ETİ-nin aparıcı elmi işçisi Səadət Məmmədovanın “Sosiologiya, sosial psixologiya, siyasət” elmi araşdırmalar jurnalında yeni məqaləsi dərc olunub

22.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Sosiologiya, sosial psixologiya, siyasət” elmi jurnalında “Azərbaycanda sosiologiyanin inkişafı” adlı yeni məqaləsi dərc olunub.

Azərbaycanda sosiologiyanin inkişafı (sovet dövrü)

SSRİ dövründə Azərbaycanda sosiologiya elminin inkişafı imperiyanın bütün ərazilərində olduğu kimi iqtisadiyyat, etika, sosial fəlsəfə və digər elm sahələri çərçivəsində mümkün idi. Sosiologiya müstəqil elm sahəsi kimi inkişaf etməmişdir.
        Azərbaycanda sosiologiya yönlü tədqiqatlar bilavasitə AMEA Fəlsəfə İnstitutunun əməkdaşları tərəfindən aparılmışdır. Cəmiyyət, sosial münasibətlər haqqında fikirlər müəyyən bir dövrdə yaşamış mütəfəkkirin fəlsəfi və ictimai-siyasi fikirləri prizmasından analiz edilmişdir.
        1945-ci ildə yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycan fəlsəfəsi tarixi” şöbəsi, “Dialektik və tarixi materializm” şöbəsi, “Hüquq və sovet quruculuğu” şöbəsi fəaliyyət göstərirdi. İnstitutun direktoru - əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor A.O.Makovelski idi [1, s.174].
        “Dialektik və tarixi materializm” şöbəsinə fəlsəfə elmləri namizədi, dosent M.Q.Mahmudov rəhbərlik edirdi. M.Q.Mahmudovun “Cəmiyyətin inkişaf qanunauyğunluqları” mövzusundakı plan işində Marksa və Engelsə qədərki dövrdə Cəmiyyət haqqında elmin əsasları, Marks və Engelsin çevrilişindən sonra Cəmiyyət haqqında elmin mahiyyətinin və tarixi əhəmiyyətinin dəyişməsi, Tarixi-materializmin marksizm-leninizmin əsasları olması, cəmiyyətin inkişafının təbii-tarixi proses olaraq öyrənilməsi, istehsal prosesinin cəmiyyətin əsası olması, cəmiyyətin inkişafında obyektiv və subyektiv amillərin dialektikası, ictimai və iqtisadi formasiya haqqında marksist-leninçi təlimin əsasları araşdırılırdı.
        Bu dövrdə professor H.Hüseynova və R.Nurullayevə F.V.Konstantinovanın “Tarixi materializm kursu” kitabının tərcümə edilməsi tapşırılmışdı [2, s.279].
           Şöbə işçilərindən olan M.M.Qasımov “Azərbaycanda ictimai fikrin inkişafına Rusiyanın aparıcı inqilabi-demokratik ideyalarının təsiri” mövzusunda plan işi götürmüşdü. Müəllif Belinski, Gertsen, Çernışevski, Dobrolyubov və digərlərinin Azərbaycanda ictimai fikrin inkişafına təsiri imkanlarını araşdırırdı.
          Xüsusi olaraq qeyd edilməlidir ki, şöbənin əsas fəaliyyəti marksizm-leninizm ideyalarının təbliği üzərində qurulmuşdu və hər hansı bir cəmiyyətin inkişafı sovet cəmiyyətinin inkişaf qanunauyğunluqları ilə müqayisəli təhlil edilirdi.
        Sosioloji yönlü tədqiqatlar və belə demək olarsa, sosiologiyanın tarixi-nəzəri əsasları Azərbaycan fəlsəfəsi tarixi və Dialektik və tarixi materializm şöbələrində işlənilirdi.
        Məsələn, Ş.Ş.Mİrzəyeva 1946-cı il üçün təsdiq edilmiş “Nizaminin sosial-siyasi baxışları” mövzusundakı plan işində mütəfəkkirin ictimai ideallarını, ideal dövlət və ideal cəmiyyət, buradakı mümkün sosial münasibətlərlə bağlı fikirləri şərh edirdi.
