Elm Tarixi İnstitutunun qadın kollektivi Qarabağ qələbəsini qeyd edib

17.11.2020
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Qadınlar şurası Qarabağ müharibəsinin başa çatması və tarixi qələbənin əldə olunması ilə bağlı toplantı keçirib. Əvvəlcə bütün  vətən qurbanlarının ölməz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 27 sentyabrdan başlayan uğurlu hərbi əməliyyatlardan sonra Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il tarixdə sülh müqaviləsinin imzalandığını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. M.Seyidbəyli Azərbaycanın müzəffər ordusunun rəşadəti və Ali Baş komandan İlham Əliyevin qətiyyəti hesabına əldə edilən parlaq qələbə və ərazi bütövlüyümüzün bərpası münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Sonra çıxış edən Elm Tarixi İnstitutu Qadınlar şurasının sədri Əfsanə Səfərova da öz növbəsində qələbə münasibətilə tədbir iştirakçılarını və şura üzvlərini təbrik edib. Ə.Səfərova 30 illik ücüzü prosesdən sonra Şəhidlərimizin qanı, canı hesabına qələbəyə nail olduğumuzu və Qarabağ müharibəsinə son qoyulduğunu bildirib. Əldə edilən bu böyük qələbəyə görə şanlı Ordumuza, döyüşən hər bir əsgərə borcluyuq deyən Şura sədri bildirib ki, bizə qazandırdıqları  vətən əmanətinə onlar kimi sadiq olmaq hamımızın vətəndaş borcudur. Müharibənin getdiyi dövrdə Elm Tarixi İnstitutunun qadın kollektivinin də fəal olduğunu, əllərindən gələn dəstəyi əsirgəmədiklərini bildirən Ə.Səfərova şəhid olanların ruhuna rəhmət, yaralı əsgərlərimizə şəfa diləyib.

Elm Tarixi İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərova  Qarabağ müharibəsində Azərbaycan qadınlarının iştirakından və rolundan danışıb. A.Nəzərova bildirib ki, zaman-zaman keçirilən bütün sorğularda qadınlarımızın mütləq çoxluğu müharibə istəmədiyini, sülh, əmin-amanlıq arzuladığını vurğulayıb.
1988-ci ildə soydaşlarımızın Ermənistandan dəhşətli deportasiyasından 27 sentyabr savaşınadək Azərbaycanın heç zaman müharibə ideologiyasının tərəfdarı olmadığını bildirən A.Nəzərova müharibənin bu illər ərzində minlərlə qadınımızı oğulsuz, qardaşsız, həyat yoldaşsız qoyduğunu deyib. O, qeyd edib ki, ancaq dəyişməyən bir fakt da var ki, nə qədər müharibəyə qarşı olsa da, nə qədər dəhşətli və amansız olsa da, əgər savaş qaçınılmazdırsa, o zaman Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə döyüşməyi, düşmənə qarşı çıxmağı da biliblər. I və II Qarabağ müharibəsində yüzlərlə Azərbaycan qadınının öz cəsarətini, mərdliyini, şücaətini sübut etdiyini vurğulayan A.Nəzərova onların səngərdə əsgərlərə ana, bacı, həkim, yarasını sarıyan tibb bacısı, yemək bişirən aşpaz, yeri gələndə isə döyüş yoldaşı olduğunu deyib. “O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər, onların adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə yaşadılmalıdır”, – deyə A.Nəzərova fikrini tamamlayıb.
Sonra Elm Tarixi İnstitutunun Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı Solmaz Namazova “XIX əsr və XX əsrin əvvəllərində Qarabağın tarixi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında XIX əsr və XX əsrin əvvəllərində torpaqlarımızın işğala məruz qalmasından, Azərbaycanın iki yerə parçalanmasından, şimal hissəsinin Rusiya tərəfindən ilhaqından, Türkmənçay müqaviləsinə əsasən ermənilərin maneəsiz olaraq Qarabağa yerləşdirilməsindən və burada onların sayının süni şəkildə artırılmasından danışıb.
Qələbə ruhu ilə keçən tədbir mövzu ətrafında müzakirələrlə davam edib.


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35