Elm Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev beynəlxalq konfransda iştirak edib

23.04.2021
img

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Rusiya Federasiyasının Penza şəhərində keçirilən “Elmi araşdırmaların nəzəri və praktik inkişafının aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Tədbirdə “Xocalı soyqırımı və beynəlxalq hüquq” mövzusunda məruzə edən Zaur Əliyev Ermənistanın müharibə zamanı beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozduğunu bildirib. O, qeyd edib ki, humanitar hüquqa  əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır və mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır.
“Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3, 33, və 34-cü maddələrini sitat gətirən alim, təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilərin bu prinsiplərə aşkar sayğısızlıq nümayiş etdirdiyini, Ermənistan silahlı qüvvələrinin bu hüquq normalarına məhəl qoymadığını, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atdıqlarını konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Çıxışında, həmçinin 44 günlük müharibə barədə də məlumat verən Z.Əliyev bildirib ki, münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi. “Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində qaldı. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. 44 günlük Qələbə müharibəsi ilə  Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu.  Dünya tarixi həqiqətləri bilməlidir. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu”, – deyə alim fikirini əsaslandırıb.

Azərbaycan barədə vediyi məlumata görə iştirakçılar  Zaur Əliyevə təşəkkürlərini bildiriblər və konfransın sonunda alim təşkilatçılar tərəfindən fəal iştiraka görə xususi diplomla təltif edilib.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35