ETİ-nin şöbə müdiri, dosent Ziyad Əmrahov Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda iştirak edib

05.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov 01-02 aprel 2021-ci il tarixində Türkiyənin İzmir şəhərində keçirilmiş “Cənubi Qafqaz Soyuq müharibədən sonra sosial, iqtisadi və siyasi inkişaf kontekstində” (“ I Uluslararası Soğuk Savaş Sonrası Sosyal, Ekonomik ve Siyasal Gelişmeler Bağlamında Güney Kafkasya”) adlı beynəlxalq simpoziumda iştirak edib.
Onlayn şəraitdə keçirilmiş simpoziumda “Rusiyanın xarici siyasətində “erməni məsələsi” adlı məruzə ilə çıxış edən Z.Əmrahov, çar idarəsi dövründən müasir dövrümüzədək Rusiyanın xarici siyasətində yer alan “erməni məsələsi”ndən bəhs edib. Simpoziumun 2-ci günündə 6-cı bölməyə  rəhbərlik edən tarixçi məruzələrdən sonra dinləyicilərin suallarını cavablandırıb və 2020-ci ildə Azərbaycanın Qarabağın erməni işğalından azad edilməsi uğrunda apardığı haqq savaşına, o cümlədən bu məsələdə xarici güclərin Azərbaycana təzyiqlərinə də münasibət bildirib.
Simpoziumun sonunda Z.Əmrahov fəal iştiraka görə Ege Universitetinin rəhbərliyi tərəfindən sertifikatla təltif olunub.
Məlumat üçün bildirək ki, tədbirdə Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Türkiyə, Albaniya və Hollandiyadan olan elm adamları, tədqiqatçılar da iştirak ediblər.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35