        M.M.Ağamirov həmin il üçün “Sabirin sosial görüşləri” mövzusundakı plan işində mütəfəkkirin ictimai struktura, sosial-iqtisadi irəliləyişlərə, dinə və milli məsələyə münasibətini araşdırmışdı. M.Ağamirov “Sabirin yaşadığı sosial reallığa münasibəti” mövzusunda məqalə nəşr etdirmişdi [3, s.96, 176, 178, 276].
        Azərbaycan SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru A.O.Makovelski 1948-ci ilə aid İzahlı qeyddə göstərirdi ki, İnstitutun 1948-1949-cu illər üçün olan planında 7 əsas məsələyə diqqət yetirilir. Bu 7 istiqamət içərisində “Hipotez və elmin inkişafında onun rolu”, “Azərbaycanda ictimai fikrin inkişafına Rusiyanın aparıcı inqilabi-demokratik ideyalarının təsiri” məsələləri də yer almışdı. Bu istiqamətlər cəmiyyət haqqında elm olan Sosiologiya ilə bilavasitə bağlı idi [4, s.201-203, 220, 279].
        1950-ci ildə SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru akademik Q.F.Aleksandrov tərəfindən Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru akademik A.O.Makovelskiyə göndərilmiş məktubda göstərilirdi ki, “SSRİ Elmlər Akademiyası SSRİ-də qədim dövrlərdən bizim günlərə qədər elm və texnikanın inkişafı tarixi ilə bağlı 20 cildlik toplu hazırlayır. “SSRİ-də elm və texnikanın inkişafı tarixi” 20 cildliyinə “SSRİ-də Fəlsəfə tarixi” bölməsi də daxildir. ...Bununla əlaqədar olaraq, SSRİ Elmlər Akademiyası sizdən xahiş edir ki, “SSRİ-də Fəlsəfə tarixi” 2 cildliyinin hazırlanmasında Azərbaycan SSR-dən olan fəlsəfə işçilərinin də yaxından iştirak etməsini və Azərbaycanda fəlsəfi fikrin inkişafı tarixinə həsr olunmuş hissənin hazırlanmasını təmin edəsiniz....” [5, s.8].
        Bu məktuba əsasən Fəlsəfə İnstitutunun 1950-ci il üçün elmi tədqiqat işlərinin planına “Azərbaycanda fəlsəfi və ictimai fikir tarixi” mövzusu daxil edilmişdi. İşin icraçısı H.Hüseynov və A.O.Makovelli təyin edilmişdilər və onlar “SSRİ xalqlarının fəlsəfə tarixi” çoxcildliyinə daxil edilmək üçün Azərbaycanda fəlsəfi və ictimai fikrin inkişafı ilə bağlı monoqrafiyanın hazırlanmasına təhkim edilmişdilər. Akademik H.Hüseynovun rəhbərliyi ilə bütün Azərbaycan tarixi ərzində (qədim, orta, yeni dövr) mütərəqqi mütəfəkkirlərimizin irslərinin öyrənilməsi müəyyənləşdirilmişdi. “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerk” 4 hissədən ibarət olmalı idi: qədim dövr, feodalizm dövrü, XIX – XX əsrin əvvəllərində maarifçi – mütəfəkkirlərin fikirləri, sovet dövrü. Oçerkdə ilk dəfə olaraq, Bəhmənyar, Nizami, Nəsimi, Şəbüstəri, Fizulinin, həmçinin XIX əsr Azərbaycan maarifçilərindən A.Bakıxanov, M.F.Axundov, H.Zərlabi və digərlərinin fəlsəfi və ictimai baxışları öyrənilməli idi [6, s. 36, 50-54, 80].
