ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyevin “Sosiologiya, sosial psixologiya, siyasət” elmi jurnalında yeni məqaləsi dərc olunub

16.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin “Sosiologiya, sosial psixologiya, siyasət” elmi jurnalında “Orxon abidələri və onlarin Azərbaycan dili ilə tarixi-linqvistik bağlarina qisa bir nəzər” adlı yeni məqaləsi dərc olunub.

“Orxon abidələri və onlarin Azərbaycan dili ilə tarixi-linqvistik bağlarina qisa bir nəzər”

            YUNESKO-nun 2020-2021-ci illər üzrə yubileylər proqramına əsasən 2020-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dəstəyi ilə Tonyukuk abidəsinin 1300 illiyi qeyd edilir. Ən qədim zamanlardan türk yurdu olan Azərbaycan ərazisindən Tonyukuk abidəsində təsvir olunan yazılara bənzər yazıların həkk olunan və eramızın əvvəllərinə aid edilən arxeoloji materiallar tapılmışdır. Bu heç də təsadüfü deyil. Müstəqilliyini əldə edən Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə yurdumuzun keçmişinin  obyektivliklə öyrənilməsi prosesi başlandı. Hazırda bu proses prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir. Eyni zamanda Azərbaycanın mənəvi, mədəni-tarixi dəyərlərinin öyrənilməsi, bərpa olunması və onlara sahib çıxılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. 

Tonyukukun adına ucaldılan abidənin də daxil olduğu bir neçə yazılı daşdan ibarət olan Orxon-Yenisey abidələri ona görə Azərbaycan dövlətinin maraq dairəsindədir ki, bu abidələr türk dilində yazılmış və türk dünyasında tamamlanmış ilk ədəbi-tarixi mətnlərdir. Onu da vurğulamaq lazımdır ki, təxminən 50 milyonluq azərbaycanlının dili, türk dilinin oğuz qoludur və heç şübhəsiz ki, “Kitabi Dədəm Qorqud”, Kaşğarlı Mahmudun “Divanü-lüğat it-türk”,”, Yusif Xas Hacibin “Qutadğu Bilik”, “Codex Cumanicus”, İ. Nəsimi və M. Füzulinin əsərləri dil tariximizin öyrənilməsi üçün nə qədər önəmlidirsə, Orxon-Yenisey abidələri də linqvistik baxımdan bir o qədər önəmlidir. Bu da bir gerçəkdir ki, iskitlər və saklardan oğuz və qıpçaqlara qədər müxtəlif türk boylarının yaşadığı Azərbaycanda tarix boyu insanlar öz fikirlərini məhz türk dilində ifadə edirdilər. Azərbaycan bayrağı üzərində təsvir olunan səkkiz guşəli ulduz qədim türklərdə günəşi təsvir etmək üçün istifadə olunurdu. Xatırlatmaq istərdik ki, digər türk respublikalarının bayraqlarındakı ulduzlar beş guşəlidir. Çağdaş dövrümüzdə Heydər Əliyev fondunun dəstəyi ilə tikilən bütün memarlıq abidələrimizdə səkkiz guşəli ulduz simvolu vardır. 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən tədavülə buraxılan 5 (beş) manatlıq əsginasın üzərinə əski türkcə aşağıdakı sözlər yazılmışdır: “TÜRK: BODUN: ATI: KÜSİ: YOK: BOLMAZUN: TİYİN: KANQIM: KAĞANIĞ: ÖGÜM: KATUNIĞ: KÖTÜRÜGMƏ: TƏNQRİ: İL: BİRGİMƏ: TƏNQRİ: TÜRK BODUN: ATI: KÜSİ: YOK: BOLMAZUN: TİYİN: ÖZÜMÜN: OL: TƏNQRİ: KAĞAN: OLURTDI: ƏRİNC: TƏNQRİ: YARLUKADUKUN: ÜÇÜN: ÖZÜM: KUTUM: BAR: ÜÇÜN: KAĞAN: OLURTUM:” “Türk budunun adı-sanı yox olmasın deyə Xaqan atamı, Xatun anamı (göyə) götürən Tanrı. Dövlət verən Tanrı. Türk budunun adı-sanı yox olmasın deyə Tanrı özümü gerçəkdə xaqan etdi.  Tanrı lütf etdi qutlu olduğum üçün xaqan oldum.” (Bilgə Kağan, Şərq üzü, sətir 20-21; Ergin M, 2011, 41-42) Vurğulamaq lazımdır ki, heç bir türk respublikalarının əskinaslarının üzərində əski Türkcə yazılmış yazılara rast gəlmirik. Bu da dövlətimizin və prezidentimizin öz dilinə, mədəniyyətinə və öz keçmiş bağlarına olduqca yüksək səviyyədə qiymət verdiyinin aydın göstəricisidir. 

