Elm Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev beynəlxalq konfransda iştirak edib

30.03.2021
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev 30 mart 2021-ci il tarixində “İsraildə Azərbaycanın Evi” diaspora təşkilatının "Erməni faşizminə və vandalizminə qarşı mübarizə: tarix və reallıq" mövzusunda keçirdiyi beynəlxalq onlayn konfransda iştirak edib.
Tədbirdə “Azərbaycanlılara qarşı soyqırımlar” mövzusunda çıxış edən Z.Əliyev bildirib: “Böyük Ermənistan” yaratmaq xülyası, ermənilərin fikrincə, iki istiqamətdə həyata keçirilməlidir. Birincisi, ermənilərin göz dikdiyi türk torpaqlarının, o cümlədən də, Azərbaycan ərazilərinin müharibə, yaxud dinc yolla işğal edilib Ermənistana qatılması siyasətidir. İkincisi, buna nail olmadıqda milli qırğın törətmək yolu ilə türk xalqlarına, eləcə də azərbaycanlılara qarşı soyqırım siyasətini həyata keçirməkdən ibarətdir”.
Məruzədə vurğulanıb ki, 1918-ci il martın sonu, aprelin əvvəlində Bakıda ermənipərəst bolşevik rəhbərliyinin iradəsi və fəal iştirakı ilə milli zəmində törədilmiş dəhşətli qırğın nəticəsində dinc azərbaycanlı əhalidən minlərlə adam ölmüş və yaralanmış, təhqir və işgəncələrə məruz qalmışdır. Z.Əliyev bildirib ki, tarixə “Mart faciəsi” kimi daxil olmuş bu qanlı hadisə tezliklə Bakı hüdudlarından çox-çox kənara çıxmış, Lənkəranın, Şamaxının və Qubanın tutulması, talan edilməsi və yandırılması, dinc əhalinin amansızcasına məhv edilməsi ilə nəticələnmişdir. Alim qeyd edib ki, məqsədyönlü talanlar, qırğınlar zamanı nə qocaya, nə cavana, nə də körpələrə aman verilməmiş, adamları vəhşicəsinə qətlə yetirilmələri üçün onların müsəlman, azərbaycanlı olmaları tamamilə kafi hesab edilmişdir. Vurğulanıb ki, 1918-ci ilin martın 31-də Bakıda əməliyyata başlayan və bir neçə gün ərzində şəhərin azərbaycanlılara məxsus hissəsini viranəyə çevirib əhaliyə divan tutan erməni daşnak dəstələri bolşeviklərlə əlbir hərəkət edirdilər.
Qeyd edək ki, konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramin Məmmədov, Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut, “Əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi” və “İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli, Litvalı jurnalist Riçardas Lapaitis, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva, o cümlədən İsrail və Azərbaycanda yaşayan digər elm adamları və ictimai xadimlər iştirak ediblər.
Sonda tədbir iştirakçıları “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı hadisəyə münasibətlərini bildiriblər.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35