        Onu da qeyd edə bilərik ki, Azərbaycanda ilk fəlsəfə elmləri doktoru (1944), professor, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri olmuş Heydər Hüseynov Azərbaycan mədəniyyətinin böyük nümayəndələrinin fəlsəfi irsini öyrənmiş, 1939-cu ildən başlayaraq Bəhmənyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi və digərləri ilə bağlı tədqiqatlar aparmışdır. Qədim dövrdən başlayaraq XIX əsrə qədər Azərbaycan fəlsəfi və ictimai siyasi fikir tarixi haqqında böyük maraq doğuran həmin qısa icmalda Heydər Hüseynov orta əsr Azərbaycan şairlərindən, xüsusən Nizami Gəncəvinin ictimai və fəlsəfi fıkirlərini məharətlə araşdırır. Onun Mahmud Şəbüstəri haqqında söylədikləri də müasir oxucuda böyük maraq doğurur. Nəimi, Nəsimi, Xətaİ və başqa Azərbaycan şairlərinin ictimai-siyasi və fəlsəfi görüşlərinin qısa icmalını verən Heydər Hüseynov XVI yüzillikdə Azərbaycan fəlsəfi fikrinin inkişafı tarixində Məhəmməd Füzulinin xüsusi yer tutduğunu vurğulayır [20, s.6].
        H.Hüseynov əsərdə ayrı-ayrı azərbaycanlı mütəfəkkirlərin fəlsəfi görüşlərilə yanaşı, onların cəmiyyət, ictimai münasibətlər, təbəqələr və təbəqələşmə məsələləri və s. ilə bağlı sosioloji əsaslarını da təqdim etmişdir.
        1951-1953-cü illərdə Tarix və Fəlsəfə İnstitutun Fəlsəfə şöbəsində “Azərbaycanda ictimai-siyasi və fəlsəfi fikir tarixi” adı altında kitabın nəşr edilməsi nəzərdə tutulmuşdu. Dövrün görkəmli alimləri bu mövzunun müxtəlif dövrlərlə bağlı ayrı-ayrı hissələrini yerinə yetirirdilər.
        XX əsrin 50-ci illərində Fəlsəfə İnstitutunda Azərbaycanın görkəmli mütəfəkkirləri M.M.Qasımov A.Bakıxanov,  M.F.Axundov  və Q.Zərdabinin, T.H.Həsənov Seyid Əzim Şirvaninin, A.O.Makovelski Nizami Gəncəvinin, Ş.Ş.Mirzəyeva Cəlil Məmmədquluzadənin, A.K.Zakuyev Məhəmməd Füzulinin, A.A. Bakıxanovun,  A.A.Seyidzadə M.Ş.Vazehin,  S.Piriyev M.Ə.Sabirin T. Sultanov Xaqani Şirvaninin, Z.Quluzadə Nəsiminin və digər Azərbaycan mütəfəkkirlərinin ictimai-siyasi və fəlsəfi görüşlərini araşdırırdılar [7, s.93].
        1953-cü ildə A.O.Makоvelski “Qədim dövrlərdən XI əsrədək Azərbaycanda fəlsəfi və ictimai fikir tarixi” mövzusunda iş yazmışdı [8, s.1].
        XX əsrin 50-ci illərində Fəlsəfə İnstitutunda əsasən orta əsrlər və yeni dövrdə Azərbaycanda ictimai münasibətlərin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar fəlsəfi və siyasi fikir tarixinin inkişafı ilə bağlı və ayrılmaz şəkildə təqdim edilirdi. A.A.Seyidzadə 1953-cü ildə “XII əsrdə Azərbaycanda ictimai-siyasi və fəlsəfi fikir tarixinə dair” 105 səhifəlik, 1954-cü ildə isə  “XIV əsrdə Azərbaycanda ictimai-siyasi və fəlsəfi fikir tarixinə dair” 43 səhifəlik elmi iş yazmışdı [9, s.23]. 
        1953-cü ildə M.M. Qasımov “XIX əsrdə Azərbaycanda ictimai-siyasi və fəlsəfi fikir tarixinə dair” 103 səhifəlik elmi iş təqdim etmişdi [10, s.5].  
