
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm
Tarixi İnstitutu (ETİ) 27 Mart - Elm Gününə həsr olunan elmi seminar keçirib.
Tədbiri giriş sözü ilə açan İnstitut direktoru,
tarix elmləri doktoru Məryəm Seyidbəyli elm tarixinin təşəkkülü və
təşkilatlanma prosesi haqqında məlumat verib. Alim qeyd edib ki,
multidissiplinar sahə olan elm tarixinin əsası XVI əsrdə ingilis filosofu,
tarixçi, yazıçı Frensis Bekon tərəfindən qoyulub və sonralar belçikalı alim
Corc Sorton, amerikalı tarixçi Merton Colter, rusiyalı alim Vladimir Vernadski
və digərləri tərəfindən bu elm sahəsi təkmilləşdirilib.
Azərbaycanda elm tarixinin təşkilatlanma prosesinin
isə XX əsrin 60-cı illərində Təbiətşünaslıq və texnika tarixi elmi şurasının
yaradılması ilə başladığını söyləyən İnstitut bu gün dünyada elmlərin
inteqrasiyasının getdiyini, biofizika, biokimya, molekulyar biologiya,
molekulyar biofizika kimi yeni elm sahələrinin yarandığını diqqətə çatdırıb. Bundan
əlavə, hazırda dünyada 140-dan çox elm tarixi kafedrasının və 5 Elm Tarixi
İnstitutunun fəaliyyət göstərdiyini bildirib.
ETİ-nin
qısa müddətdə dünyanın bir çox elmi mərkəzləri ilə əlaqələr qurduğunu və
əməkdaşlıq etdiyini diqqətə çatdıran M.Seyidbəyli qeyd edib ki, müəssisədə
elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji
problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi
görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər aparılır.
Sonra
Elm Tarixi İnstitutunun əməkdaşları – Elm tarixinin nəzəri və metodoloji
problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “ Elm
Tarixinin əsas metodları”, sosiologiaya elmləri üzrə fəlsəfə doktoru Səadət
Məmmədova “Elmin sosiologiyası”,
elmi işçi Elxan Quliyev isə “Elm tarixi haqqında”
mövzusunda məruzələr təqdim edərək məsələyə müxtəlif aspektlərdən münasibət
bildiriblər.
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35