Başda prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva olmaqla Azərbaycan dövlətinin Orxon abidələrinə önəm verməsi heç də təsadüfü deyil. Həm təbii sərvətləri, həm də əlverişli təbii-coğrafi şəraitinə görə Azərbaycan, bir qisminin oturaq, bir qisminin də yarımköçəri həyat sürdüyü türklərin əsas yurd yerlərindən biri olmuşdur. Azərbaycanın qədim dövrlərdən türklərin məskəni olmasını şumer dilində tapılan 500-dən çox türk sözləri sübut edir. Heç şübhəsiz ki, şumerlər türk olmaya bilərdi, amma qonşularında türklər yaşayırdı. Mesopotamiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin olmasını Xocalıdan tapılmış, üzərində Adadnirarinin adının yazıldığı muncuq sübut etməkdədir. Bu da bir gerçəkdir ki, qonşuluqda yaşayan müxtəlif dilli xalqların dillərindən bir-birinə sözlər keçə bilər. Məsələn çağdaş Azərbaycan türkcəsində farsca, fars dilində isə türkcə sözlər mövcuddur. Daha sonra Azərbaycanda iskit və sakaların yaşadığını tarixi qaynaqlar sübut edirlər. Albanların /Alpanların adının “Kitabi Dədəm Qorqud”da çəkilməsi onu göstərir ki, Qədim Albaniyada (Alpaniya da deyilmiş ola bilərdi – B. Q,) yaşayan 26 tayfalardan ən böyüyü türk olan Albanlar/Alpanlar idi ki, dövlətin adı onların adı ilə adlandırılmışdır. Tarixi qanunauyğunluqlara görə dövlətin adı ölkə ərazisindəki ən böyük etnosun adı ilə bağlı olur. Erkən orta əsrlərdən isə Azərbaycanda digər türk boyu olan hunlar və oğuzlar daimi olaraq yerləşdilər. Bundan başqa Azərbaycanın qədim türk boylarından olan, indiki Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan və kəngərli kimi bilinən, adları “Kitabi Dədəm Qorqud” abidəsində çəkilən Kanqlı (Kəngər) və hazırkı Borçalıda hətta Makedoniyalı İsgəndər dövründən yaşayan Bulqar Türk boylarının adlarını da çəkmək önəmlidir. (Əliyarlı, 2012: 10-66). Bəzi türk axınları zamanı Azərbaycanın əsas türk yurd yerlərindən biri olması səbəbindən türklərin bir hissəsi öz yarımköçəri həyatını tərk edib burada oturaq həyata keçirdilər və burdakı soydaşları ilə qaynayıb qarışdılar. Bu türk axınları zamanı heç şübhəsiz ki, onlar özləri ilə get-gedə təkmilləşdirdikləri əski türk əlifbasını da Azərbaycan gətirdilər. (Məqalənin ardı verilmiş linkdən oxuya bilərsiniz: https://sosiologiya-jurnali.az/wp-content/uploads/2021/03/SSPS-jurnali_N-1.pdf)


ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35