
Fəzlullah Rəşidəddin və onun Elxanilər zamani təhsilin inkişafinda rolu
Elxanilər dövründə elmin yüksək səviyyədə inkişaf etməsi onu sübut edir ki, bu dövrdə təhsilə çox böyük önəm verilmiş, təhsil müəssisələri yüksək səviyyədə inkişaf etmişdir. Böyük elm xadimi, təbib, müxtəlif məzmunlu elmi əsərlərin müəllifi olan Fəzlullah Rəşidəddin Həmədani eyni zamanda Elxanilər dövründə yüksək vəzifəli dövlət xadimi idi. Bu iki xüsusiyyəti ona imkan verirdi ki, o həm təhsilin inkişafı yönündə əhəmiyyətli tədbirlər həyata keçirsin, həmçinin elmi inkişaf etdirmək üçün müəyyən addımlar atsın.
Rəşidəddin Fəzlullah Həmədan şəhərində həkim ailəsində anadan olmuşdur. Bu böyük alimin doğum tarixi haqqında müxtəlif fikirlər mövcuddur, lakin, dünyaca məşhur “Cameüt-təvarix” əsərini bitirdiyi zaman alimin 60 yaşının olduğunu təxmin edərək onun 1247/48-ci ildə anadan olduğu qənaətinə gəlmək olar [5, 69]. F. Rəşidəddin əczaçı kimi fəaliyyət göstərən yəhudi əsilli İmadədövlə Əbülxeyr Həmədaninin oğlu idi. Alimin yəhudi əsilli olduğunu vurğulayan B. Levis onu da qeyd edir ki, “Cameüt-təvarix” əsərində əks olunan miniatürlərdə yəhudi dininin elementləri mövcuddur [7, 89-90]. Unutmaq olmaz ki, istər İslam dini olsun, istərsə də Yəhudilik və ya Xristianlıq, onlarda dini motiv eynidir, çünki hər üç dinin kökü və düşüncəsi bir yerdən qaynaqlanır. Fikrimizcə F. Rəşidəddinin ailəsi əslən Yəhudi olsa da, onlar əsrlər öncə İslamı qəbul etmişdilər. Yəhudi və ya müsəlman olmasından asılı olmayaraq F.Rəşidəddin tarixi Azərbaycan şəhəri olan Həmədanda anadan olmuş və daha bir Azərbaycan şəhərində - Təbriz kimi böyük mədəniyyət mərkəzində fəaliyyət göstərmişdi. C.Boyl da bu böyük alimin Təbriz başda olmaqla Azərbaycanın bir çox yerlərində mülklərinin olduğunu yazır [3, 19].
Əvvəllər İsmayillilərin himayəsində olan F.Rəşidəddinin ailəsi Elxanilərin Bağdad şəhərini tutub Abbasilər xilafətinə son qoyması ilə onların himayəsinə keçdilər. B.Hofman İbn əl-Fuvatiyə istinadən bildirir ki, İmadədövlə Əbülxeyr Həmədaninin ailəsinin Marağa şəhərinə köçməsi və onun Elxani idarəsində yüksək vəzifə tutmasında böyük alim Nəsirəddin Tusinin əhəmiyyətli rolu olmuşdur. [6, 64]. Keyxatu xanın zamanında (h. 690-694 (m. 1291-1295)) da saray həkimi kimi fəaliyyət göstərən F.Rəşidəddin Qazan xanın (h. 694-703 (m. 1295-1304)) hakimiyyəti illərində Sədrəddin Zəncaninin öldürülməsi ilə h. 697-ci ildə (m. 1298) baş vəzir vəzifəsinə təyin olundu [13, 57]. Daha sonra öz fəaliyyətini Sultan Olcaytu xanın zamanında da (h. 703-716 (m. 1304-1316)) davam etdirdi. F.Rəşidəddinin digər vəzir Tacəddin Əlişah ilə arasında kəskin rəqabət var idi. Tacəddin Əlişah ölkənin vəzirlik səviyyəsində idarəsinin iki yerə bölünməsini, şimal–qərb və Anadolunun özü tərəfindən, cənub–şərqin və Azərbaycanın isə F.Rəşidəddin tərəfindən idarə olunmasını istəyirdi, lakin, F.Rəşidəddin bu istəklə razılaşmırdı. Sultan Olcaytu da onun fikirlərinə daim önəm verirdi [14, 69]. C.Boyl bildirir ki, onlar arasında ziddiyyət o dərəcəyə çatmışdı ki, Tacəddin Əlişah F.Rəşidəddinin guya yəhudi himayəsində olan bir moğol əmirinə ibrani dilində yazdığı məktub yalanını ortaya atmış, Sultan Olcaytu isə bu yalana inanmamışdı [4, 25-26]. Daha sonra hakimiyyətə gələn Əbu Səidə Tacəddin Əlişah tərəfindən təsir etmək daha asan oldu və Sultan Olcaytunun zəhərlənməsində təqsirli bilinən Fəzlullah Rəşidəddin oğlu İbrahim ilə birlikdə h.718-ci ildə (m. 1318) edam etdirildi. [13, 78-80].