        1954-cü ildə professor A.O.Makоvelskinin rəhbərliyi ilə Fəlsəfə İnstitutunun aspirantı A.Cudi “İranda müasir mürtəce ideologiyanın tənqidi” mövzusunda elmi araşdırma təqdim etmişdi. Burada İranda İslam ideologiyası hakim siniflərin kasıbları istismar etmək üçün vasitə olaraq istifadə edilməsi, dinin anqlo-amerikan imperializminə xidmətə yönəldilməsi, həmçinin müsəlman ölkələrinin ittifaqının panislamizmin yeni forması kimi təzahür etməsi məsələləri şərh edilirdi [11, s.75] .
        Həmin vaxtlarda aspirant Ə.Əliyev “Sovet adamlarının kommunist tərbiyəsində sosialist əməyinin rolu” adlı dissertasiya mövzusu üzərində işləyirdi və burada əməyin xarakterinin dəyişməsi, yeni tip insanın – sovet adamının formalaşması, sosializmdən kommunizmə keçid və bu prosesdə zəhmətkeş kütlələrin kommunist tərbiyəsi məsələləri araşdırılırdı [12, s.76]. Bu mövzunun əməyin sosiologiyası ilə bağlı bir istiqamət olduğunu qeyd etmək vacibdir.
        Bu dövrdə ideoloji məsələlərin araşdırılması Fəlsəfə İnstitutunun əsas tədqiqat istiqamətlərindən olmuşdur. Belə ki, millətçilik, onun sosial kökləri və təbiəti, sovet ideologiyasının burjua ideologiyasına qarşı qoyulması elmi işlərin əsas mövzu istiqamətləri olaraq müəyyənləşdirilmişdir.  Hətta elmə “sosialist milləti” termini gətirilmişdir və sosialist millətinin formalaşmasında sosial təzahür kimi dil amili xüsusi araşdırma mövzusu olmuşdur. Bu dövr sovet cəmiyyətinin müxtəlif istiqamətlərdən öyrənilməsi ilə bağlı aparılan tədqiqatlarda V.Lenin və İ.Stalinin əsərləri əsas mənbə kimi bu və ya digər sosial təzahürün təhlili ilə bağlı geniş şəkildə istifadə edilmişdir [13, s.347, 349].
        M.M.Qasımov “XIX əsrdə Rusiyaqa aparıcı ideyaların Azərbaycanda ictimai fikrin formalaşmasına təsiri”, A.O.Makovelski “A.İ.Radişevin ictimai-siyasi və fəlsəfi baxışları”, A.Şakirzadə “İ.V.Stalin sosializmdən kommunizmə tədrici keçid haqqında”,  “Marksizm-leninizm tarixdə xalq kütlələrinin rolu haqqında”,  Ə.Nəcəfov “Stalinin xalqlar dostluğu sosialist cəmiyyətinin hərəkətverici qüvvəsi kimi” mövzusunda araşdırmalar aparırdılar.
            A.A.Tropkova “Sovet cəmiyyətində ziddiyyətlərin xarakteri və onların dəf edilməsi yolları” haqqındakı monoqrafiyada keçid dövrü, antaqonist və qeyri-antoqonist ziddiyyətlər, əmək və kapital arasında ziddiyyətlər, istehsal qüvvələri və münasibətlərində ziddiyyətlər, ideoloji ziddiyyətlər, sovet cəmiyyətində tələbatlar və inkişaf, xalq təsərrüfatında yeni və köhnə arasında mübarizə, sosialist cəmiyyətində ziddiyyətlər və digər məsələləri tədqiq etmişdi [14, s.12, 13, 27, 28].
            SSRİ xalqlarının və sovet cəmiyyətinin inkişafında danışıq dilinin rolu və zənginləşdirilməsi, həmçinin ayrı-ayrı millətilərin ümumi ünsiyyət vasitəsi kimi, o cümlədən elm, texnika, siyasət və hərbi işdə, incəsənət və mədəniyyət sahəsində  rus dilinin rolu məsələlərinin araşdırılması sosiolinqvistika istiqamətində aparılan ilk tədqiqatlar  kimi qəbul edilə bilər.
