ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyevin “Elm” qəzetində yeni məqaləsi dərc olunub

09.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Elm” qəzetində “Qarabağ abidələri 30 illik işğal dönəmində: tarixi dəyərləndirmə” adlı yeni məqaləsi dərc olunub.

Qarabağ abidələri 30 illik işğal dönəmində: tarixi dəyərləndirmə

            27 sentyabr 2020-ci il tarixindən başlayan və həmin ilin 9 noyabrından 10 noyabra keçən tarixdə tamamlanan Vətən Savaşı ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu qələbənin nəticəsində həmçinin ermənilərin Qarabağda törətdikləri mədəni vəhşilik də gün işığına çıxmış oldu. Otuz illik müddətdən sonra 17 mart 2021-ci il tarixində jurnalistlərlə bərabər ilk dəfə olaraq alimlər də Qarabağa səfər etdi. Bir tarixçi olaraq oraya gedən ilk alimlərdən olmağımız ermənilərin Qarabağda törətdiyi mədəni və bioloji cinayətləri dəyərləndirmə imkanı verdi.

             Xocavəndin Edilli və Düdükçü kəndləri, eləcə də Hadrud qəsəbəsində demək olar ki, dağıntıların olmaması ilə Füzuli şəhərinin tamamən yox edilməsi və Axullu daxil olmaqla bir çox kənddə dağıntıların olması ilə ziddiyyət təşkil edirdi. Azıx mağarası daxil olmaqla bir çox abidələr də erməni vəhşiliyinin qurbanı olmuşdu. Getdiyimiz ərazidə deyil ağacların özləri, köklərinin də kəsildiyinin və nəticədə bioloji terrorun gerçəkləşdirildiyinin şahid olmamaq mümkün deyil.

            Qarabağın işğal altında olduğu zamanda oranın sadəcə təbii sərvətləri və dini-tarixi abidələri talan edilmədi, eləcə də bioloji ehtiyatlarına qarşı terror həyata keçirildi. Füzuli rayonunda olduğumuz zaman demək olar ki, ağaclara rast gəlmədik. Sadəcə kolluqlar və ot örtüyü fonunda dağıdılmış evləri gözləmləmək mümkün idi. Ehtimal etmək olar ki, onlar sadəcə odun ehtiyatının tədarükü və satışı üçün ağacları kəsməmiş, onların kötüyünü də yerdən çıxararaq istifadə etmişlər. Füzuli şəhəri tamamilə dağıdılmışdır. Demək olar ki, salamat olan heç bir bina mövcud deyildir. Füzuli rayonu mədəniyyət mərkəzi, Məhəmməd Füzulinin heykəli  və bir sıra mədəni tikililər tamamən dağıdılmışdır. Şəhərdə heç bir infrastruktur sağlam qalmamışdır. Yol boyu Vətən Müharibəsi zamanı istifadə olunan hərbi texnikanın təkərlərinin və eyni zamanda topların izlərini müşahidə etmək mümkündür.

Ermənilərin əbədi yaşayacaqlarına ümid etdikləri Xocavəndin Edilli, Düdükçü kəndləri və Hadrud qəsəbəsində buna bənzər durumlarla qarşılaşmadıq. Şuşa şəhərində isə XVIII-XIX yüzilliklərə aid tarixi binalar tamamən dağıdılsa da Sovetlər dönəmində inşa olunmuş yaşayış binaları olduğu kimi qalmaqdadır. Burada belə bir sonuc əldə etmək mümkündür ki, ermənilər azərbaycanlıların yaşadıqları ərazilərdə dağıntılar həyata keçirib, onların mədəniyyətlərini Qarabağdan silmək üçün əllərindən gələni ediblər. Oranı geri qaytaran Azərbaycan əsgəri deyil hansısa flora və ya faunaya, yaxud mədəniyyət abidəsinə zərər vurmaq heç bir yaşayış binasına da toxunmamışlar. Ona görə də dünya ictimaiyyətinin Azərbaycanı və Ermənistanı eyni tərəziyə qoyaraq davranış nümayiş etdirməsi yolverilməzdir.

            Qarabağın dini tarixi abidələrinin durumuna gəlincə burada abidələr ya tamamən dağıdılıb, ya qismən dağıdılın və içərisində müxtəlif növ heyvan saxlanılıb (xüsusilə dini abidələrdə), yaxud da abidəyə zərər vurulmağa cəhd olunub, erməniləşdirilmək uçub bərpa işləri aparılıb. Hətta Xudavəng monastırından tarixi freskalar oğurlanaraq İrəvan şəhərinə aparılıb və hərraca çıxardılıb. 

