Elm Tarixi İnstitutu 27 Mart - Elm Gününə həsr olunan elmi seminar keçirib

17.03.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 27 Mart - Elm Gününə həsr olunan elmi seminar keçirib.
Tədbiri giriş sözü ilə açan İnstitut direktoru, tarix elmləri doktoru
Məryəm Seyidbəyli elm tarixinin təşəkkülü və təşkilatlanma prosesi haqqında məlumat verib. Alim qeyd edib ki, multidissiplinar sahə olan elm tarixinin əsası XVI əsrdə ingilis filosofu, tarixçi, yazıçı Frensis Bekon tərəfindən qoyulub və sonralar belçikalı alim Corc Sorton, amerikalı tarixçi Merton Colter, rusiyalı alim Vladimir Vernadski və digərləri tərəfindən bu elm sahəsi təkmilləşdirilib.
Azərbaycanda elm tarixinin təşkilatlanma prosesinin isə XX əsrin 60-cı illərində Təbiətşünaslıq və texnika tarixi elmi şurasının yaradılması ilə başladığını söyləyən İnstitut bu gün dünyada elmlərin inteqrasiyasının getdiyini, biofizika, biokimya, molekulyar biologiya, molekulyar biofizika kimi yeni elm sahələrinin yarandığını diqqətə çatdırıb.
Bundan əlavə, hazırda dünyada 140-dan çox elm tarixi kafedrasının və 5 Elm Tarixi İnstitutunun fəaliyyət göstərdiyini bildirib.
ETİ-nin qısa müddətdə dünyanın bir çox elmi mərkəzləri ilə əlaqələr qurduğunu və əməkdaşlıq etdiyini diqqətə çatdıran M.Seyidbəyli qeyd edib ki, müəssisədə elmlərin multidissiplinar təhlilini vermək, elm tarixinin nəzəri və metodoloji problemlərini əsaslandırmaq, eləcə də qədim dövrdən bu günə qədərki tarixi görüşlərin formalaşmasını öyrənmək istiqamətində işlər aparılır.
Sonra Elm Tarixi İnstitutunun əməkdaşları – Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “ Elm Tarixinin əsas metodları”, sosiologiaya elmləri üzrə fəlsəfə doktoru Səadət Məmmədova “Elmin sosiologiyası”,  elmi işçi Elxan Quliyev isə “Elm tarixi haqqında” mövzusunda məruzələr təqdim edərək məsələyə müxtəlif aspektlərdən münasibət bildiriblər.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35