduğunu sübut etmək üçün əsas istinadlardan biri də xristianlıq tariximizin bir mərhələ kimi mənimsənilərək yenidən araşdırılması olmalıdır.
    B.Quliyev qeyd edib ki, “44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünya hərb sənətində ilk nümunə kimi tətbiq olunacaq qəhrəmanlıqlar sərgilədi. Hətta, Şuşanın erməni işğalından qurtarılması üçün PUA və hərbi texnikadan istifadə olunmadı. Azərbaycan əsgərinin bu cür yüksək performans nümayiş etdirməsinin bir səbəbi çağdaş təchizatdırsa, digər səbəbləri tarixi ənənələrin olması və bu torpağa mənən bağlılığıdır. Bu fakt kimin gəlmə, kimin yerli olduğunu bir daha göstərir”.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35