ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev Fuzuli-Xocavənd rayonuna səfəri ilə bağlı hesabat xarakterli məlumat təqdim edib

19.03.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 17 mart 2021-ci il tarixində APA İnformasiya Ağentliyinin təşkilatçılığıyla tarixçi mütəxəssis qismində işğaldan azad olunmuş Fuzuli-Xocavənd rayonuna baş tutmuş səfərdə iştirak edib. 
Bölgəni yaxından müşahidə etmiş, ərazidə yerləşən abidələrə baş çəkmiş tarixçi səfərin nəticəsi ilə bağlı hesabat xarakterli məlumat hazırlayıb və videoreportajla çıxış edib. Materialların dövrümüz və tariximiz baxımdan vacibliyini nəzərə alaraq təqdim edirik.

HESABAT

Füzuli şəhəri – şəhər tamamilə dağıdılmışdır. Demək olar ki, salamat olan heç bir bina mövcud deyildir. Füzuli rayonu mədəniyyət mərkəzi, Məhəmməd Füzulinin heykəli  və bir sıra mədəni tikililər tamamən dağıdılmışdır. Şəhərdə heç bir infrastruktur sağlam qalmamışdır. Yol boyu Vətən Müharibəsi zamanı istifadə olunan hərbi texnikanın təkərlərinin və eyni zamanda topların izlərini müşahidə etmək mümkündür.
Xocavəndin Axullu və Edilli kəndləri
– Xocavənd rayonun bir-birinə yaxın olan bu iki kəndi tamamilə ziddiyyət təşkil edir. Axullu kəndi ermənilər tərəfindən tamamilə dağıdıldığı halda Edilli kəndi demək olar ki. Dağıdılmayıb. Binaları olduğu kimi sağ salamat qalmaqdadır.
Azıx mağarası
– Təxminən 1 milyon ildə az olmayan yaşa sahib olan mağara erməni vəhşiliyinə rəğmən ayaqda qalmağı bacarmışdır. Mağaranın ön girişinə, əsas dəhlizinə və səkkiz dəhlizdən birinə girmək mümkün oldu.  Təxminən 700 minillik ocaq izi qalsa da ocaq izinin ətrafındakı daş yığınları ola bilsin ki, burada aparılan qanunsuz arxeoloji qazıntılar zamanı dağıdılmışdır. Xatırladaq ki, 2001-20009-cu illərdə erməni arxeoloqların da daxil olduğu  qanunsuz axtarışlar aparılmışdır. Bu zaman mağaranın divarına zərər vurulmuş, qırmızı boya ilə rəqəmlər yazılmışdır. Ümumiyyətlə divarlarda kobud arxeoloji qazıntıların aparıldığını müşahidə etmək olar. Bu da bəs deyilmiş kimi, erməni əsgərləri və ya bir zamanlar buralarda yaşamış ermənilər divara qırmızı rəngli boya və iri həriflərlə erməni adlarını yazmışdır. Bu mədəni cinayətdir. Azıx mağarasının yeni müasir tədqiqatların köməyi ilə arxeoloji araşdırılmaya ehtiyacı vardır.
Tuğ kəndi və Müqəddəs İohann kilsəsi
– Tuğ kəndində isə vəziyyət ziddiyyətlidir. Azərbaycanlıların yaşadığı evlər və məktəb dağıdıldığı halda ermənilərin yaşadığı evlərə bir şey olmamışdır. Burada bir neçə alban kilsəsi mövcud olmuşdur ki, bunlardan biri də səfər edilən Müqəddəs İohann kilsəsidir. Alban memarlığının izlərini aydın hiss olunan kilsədə ehtimal ki, 90-cı illərdə və ya 2000-ci illər də ola bilər bərpa etmə işləri aparılıb və zəng qülləsi əlavə edilib. Bu qüllə ümumi memarlıqla tərs mütənasibdir. Həmin materialdan kilsənin iç döşəməsini hazırlayarkən də istifadə olunub. Tuğ kəndində Dizaq məlikliklərinin saray kompleksi və qəbirləri də qalmaqdadır.
Hadrud qəsəbəsi
– bu qəsəbə də bir neçə bina xaric tamamilə sağ salamatdır. Burada gördüyümüz bir şey bizi dəhşətə gətirdi. Mədəniyyət evinə bənzər binada olarkən oradakı kitabların içindən üzərində “Azərbaycan terrorizmi” adlı kitab olduğunu müşahidə etmiş olduq. Bu Qarabağda anti-Azərbaycan təbliğatının aparıldığını və ermənilərin heç də sülhə yönəlik olmadığını göstərir.



ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35