
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm
Tarixi İnstitutu (ETİ) Xocalı soyqırımının 29-cı ildönümü ilə bağlı anım tədbiri
keçirib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun
direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Xocalı faciəsinin
bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olduğunu bildirib. O,
qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min
əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib və Xocalı faciəsi
dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın,
Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə
bir sırada dayanır. Bəşəri cinayət olan Xocalı soyqırımının Ermənistan
Respublikasının siyasi və dövlət rəhbərliyinin təşkilatçılığı ilə Ermənistan silahlı
qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələrinin həyata
keçirdiyini xatırladan İnstitut direktoru ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında”
qərar qəbul etdiyini bildirib. Ölkə başçısı İlham Əliyevin “Xocalı faciəsi
erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı
apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” sitatını
misal çəkən alim qeyd edib ki, Prezidentimizin gərgin əməyinin nəticəsidir
ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi
tanıyır və qəbul edir.
M.Seyidbəyli vurğulayıb ki, Azərbaycan xalqı
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş
yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. İkinci
Qarabağ müharibəsində Xocalı rayonunun 9 kəndi Ermənistanın işğalından azad
olunub və Xocalı üzərində ölkəmizin suverenliyi bərqərar edilib və Azərbaycanın
ərazi bütövlüyü bərpa olunub.
Sonra Elm Tarixi İnstitutunun əməkdaşları – elmi
katib, siyasət üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri
və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram
Quliyev, elmi işçilər Aybəniz Osmanova və Elxan Quliyev çıxış edərək hadisəyə
müxtəlif aspektlərdən münasibət bildiriblər.
Çıxışlarda Xocalı faciəsinin Azərbaycan xalqının
yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı
yönəlmiş mənfur cinayət olduğu vurğulanıb. Qeyd olunub ki, Xocalı
soyqırımı hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi
qırğınların davamıdır. Xocalı faciəsini törətməkdə ermənilərin bir neçə məqsədi
var idi və bunlardan ən əsası azərbaycanlıların mübarizə əzmini qırmaq və gözünü
qorxutmaq idi. Qeyd olunub ki, Xocalıya hücum əməliyyatında erməni hərbi
hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdluların, əvvəl SSRİ-yə,
indi isə Rusiyaya aid olan 366-cı motoatıcı alayın da iştirak etməsi hadisənin
siyasi həcminin böyüklüyünə dəlalət edir.
Xocalı faciəsinin mahiyyətinin dünya ictimaiyyətinə
çatdırılması və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin
birləşdirilməsinin vacibliyini vurğulayan natiqlər soyqırımı aktının ilk
növbədə Azərbaycan Respublikası Parlamenti tərəfindən tanınmasının, hadisəyə
lazımi hüquqi-siyasi qiymət verilməsinin zəruriliyini bildiriblər.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35