            Bu dövrdə müxtəlif müəlliflər sovet cəmiyyəti və sosialist millətlərinin mahiyyəti və inkişafı ilə bağlı araşdırmalar aparırdılar. Bu zaman xalqların dostluğu və sovet patriotizmi sovet cəmiyyəti və sosialist millətlərinin formalaşdırılmasının və inkişafının aparıcı faktoru kimi müəyyənləşdirilirdi.
             Milli məsələlərin həlli və xalq demokratiyasının bərqərar olması ilə bağlı SSRİ-nin təcrübəsi nümunə kimi əsaslandırılırdı. Millətlərin hüquqlarının təmin edilməsi, onların azad inkişafına şərait yaradılması imperialist ölkələrində milli zülmün ləğv edilməsi şərti kimi müəyyənləşdirilirdi. Bu dövr araşdırmalarında milli ayrıseçkiliyin ləğvi, millətçilik və kosmopolitizmə qarşı mübarizə, SSRİ-nin təcrübəsinin Çin Xalq Respublikasında tətbiqi və s. məsələlər araşdırılırdı [15, s.350-357]. Bu istiqamətdə aparılan tədqiqatları etnik sosiologiya istiqamətinin əsasları kimi qəbul etmək olar.
            Bu dövrdə Fəlsəfə İnstitutunda Ş.M.Xasiyevin “Sosializmdə şəxsi və ictimai olan” mövzusunda yazdığı dissertasiya işində şəxsi və ictimai maraqlar, sovet cəmiyyətində fəhlə, kəndli və ziyalı təbəqələri, şəxsi və ictimai münasibətlərin əsasları və s. məsələlər araşdırılırdı [16, s.347, 348].  Bu tip araşdırmalar yeni tipli sovet cəmiyyətində sosial stratifikasiyanın təhlili baxımından bu günümüz üçün də çox gərəklidir.
        1953-cü ildə A.Y.Nəcəfov “Azərbaycan sosialist millətinin formalaşması və inkişafı” mövzusunda dissertasiya üzərində çalışırdı. M.M.Qasımov “M.F.Axundovun dünyagörüşü” problemini işləmişdi [17, s.167].
        A.O.Makovelskinin araşdırdığı mənbələrdən biri də Avesta idi. O, “Avestada cəmiyyətin iqtisadi mənşəyi və ictimai quruluşu” mövzusunu işləmişdi və bu mövzuda 1957-ci ildə Daşkənddə keçirilən Şərqşünasların Qurultayında məruzə etmişdi.
         1957-ci ildə plan işlərinin təsdiqi və çap edilən məqalələrlə bağlı Fəlsəfə İnstitutunun “Dialektik və tarixi materializm”, həmçinin “Fəlsəfə tarixi” şöbələrinin birgə keçirilmiş iclaslarında Azərbaycanda sosiologiya elminin inkişafının əsasları kimi qəbul ediləcək mövzular qoyulurdu.
          Bu dövrdə baş elmi işçi Ə.Ə.Səidzadə “XVIII əsr Azərbaycanın ictimai-siyasi və fəlsəfi ictimai tarixindən”, baş elmi işçi Ə.S.Şakirzadə “Tarixi materializm anlayışı və cəmiyyətin inkişafında xalq kütlələrinin rolu”, baş elmi işçi A.Nəcəfov “Sosializm millətlərinin kommunizm quruculuğu uğrunda mübarizədə əməkdaşlığı” və s. mövzular tədqiq edirdilər. Qeyd edilməlidir ki, bu mövzular dövrü baxımından aktuallıq kəsb etməklə yanaşı, bu gün həmin dövrün araşdırılması baxımından da əhəmiyyət kəsb edir. Bu gün də ictimai tarix, yaxud tarixin sosiologiyası, cəmiyyətin inkişafında kütlələrin rolu, milli əməkdaşlıq və digər məsələlər sosiologiyanın aparıcı tədqiqat mövzularındandır.
        Azərbaycanda sosiologiya elminin inkişafında əvəzsiz xidmətləri olan C.Əhmədli 1957-ci ildə “Sosializmdə zərurətin azadlığa çevrilməsi” mövzusunda araşdırma aparmışdır. Fəlsəfə elmləri namizədi Tropkov məqalənin elmi redaktoru təyin edilmişdir [18, s.3, 19, 20, 48].
            Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə bölməsinin 1961-ci il üçün olan hesabatında qeyd edilir ki, bölmənin əsas tədqiqat istiqamətləri sırasında SSRİ-də və bilavasitə Azərbaycanda sosialist cəmiyyəti quruculuğu, sovet cəmiyyətinin ideoloji əsasları kimi marksizm-leninizm fəlsəfəsi, həmçinin sosial reallığın konkret sosioloji tədqiqatlarla araşdırılması məsələlərinin olduğu göstərilirdi. Burada sinifləşmə, yaxud fəhlə və kolxozçu siniflərinin sosial mədəni inkişafı, asudə vaxtlarının təşkili və s. ilə bağlı məsələlər də sosioloji araşdırmaların əsası olaraq qəbul edilə bilər. Sənəddə qeyd edilir ki, sosialist gerçəkliyinin konkret sosioloji tədqiqi 1960-cı ildə başlanmışdır və davam etdirilir. Bu əsasda fəhlə sinfinin və kolxoz kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi, respublikanın ayrı-ayrı rayonlarında dini gerilik məsələləri araşdırılmışdır. Burada o da qeyd edilir ki, “Dialektik və tarixi materializm” şöbəsində sosializm və kommunizm quruculuğu, həmçinin sosializmin kommunizmə yüksəlişi qanunauyğunluqları işlənilir. Ümumiyyətlə, 1961-ci ildə Fəlsəfə bölməsinin araşdırdığı 3 əsas problemdən biri sosialist cəmiyyətinin inkişaf qanunauyğunluqları ilə bağlı olmuşdur.
          Problemin açılması istiqamətində M.M.Səttarov “Azərbaycan xalqının ateist dünyagörüşünün formalaşması”, A.Nəcəfov “Azərbaycan sosialist mədəniyyəti və keçmiş irs”, T.A.Rəsulov “Kommunizm və şəxsiyyət”, M.A.Rüstəmov “Sosializmdən kommunizmə keçid dövründə Azərbaycanda fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi” məsələləri araşdırılırdı. Bu mövzular “Dinin sosiologiyası”, “Şəxsiyyətin sosiologiyası”, “Mədəniyyətin sosiologiyası” və s. istiqamətlərlə sıx bağlı idi.
        Onu da qeyd etmək lazımdır ki, bölmənin digər şöbələrində aparılan tədqiqatlar müəyyən mənada sosiologiya tarixi ilə bağlı olmuşdur. Məsələn, F.Q.Köçərli “Nəriman Nərimanovun ictimai siyasi və fəlsəfi baxışları”, Z.B.Göyüşov “H.M.Zərdabinin dünyagörüşü” mövzusundakı tədqiqatlarında yaradıcılığını araşdırdıqları mütəfəkkirlərin ictimai, sosial baxışlarını da analiz edirlər [19, s.23-27].
        XX əsrin 60-cı illəri Azərbaycanda sosiologiya elminin əsaslı olaraq inkişafı dövrüdür və sosioloji tədqiqatların aparılmasının genişlənməsilə nəzəri cəlb edir. Bu dövrdə  C.T.Əhmədlinin və V.Ə.Paşayevin «Burjua sosiologiyasının tənqidi» (1968), C.Əhmədlinin və J.Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri nəşr olunmuşdur. Bu əsərlərdə sosioloji biliklər haqda məlumat verilir, sosiologiyanın bir sıra vacib problemləri açıqlanır, cəmiyyətin öyrənilməsi və sosial problemlərin həlli baxımından sosioloji tədqiqatlar aparılmasının zəruruliyi göstərilirdi [21, 3-5]. XX əsrin 60-70-ci illərində əsasən sosial fəlsəfə, etika istiqamətlərində aparılan tədqiqatlarda empirik sosioloji araşdırmalara xüsusi yer verilirdi.
https://sosiologiya-jurnali.az/wp-content/uploads/2021/03/SSPS-jurnali_N-1.pdf

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35