            Qarabağda sağlam qalan abidələrin vəziyyəti də ürəkaçan deyil, Bu cür abidələri iki qismə aid etmək olar. Birinci qismə aid edilən abidələr tamamən salamat qalsa da onun müxtəlif yerlərinə onu korlamaq məqsədi ilə zərər yetirilmişdir. Buna misal olaraq yaşı 1 milyon ildən çox olan Azıx mağarasını göstərmək olar. Xocavənddə səfərdə olarkən gördüklərimiz bizi dəhşətə gətirdi. Mağaranın ön girişinə, əsas dəhlizinə və səkkiz dəhlizdən birinə girmək mümkün oldu.  Bu zaman divarlarda kobud arxeoloji qazıntıların aparıldığını, içəri qum torbalarının yerləşdirildiyini, ön dəhlizdə metaldan hasar çəkildiyini müşahidə etmək mümkün oldu. Təxminən 700 minillik ocaq izi qalsa da ocaq izinin ətrafındakı daş yığınları ola bilsin ki, burada aparılan qanunsuz arxeoloji qazıntılar zamanı dağıdılmışdır. 2001-ci ildən etibarən Azıx mağarasında İngiltərə, İspaniya, İrlandiya və Ermənistandan olan beynəlxalq tədqiqatçılar qrupu İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında “tədqiqat” işlərinin aparılmasına başlanmışdır. Bu “tədqiqatlar” nəticəsində 300 min il yaşı olan Avropada ən qədim mağara ayısının sümüyü və digər maddi mədəniyyət nümunələri Londona aparılıb. Mağaranı işğaldan sonra müşahidə edərkən burada kobud və sərişdəsiz arxeoloji tədqiqatlar aparıldığını gördük. Eyni zamanda mağaranın divarına zərər vurulmuş, qırmızı boya ilə rəqəmlər yazılmışdır. Bu da bəs deyilmiş kimi, erməni əsgərləri və ya bir zamanlar buralarda yaşamış ermənilər divara qırmızı rəngli boya və iri həriflərlə erməni adlarını yazmışdır. Dünyanın dörd qədim yaşayış yerlərindən biri olan abidənin divarlarına bu cür toxunmaq və boyalardan istifadə etmək mədəni cinayətdir. Azıx mağarasının yeni müasir tədqiqatların köməyi ilə arxeoloji araşdırılmaya ehtiyacı vardır.

            Salamat qalan abidələrin digər bir qismi isə erməniləşdirilmişdir. Bu abidələr əsasən xristian albanlara məxsus kilsə və ya monastırlardır. Qarabağda yüzlərlə bu cür monastır və kilsələr vardır. Lakin, biz öz gözümüzlə gördüyümüz bir fakt əsasında fikir yürütməyi üstün tutmağı zəruri hesab edirik. Olduğumuz Tuğ kəndində bir neçə alban kilsəsi mövcud olmuşdur ki, bunlardan biri də XIII əsrə aid olan Müqəddəs İohann kilsəsidir. Kilsə alban xristian memarlığının demək olar ki, bütün xüsusiyyətlərini daşıyır. Bu memarlıq ənənələrinə görə XIII əsrdən etibarən mövcud köhnə kilsə və monastırların üzərində yeniləri inşa olundu. Bunun əsas səbəbi Moğol yürüşləri və Elxanlı dövlətinin yaradılması idi. Moğolların gəlişi ilə Azərbaycanda İslam təsirləri azaldı və Xristian dini az da olsa yüksəlməyə başladı. Belə bir zamanda ya əski kilsələr və monastırlar üzərində yenisi inşa olundu və ya yeniləri tikildi. Bu zaman kilsə və monastırlar bərkidici əhəng məhlulu ilə kobud yonulmuş çay daşlarından istifadə olunaraq dördbucaqlı formada inşa olunurdu. Bu cür abidələrdə bəzən nal şəkilli apsidaları da rast gəlinir. Bu satdığımız xüsusiyyətlərin hamısı Müqəddəs İohann kilsəsində mövcuddur. Alban memarlığının izlərini aydın hiss olunan kilsədə ehtimal ki, 80-90-cı illərdə ( 2000-ci illər də ola bilər) bərpa etmə işləri aparılıb və zəng qülləsi əlavə edilib. Bu qüllənin materialı və tikilmə üslubu ümumi memarlıqla tərs mütənasibdir. Həmin materialdan kilsənin iç döşəməsini hazırlayarkən də istifadə olunub və bu kilsənin qədim memarlığına yamanmış bir yamaq kimi görsənir. Tuğ kəndində Dizaq məlikliklərinin saray kompleksinin qalıqları (kompleksə daxil olan bəzi binalar demək olar ki  salamat qalmışdır) və qəbirləri də qalmaqdadır.

            Hadrud qəsəbəsi də bir neçə bina xaric tamamilə sağ salamatdır. Burada gördüyümüz bir şey bizi dəhşətə gətirdi. Mədəniyyət evinə bənzər binada olarkən oradakı kitabların içindən üzərində “Azərbaycan terrorizmi” adlı kitab olduğunu müşahidə etmiş olduq. Bu Qarabağda anti-Azərbaycan təbliğatının aparıldığını və ermənilərin heç də sülhə yönəlik olmadığını göstərir.

http://science.az/uploads/pdf/p1f2r809cdq3q1sso1sl41b5r13q54.pdf


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35