Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ: rayon və şəhərlərin tarixi” adlı kitabı işıq üzü görüb

17.11.2020
img

AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Qarabağ bölgəsinə daxil olan rayon, şəhər və qəsəbələrin tarixindən bəhs edən “Qarabağ: rayon və şəhərlərin tarixi” kitabı çap edilib.
Kitabda Azərbaycanın Qarabağ bölgəsinə aid rayon və şəhərlərin qədim tarixi, sözlərin toponimikası, etimologiyası və digər məsələlər araşdırılıb. Nəşrdə qeyd edilir ki, Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilib. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir.
Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Qarabağın rayon və şəhərlərinin keçmişinə və müasir dövrünə nəzər salan kitabda ilk olaraq bölgənin qısa tarixi və mənası izah edilib. Vəsaitdə Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Füzuli, Kəlbəcər, Xocalı, Əsgəran, Ağoğlan, Xocavənd və Ağdərənin tarixi keçmişi barədə ətraflı məlumatlar əks olunub. Bu ərazilərin işğala qədər və işğaldan sonrakı dövrü, ermənilərin ekoloji, mədəni və arxeoloji terroru barədə məlumatlar da kitabda geniş tədqiq edilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35