Fəzlullah Rəşidəddinin təhsilin inkişafındakı xidmətlərini iki istiqamətə ayırmaq mümkündür: 1. Alimin təsis etdiyi mədrəsələrin təhsilin inkişafında rolu. 2. Onun əsərlərindən dərslik kimi istifadə olunması və o dövr üçün bunun əhəmiyyəti.
Böyük ədib həm Təbrizdə, həm də Sultaniyyədə komplekslər inşa etdirmişdir. Heç şübhəsiz ki, bu komplekslərin içərisində xeyli sayda mədrəsələr də təsis olunmuşdu ki, bu amil də təhsilin inkişafına müsbət təsir göstərmişdi. Bu cür komplekslərdən ən məşhuru və ən böyüyü Təbrizdə yerləşən “Rəbi-Rəşidi” kompleksi idi. Unutmaq olmaz ki, təhsil müəssisəsi kimi də fəaliyyət göstərən Azərbaycanın ən böyük təhsil mərkəzi “Rəbi-Rəşidi” kompleksində müxtəlif mədrəsələr, tibb mərkəzləri, kitabxanalar yerləşirdi. Təbrizin kənarında Mehran çayının şimal sahilində salınan “Rəbi-Rəşidi” kompleksi Elxanilər dövlətinin müxtəlif ərazilərindən toplanan və vəqf torpaqları hesabına əldə olunana gəlirlər əsasında inşa edilmişdi. Hafizi-Əbru özünün “Zeyli-cameüt-təvarix” adlı əsərində bu kompleksin əvvəllər fəaliyyət göstərmiş bir necə köhnə mədrəsə ətrafında salındığını yazır. O bildirirdi ki, burada mindən artıq ev vardır. O həmçinin qeyd edir ki, bu kompleksdə iki minarəli böyük bir bina, onunla birlikdə darüş-şəfa, mədrəsə, xanəgah və s. mövcud idi [13, 30]. Rəbi-Rəşidi kompleksi həm Fəzlullah Rəşidəddinin öz gəlirlərinin əsasında formalaşan vəqf əmlakı, eləcə də, Hülakü xanlarının gəlirləri əsasında formalaşan vəqf əmlaki əsasında inşa edilmişdi. ”Vəqfnaməyi-Rəbi-Rəşidi” əsərində məlumat verilir ki, bu kompleksin illik məsrəfi 23705 dinar olmuşdur [19, 215-217]. Bu fakt kompleksin nəhəngliyini göz önünə qoymaqdadır.
Fəzlullah Rəşidəddinin məktublarından məlum olur ki, başda Təbriz olmaqla, Elxanilər dövlətinin müxtəlif yerlərində o dövrdə əsas təhsil müəssisələri olan mədrəsələr, darüş-şəfalar, xanəgahlar təsis olunmuşdur [13]. Burada yerləşən 13 hücrədən və ona bağlı yardımçı hücrələrdən ibarət olan mədrəsələr kompleksi Azərbaycanın ilk universiteti hesab olunur və “Rəbi-Rəşidi” mədrəsəsi adı ilə tanınmışdır. Mədrəsədən daha çox təhsil mərkəzi olan və kompleksin özəyini təşkil edən “Rəbi-Rəşidi”də təhsilin bütün formaları mövcud idi. Burada müxtəlif məzmunlu təhsil müxtəlif binalarda gerçəkləşdirilirdi və bunlar ya bir birinə çox yaxın idi, ya da bir birinə müəyyən bir vasitə ilə birləşdirilirdi. Bu binalar arasında bəzən keçidi təmin edən dəhlizlər olurdu [19, 215-217]. Bu imkan verirdi ki, sabah erkəndən başlayan təhsil prosesi gecənin gec saatlarına qədər davam edə bilsin. Kompleksdə 7000-dən artıq tələbə təhsil alırdı ki, bunların sadəcə 1000 nəfəri yerli tələbələr idi, digər 6000-i isə Əndəlüsdən Hindistana qədər İslam dünyasının müxtəlif yerlərindən təhsil almaq üçün bura üz tutan tələbələr idi. [2, 76-78].
