Elm Tarixi İnstitutu 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirib

30.03.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirib. Onlayn şəraitdə baş tutan tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli 1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakıda və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların təkcə bir millətə deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulayıb.
İnstitut direktoru ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasının xalqımızın özünüdərki və vətənpərvərlik hisslərinin artırılması istiqamətində vacib addım olduğunu bildirib. M.Seyidbəyli  sözügedən hadisələrlə bağlı arxiv materiallarının araşdırılması, həmçinin respublika və dünya alimlərinin azərbaycanlıların soyqırımı barədə ərsəyə gətirdiyi elmi işlərin öyrənilməsi istiqamətdə Elm Tarixi İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib.
Sonra İnstitutun digər əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov,
Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, elmi işçi Elxan Quliyev çıxış edərək hadisəyə müxtəlif aspektlərdən münasibət bildiriblər.
Çıxışlarda son 2 əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımların kökündə hansı səbəblərin dayanması, eləcə də Azərbaycan xalqının təcavüzlərə qarşı apardığı mübarizə barədə ətraflı məlumat verilib. Alimlər zəngin təbii ehtiyatlara, mühüm strateji və münasib coğrafi mövqeyə malik Azərbaycan ərazisinin daim işğalçı dövlətlərin diqqət mərkəzində olduğunu və bu ərazilərə sahib olmaq üçün “erməni kartı”ndan mütəmadi istifadə edildiyini təsdiqləyən faktlardan söz açıblar.
Soyqırımların Azərbaycanın şimalı ilə yanaşı, cənubunda da baş verdiyinə diqqət çəkən natiqlər aparılan araşdırmalar nəticəsində millətimizə qarşı törədilən cinayətlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini, imperialist dövlətlərin xalqımıza qarşı düşünülmüş siyasətin icraçı aləti olan erməniləri necə təşkilatlandırmasını, silahlandırmasını ortaya qoyan faktlar təqdim ediblər. Qeyd olunub ki, XX əsrdə silsiləviləşmiş olan bu soyqırımlar XXI əsrin əvvəlində də həm fiziki, həm mədəni formada davam etdirilib və bu gün Qarabağda işğaldan azad edilmiş bölgələrdə dağıdılmış yurd yerlərimiz, asimilə edilməyə cəhd edilmiş qədim abidələrimiz, monastırlarımız buna ən bariz sübutdur.
Mədəni dünyanın, beynəlxalq qurumların laqeydliyini, görməzdən gəldiyini qınayan tədbir iştirakçıları xalqımıza qarşı belə hadisələrin bir də baş verməməsi üçün yaxın və uzaq tariximizdən ibrət götürülməsinin vacibliyini vurğulayıblar.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35