XIII–XV əsrlərdə əsas təhsil mərkəzi mədrəsələr olsa da darüş-şəfalar, xanəgahlar, rəsədxanalar və s. təhsil ocaqları kimi fəaliyyət göstərirdilər. “Rəbi-Rəşidi” məhəlləsinə daxil olan darüş-şəfalar ölkənin ən böyük xəstəxanaları idi və burada Yunanıstan və Krit, eləcə də Misir və Hindistan olmaqla müxtəlif ölkələrdən gəlmiş 70-dən artıq həkim fəaliyyət göstərirdi. Hər bir xəstəxananın özünün zəngin kitabxanası da var idi. Məşhur tarixçi T.Alisenin “Avrasiyada Moğol istilası və mədəniyyəti” adlı kitabında verdiyi məlumata əsasən belə qənaətə gəlmək olar ki, Elxani vəziri Fəzlullah Rəşidəddin sadəcə mərkəzi şəhərlərdə deyil, vilayətlərdə də xəstəxanaların – darüş-şəfaların açılması üçün xüsusi fərmanlar imzalamışdı. O, həmçinin qeyd edir ki, Avrasiyanın ən böyük xəstəxana və tibb məktəblərindən biri olan darüş-şəfada tibb fakültəsi də fəaliyyət göstərirdi. Burada ənənəvi İslam təbabəti ilə yanaşı, Çin və Tibet təbabətinin sirləri də tələbələrə öyrədilirdi [1, 144]. Xəstəxanalarda fəaliyyət göstərən həkimlər ən yüksək maaş (330 dinar) alırdılar. Ş.Bleyerin fikrinə görə, həkimlərin digər işçilərə nəzərən yüksək maaş alması F.Rəşidəddinin həkim olması ilə əlaqədar idi. O, “Elxani memarlığı və cəmiyyəti: Rəbi-Rəşidi ianə aktlarının təhlili” adlı məqaləsində məlumat verir ki, kəhhal (كهال) adlanan cərrah – oftalmoloqlar 100 dinar, mütəəllim (متعلم) adlanan və praktika keçən həkimlər isə beş illik tədris müddətində 30 dinar təqaüd alırdılar [2, 80].
Böyük alimin təhsil sahəsində həyata keçirdiyi ikinci istiqamət onun yazmış olduğu əsərlərlə bağlıdır. Onun əsərləri əsrlər keçsə də mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunmaqda davam etmişdir. Belə əsrlərdən sadəcə üçü haqqında məlumat vermək mümkündür.
Fəzlullah Rəşidəddinin “Tansuxnameyi-Elxani” adlı əsəri təbabətə dair ilk nəzəri və praktiki əsər idi ki, əksər hallarda tələbələr tibb elmini daha da dərindən və əyani şəkildə öyrənmək üçün bu kitabdan istifadə edirdilər. Bu əsərin digər təbabət kitablardan üstün olmasının daha bir səbəbi var idi. İslam dinin qaydalarına görə insan vücudunun çəkilməsi günah sayılırdı. Lakin, bu kitabda insan anatomiyası təfərrüatı ilə təsvir olunurdu. Xatırlatmaq lazımdır ki, Nəsirəddin Tusinin də eyni adlı əsəri mövcuddur ki, bunları qarışdırmaq olmaz. Əsərlərdən birincisi tibbə aid olduğu halda ikincisi mineralogiyaya aiddir. F.Rəşidəddinin “Tansuxnameyi-Elxani” əsərinin 1313-cü ildə Məhəmməd ibn Mahmud əl Kirmani tərəfindən üzü köçürülən nüsxəsi Türkiyənin Aya Sofiya muzeyində saxlanılır [1, 144].
Müəllifin dərs vəsaiti sayıla biləcək digər bir əsəri isə “Cameüt-təvarix” əsəridir. V.Bartoldun “geniş tarix ensiklopediyasi” adlandırdığı və ilk ümumdünya tarixi hesab olunan “Cameüt-təvarix” əsəri üç kitabdan ibarət olmuşdur. “Tarixi-mübarəki-Qazan” adlanan əsərinin ilk cildi Türk və Moğol tayfaları və onların tarixi, təsnifatı, Çingiz xanın tarixi və nəhayət Qazan xanın ölümünə qədərki Elxanilər tarixi əks olunmuşdur. [10, VII - IX]. Əsərin bu hissəsinin bənzərsizliyini və bir çox məsələlərin mükəmməl təsvirini görən Qazan xan “Cameüt-təvarix” əsərinin birinci cildinin öz adı ilə bağlı olmasını istəmişdir. Bunun digər bir səbəbi isə o dövrə qədər moğolların və elxanilərin tarixini bütövlükdə əhatə edən konkret bir tarixi əsərin olmaması idi. Moğollar üçün önəm kəsb edən və daim gizli saxlanılan “Altun dəftər”dən Əta Məlik Cuveynidən sonra ikinci istifadə edən şəxs Fəzlullah Rəşidəddin idi. O, bu əsəri yazmaq üçün əlinin altında olan zəngin əmr və sərəncamlardan ibarət olan dövlət arxivindən, bəzi Çin sənədlərindən və öncəki tarixçilərin salnamələrindən istifadə etmişdi [12, 11-12]. Əsərin bu hissəsinin İranda B. Kərimi [18] və Məhəmməd Rövşən-Mustafa Musəvi [15] nəşrləri mövcuddur. Lakin, hər iki nəşrdə çoxlu sayda təhriflər və qüsurlar mövcuddur. Əsərin ən sağlam nəşri V. Takston [10] tərəfindən ingilis dilinə çevrilmiş nəşridir. “Cameüt-təvarix” əsərinin ilk cildin birinci cüzü moğol və türk tayfalarının tarixi, Çingiz xanın və onun sələflərinin zamanında moğol işğallarına həsr olunmuşdur. Əsərin birinci cildinin ikinci cüzünü bütövlükdə Elxanilər tarixi hesab etmək olar. Bu hissə Hülakü xanın hakimiyyətindən başlamış Qazan xanın hakimiyyətinin sonuna qədər mövcud olan tarixi hadisələr haqındadır [18]. Seyidağa Onullahi əsərin ilk cildinin müəllifinin F.Rəşidəddin olduğu ehtimalını irəli sürməkdədir [9]. Əsərin ikinci cildi bütövlükdə dünya tarixinə həsr olunmuşdur. İkinci cild iki babdan ibarətdir. İlk bab Sultan Olcaytu haqqında qıssa məlumatları özündə əks etdirir. İkinci bab isə özü də iki hissəyə ayrılır. İkinci babın birinci hissəsi İslam Xəlifələrinin tarixinə və dünya xalqlarının xüsusiyyətlərinin təsvirinə həsr olunmuşdur. İkinci babın ikinci hissəsi Hindistan, Kəşmir, İsmayillilər, Xarəzmşahlar, Səlcuqlu, Avropa (Firəng və ya Əfrənc), Çin tarixlərinə. “Camüt-təvarix” əsərinin üçüncü cildi coğrafiyaya həsr olunmuşdur. Lakin, bu cildin ya heç bir nüsxəsi dövrümüzə qədər gəlib çatmamışdır. Ya da F.Rəşidəddinin bu cildi yazmağa ömrü yetməmişdir. İkinci variant daha real görsənməkdədir [10, VII - IX]. Əsərin ilk ümumdünya tarixi olması və İslam dünyasında ilk dəfə olaraq Avropa tarixini də əks etdirməsi onu dərslik səviyyəsinə qaldırır. Hafizi-Əbru öz əsərinin qaynaqlarından danışarkən iki təməl əsərin adını çəkir. Bunlardan biri “Tarixi-Təbəri”, digəri isə “Cameüt-təvarix” əsəridir. “Cameüt-təvarix”in Avropa tarixindən bəhs edən hissəsi “Tarix-e Əfrənc (frəng)” adlanır. Əsərin ilk hissəsi Hz Adəmdən Hz İsanın zamanına qədər tarixi əks elətdirir. İkinci hissə isə Hz İsanın zamanından hicri 705-ci ilə qədərki hadisələr haqqında məlumat verir. [16].
Fəzlullah Rəşidəddinin dərslik kimi istifadə olunacaq üçüncü əsəri isə “Bəyanül-həqayiq” əsəridir. Əsərin farsca və ərəbcə iki nüsxəsi mövcuddur. Əsər 20 risalədən ibarətdir. Bu əsəri də ona görə dərslik səviyyəsində təqdim edirik ki, burada dini mövzulardan fəlsəfəyə, tibb elmindən optikaya bir çox sahəyə dair risalələr toplanmışdır. Bu risalələrin 18, 18, və 20-cisi Rəbi-Rəşidi vəqfi haqqındadır və bir o qədər də elmi əhəmiyyət daşımır [11].
Heç
şübhəsiz ki, bu böyük alim haqqında və onun əsərləri. Eləcə də təhsil sahəsindəki
saysız-hesabsız uğurları haqqında cildlərcə kitablar yazmaq mümkündür. Lakin,
qısaca onu demək mümkündür ki, Fəzlullah Rəşidəddin Həmədanının sadəcə Azərbaycan
təhsilində və elmində deyil, bütün İslam dünyasının təhsil və elmində rolu və təsiri
böyük olmuşdur.
https://mail.google.com/mail/u/3/#inbox/FMfcgxwKjfBwwccfgXBcZBmzFVmbFbzq?projector=1&messagePartId=0.1